25 Dekabr 2024, Çərşənbə

(əvvəli qəzetin 16 mart 2018-ci il tarixli sayında)

Son illərdə yeni və müasir bir Naxçıvan qurulmuş, quruculuq və abadlıq işləri muxtar respublikanın paytaxtı ilə yanaşı, ən ucqar kənd­lərini də əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq və abadlıq işləri sənaye sahəsindən sonra inkişaf proqramının əhəmiyyətini əks etdirən mühüm göstəricilərdən biridir. 2000-2005-ci illər muxtar respublikanın tikinti həyatında bənzərsiz binaların, sosial və ictimai obyektlərin, elm, təhsil və mədəniyyət müəssisələrinin tikilməsi, yenidən qurulması və təmiri kimi xarakterizə edilir. 2006-2010-cu illərdə isə muxtar respublika böyük tikinti meydanına çevrilmişdir. Belə ki, 2006-cı ildə 757 obyekt, 2007-ci ildə isə 669 müxtəlif xarakterli obyektlər tikilib, yaxud əsaslı təmir və yenidən­qurmadan sonra istifadəyə verilib. 1996-2010-cu illərdə 52 kənd, 3 qəsəbə mərkəzi tikilmişdir. Muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2011-ci ildə 15, 2012-ci ildə 14, 2013-cü ildə 20, 2014-cü ildə 8, 2015-ci ildə 9 kənd mərkəzi tikilmişdir. 2011-2015-ci illərdə 64 xidmət mərkəzi kənd və qəsəbə sakinlərinin ixtiyarına verilmişdir.

Son illərdə muxtar respublikada aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində Naxçıvan şəhəri, rayon mərkəzləri, qəsəbə və kəndlər göz oxşayır, Şərq və Qərb memarlıq elementlərini özündə birləşdirən sosial obyektlər, inzibati binalar, yaşayış evləri diyara gözəllik verir, bu işi görənlərin əməyi yüksək qiymətləndirilir. Heydər Əliyev Sarayı, Naxçıvan Beynəlxalq Hava Limanı, “Duzdağ” və “Təbriz” mehmanxanaları, Diaqnostika-Müalicə Mərkəzi, Doğum evi, Respublika Xəstəxanası, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin yerləşdiyi korpus, Universitet Konservatoriyası, Elektron kitabxana, Tələbə evi, “Naxçıvan” Universitet şəhərciyi, Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris korpusu, Hüseyn Cavid türbəsi, Nuh Peyğəmbərin türbəsi və yüzlərlə göz­oxşayan sosial obyektlər, inzibati binalar, memarlıq abidələri tikilmiş, yüksək peşəkarlıqla təmir və bərpa edilmişdir. Xan sarayı, Zaviyə mədrəsə binası, Came məscidi, İmamzadə kompleksi, Buzxana, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xanəgah Abidə Kompleksi, Gülüstan türbəsi, Möminə xatın və Yusif Küseyir oğlu türbələri, Xanlıqlar İmamzadəsi, onlarca tarix və mədəniyyət abidəsi bərpa olunmuş, 1200-dən artıq abidə qeydə alınmış, pasportlaşdırılmış və onlar üzərində tədqiqatlar aparılır. Bu gün Naxçıvanda tarixi-memarlıq abidələrində Şərq elementləri ilə müasirlik qovuşur, bu elementlər isə yurdumuza xüsusi yaraşıq verir, onu daha da gözəlləşdirir.
Muxtar respublika əhalisinin rahatlığına və yaşayış şəraitinin yaxşılaşmasına xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, xüsusilə diqqətdə saxlanılmaqdadır. Ötən dövr ərzində muxtar respublikada mövcud kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Bu işlərin davamı kimi 2015-ci ildə Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir. Culfa və Şahbuz şəhərlərinin, Babək qəsəbəsinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanmışdır. 2017-ci ilin yanvar ayının 11-də Naxçıvana gələn Prezident İlham Əliyev Culfa və Şahbuz rayonlarında qurulan bu sistemlərin açılışında iştirak etmişdir. 2003-cü ildə yaradılan Kəhrizlər İdarəsi muxtar respublikada 296 kəhrizi təmir etmiş və əhalinin istifadəsinə vermişdir.
Muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyini qorumuş, əhalinin ərzaq məhsullarına, emal müəssisələrinin isə xammala olan tələbatının ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun təmin olunmasındakı əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmışdır.
Torpaq islahatlarının ilk dəfə ölkə üzrə Naxçıvanda həyata keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi burada digər sahələrlə müqayisədə kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaratmışdır.
Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək üçün əkin sahələrinin strukturunda dəyişikliklər edilmiş, əkin sahələri artırılmışdır. Belə ki, 1991-ci illə müqayisədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25,1 min hektardan 61,4 min hektara çatmış, başqa sözlə, 2,4 dəfə artmış, məhsuldarlığın artırılması hesabına 2015-ci ildə ümumi məhsulun həcmi 13885900 manatdan 402992 min manata çatmış və ya 29 dəfə artmışdır.
Ümumilikdə, 1991-ci illə müqayisədə taxıl istehsalı 3,5 dəfə artaraq 106,3 min tona, kartof istehsalı 112,5 dəfə artaraq 45 min tona, meyvə və giləmeyvə istehsalı 27,7 dəfə artaraq 66,5 min tona, tərəvəz məhsulları istehsalı 17,8 dəfə artaraq 82 min tona, bostan məhsulları istehsalı 34,5 dəfə artaraq 38 min tona çatmışdır.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Daxili bazarda məhsul bolluğunun yaradılmasında, əhalinin keyfiyyətli heyvandarlıq məhsullarına olan tələbatının dolğun şəkildə ödənilməsində bu sahənin inkişaf etdirilməsinin vacibliyi aydındır. Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında heyvanların baş sayının artırılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmişdir. 1996-cı ildə qaramalın sayı 55,5 min baş, qoyun və keçilərin sayı 278,8 min baş olduğu halda, 2017-ci ildə bunlar müvafiq olaraq 109,4 min baş və 662,8 min baş olmuşdur.
Maldarlığın cins tərkibini yaxşılaşdırmaq məqsədilə muxtar respublikaya 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 1313 baş “Holştin-friz” cinsindən olan damazlıq boğaz düyələr gətirilərək lizinq yolu ilə sahibkarlara verilmişdir.
Ötən 25 il ərzində quşçuluq, balıqçılıq, arıçılıq və başqa sahələr də inkişaf etdirilmişdir. Dövlət maliyyə dəstəyi ilə 254 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 104 arıçılıq, 15 balıqçılıq təsərrüfatı yaradılmışdır. 1996-cı ilə nisbətən 2017-ci ildə quşların sayı 6,7 dəfə artırılaraq 153345 başa çatdırılmışdır. Muxtar respublikada arı ailələrinin sayı 71066-ya çatmış, 1424 ton bal istehsal olunmuşdur.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq yerli istehsalın əhatə dairəsi genişləndirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. 2015-ci ildə muxtar respublikada 453364,5 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci illə müqayisədə 11,4 dəfə çoxdur.
Kənd təsərrüfatı sahəsinin inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və təkcə 2015-ci ildə muxtar respublikadan 97 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.

Muxtar respublikanın sosial-­iqtisadi inkişafının sürətlənməsində nəqliyyat və rabitə sahələrinin də xüsusi yeri vardır. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu Naxçıvan Muxtar Respublikasında 190 kilometrdən artıqdır. Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, muxtar respublikanı Azərbaycanla bağlayan dəmir yolu xətti 1992-ci il aprelin 24-də tamamilə kəsilmişdir. Avtomobil yolları ilə də əlaqə pozulmuşdur. Həmin vaxtdan Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitin­də yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılır və inkişaf etdirilir.
Muxtar respublika ərazisi daxilində dəmir yolu ilə yüklərin daşınması həyata keçirilməklə bərabər, İran İslam Respublikası ilə Culfa dəmir yolu vasitəsilə iqtisadi əlaqələr davam etdirilir, yükdaşıma əməliyyatları həyata keçirilir. 2016-cı ilin sonunda isə Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı istifadəyə verildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Pro­qramı” dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadi əlaqələrinin inkişaf etdirilməsində hava nəqliyyatı xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanda ilk hava limanı 1974-cü ildə tikilmişdi. O dövrdə, hava limanı 1800 metrlik uçuş-enmə zolağına malik idi.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olan ulu öndər hava limanının uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüşdü. Bu iş qısa müddətdə həyata keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə verilmişdir.
Ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr edilmiş təntənəli iclasda demişdir: “Artıq Naxçıvanın bütün beynəlxalq standartlara cavab verən hava limanı vardır. Deməliyəm ki, bu hava limanı çox yüksək səviyyədə tikilmişdir. Mən dünyanın bir çox ölkələrində olmuşam və təbii ki, hava limanlarını görmüşəm. Ona görə də deyə bilərəm ki, Naxçıvan hava limanı çox yüksək səviyyədədir və bəlkə də Avropada bir çox hava limanlarından daha keyfiyyətli və gözəldir”.
Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində yeni aerovağzal kompleksi tikilib istifadəyə verilmiş, Naxçıvan hava limanı beynəlxalq status qazanmışdır. Hava limanında yeni inzibati bina, əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə “Şərq Terminalı”, “Qərb Terminalı” istifadəyə verilmişdir.
Muxtar respublikada avtomobil yollarının salınması, körpülərin tikilməsi ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə cəmi 16 kilometr asfalt yol çəkilmişdirsə, 2010-cu ildə bu, 198,6 kilo­metrə çatmışdır. Naxçıvan-­Sədərək, Naxçıvan-Culfa, Naxçıvan-Batabat avtomobil yolları ən yüksək səviyyədə qurulmuşdur. Naxçıvan şəhərətrafı dairəvi yolu, Çeşməbasar-Boyəhməd yolu (57,6 kilometr), Təzəkənd-Çalxanqala-Qıvraq yolu (39,2 kilometr), Hacıvar-Vayxır-Sirab yolu (25,6 kilometr), Şəkər­abad-Nehrəm-Araz yolu (13,2 kilo­metr) öz rahatlığı ilə diqqəti cəlb edir. 2014-cü ildə 73, 2015-ci ildə 82, 2016-cı ildə 62, 2017-ci ildə isə 70,5 kilometr yol salınmışdır.
Ümumiyyətlə, Naxçıvanda 1 beynəlxalq hava limanı, 5 avtovağzal kompleksi, 50 körpü, 791 kilometr uzunluğunda yeni avtomobil yolları çəkilmişdir.
Naxçıvan Muxtar Respublikasının rabitə sisteminin rolu da xeyli artmışdır. 1995-2017-ci illərdə muxtar respublikada rabitənin inkişafı yüksək xətlə getmişdir. 1998-ci ildə Cənubi Koreyanın “DEU Telekom” şirkəti ilə bağlanmış müqaviləyə əsasən muxtar respublikada yaşayış məntəqələri telefonlaşdırılmış və abonentlər birbaşa beynəlxalq telefon rabitə sisteminə çıxma imkanı əldə etmişlər. Telekommunikasiya sistemində aparılan yenidənqurma işləri nəticəsində 35 mindən çox elektrontipli xətt və nömrə, eyni zamanda mobil telefon şəbəkəsi istifadəyə verilmişdir. Muxtar respublika üzrə fərdi kompüterlərin sayı 303 minə çatmış, internetdən istifadə edənlərin sayı 353 mindən çox olmuşdur. Naxçıvanın özünün müstəqil “Naxtel” mobil rabitə sistemi mövcuddur və bunun vasitəsilə muxtar respublika ərazisinin 92 faizi simsiz internetlə təmin olunur. Muxtar respublikada aktiv istifadə olunan mobil telefonların sayı hazırda 460 min ədəddən çoxdur. Muxtar respublikada 4-cü nəsil şəbəkə sistemi istehlakçıların istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında energetika sisteminin özünəməxsus yeri vardır. 1991-1992-ci illərdə yaranmış çətin şəraitə baxmayaraq, blokadada olan muxtar respublikanı elektrik enerjisi ilə təchiz etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyədən 154 kilovatlıq və İrandan 132 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkildi. Əhalini elektrik enerjisi ilə təmin etmək üçün kompleks tədbirlər həyata keçirildi. 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində – Gilançay üzərində gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verildi. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Arpaçay üzərində iki Su Elektrik Stansiyası tikilmişdir. 20,5 meqavat gücündə olan Arpaçay Su Elektrik Stansiyası 2013-cü ilin sentyabrında istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasının açılışında çıxış edərək demişdir: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
2012-ci ildə Arpaçayın aşağı qolu üzərində 1,4 meqavat gücə malik su elektrik stansiyası da istismara verilmişdir.
1991-ci ilədək muxtar respublikada cəmi bir elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, ötən müddət ərzində bu sahədə aparılan məqsədyönlü islahatlar nəticəsində enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 237,4 meqavata çatdırılmışdır.
2017-ci il yanvarın 11-də Naxçıvana səfərə gələn ölkə Prezidenti İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. İnşa ediləcək su elektrik stansiyasının gücü 36 meqavat olacaq. Derivasiyatipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq.
Muxtar respublikada ilk dəfə olaraq 22 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Təkcə 2015-ci ildə 446 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1991-ci ildəki müvafiq göstəricidən 4,8 dəfə çoxdur.
Muxtar respublikaya Ermənistan ərazisi vasitəsilə 1991-ci ildə qaz verilməsi dayandırıldıqdan sonra əhalinin qazla təmin edilməsində problemlər yaranmışdı. Muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün 1992-ci il avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev İran İslam Respublikasında səfərdə olarkən Prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşmüş, muxtar respublikanın qaz tələbatını təmin etmək barədə söhbətlər aparmış və razılıq əldə etmişdi. İran tərəfi Xoy-Culfa qaz kəmərinin tikintisini öz üzərinə götürmüşdü. Kəmərin çəkilişi bir qədər yubandığından İran İslam Respublikası Naxçıvan Muxtar Respublikasına ayda 100 ton maye qaz göndərirdi. 1998-ci ildə maye qazla qazlaşdırılmış mənzillərin sayı 46274-ə çatdırıldı. Prezident cənab İlham Əliyevin bilavasitə himayə və qayğısı nəticəsində 2005-ci ildə İrandan mübadilə yolu ilə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəməri istifadəyə verildi. Qısa müddət ərzində Culfa-Naxçıvan yüksək təzyiqli, Naxçıvan-Cəhri orta təzyiqli magistral, Naxçıvan şəhər orta təzyiqli dairəvi qaz kəmərinin çəkilişi başa çatdırıldı.
2005-ci il dekabrın 20-də İran Prezidenti Mahmud Əhmədinejadın başçılığı ilə nümayəndə heyəti Naxçıvana gəldi. Dekabrın 20-də hər iki ölkənin prezidentləri Naxçıvan Muxtar Respublikasına İran ərazisi ilə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etdilər.
Qısa müddət ərzində Naxçıvan qazlaşdırıldı, Culfa-Ordubad və Şahbuz-Sədərək ötürücü qaz kəmərinin təmiri və bərpası tamamlandı. 2005-ci ildə 6770 mənzilə və 195 fərdi evə qaz çəkildi. 2011-ci ilin əvvəlinədək 220 yaşayış məntəqəsində 78157 mənzil qazlaşdırılmış, abunəçilərə pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır. 2011-ci ilin sonunda isə ən ucqar dağ kəndləri də əhatə olunmaqla muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırıldı, 83633 əhali abonenti və bütün təsərrüfat subyektləri mavi yanacaqla təmin olundu.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər görülmüş, 16541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 10 milyona yaxın ağac və bəzək kolları əkilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 14 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ildə isə bu göstərici 0,6 faiz həddində olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən tədbirlər əhalinin sosial problemlərinin həllinə kömək etmişdir. Əhalinin işlə təminatı sahəsində əməli addımlar atılmağa başlanılmış, sənaye müəssisələrinin bərpası sayəsində minlərlə yeni iş yerləri açılmışdır. Əhalinin pul gəlirləri, işçilərin orta aylıq əməkhaqqı və müavinətlər durmadan artmışdır. 2015-ci ildə orta aylıq əməkhaqqının məbləği 399,5 manata çatmışdır. 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində idi. 1996-2017-ci illərdə muxtar respublikada 85861 yeni iş yeri açılmışdır ki, bunun da 59090-ı və ya 68,8 faizi daimi iş yerləridir.
Muxtar respublika sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, içməli su ilə təchizatı məsələsinə də xüsusi əhəmiyyət verilmişdir. Bu illərdə muxtar respublikanın əhalisi 75 min nəfər artmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının əhalisi 452,6 min nəfərdir.
Muxtar respublika əhalisinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 57,2 dəfə artmışdır. Əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Əhalinin banklardakı əmanətlərinin həcmi də artmışdır. 2017-ci ilin əvvəlinə muxtar respublikanın ərazisində fəaliyyət göstərən bank strukturlarında 8571,8 min manat həcmində əhali əmanəti mövcud olmuşdur ki, bu da bir il öncəki göstəricidən 26,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasının, onun şəhər, qəsəbə və kəndlərinin böyük əksəriyyətinin su sistemi tamamilə yenidən qurulmuş, əsaslı təmir işləri görülmüşdür. Şərur-­Naxçıvan su kəməri bərpa edilmiş, Naxçıvan şəhərinə yeni su xətti çəkilmiş, Ordubad şəhərinin su xətti bərpa edilmişdir. 1993-2001-ci illərdə rayonlarda 32 su nasos stansiyası tikilmiş, çoxlu sayda subartezian quyuları qazılmışdır. Əhalinin içməli və suvarma suyuna tələbatını ödəmək üçün son illərdə 148 nasos stansiyası qurulmuş, 331 subartezian quyusu qazılmışdır. 2000-2005-ci illərdə Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarının 18 kəndinə su xətləri çəkilmiş, kəhrizlər bərpa edilmişdir. 2009-cu il ərzində 14 nasos stansiyası, 22 subartezian quyusu və 22 kəhriz istifadəyə verilmişdir. Naxçıvan şəhərində su ­anbarı və sutəmizləyici qurğular kompleksi istifadəyə verilmiş, 2015-ci ilin əvvəlində Naxçıvan şəhərində 214 kilometr məsafədə kanalizasiya və 224,4 kilometr məsafədə içməli su xətləri çəkilmişdir. Ümumiyyətlə, 542 kilometr məsafədə içməli su və 331 kilometr məsafədə kanalizasiya xətləri çəkilmişdir.
Muxtar respublikada pensiyaçı və müharibə əlillərinin, şəhid və aztəminatlı ailələrin sosial müdafiəsinə diqqət xeyli artırılmışdır. 2000-ci ildə muxtar respublikada 52254 pensiyaçı var idi. Onlar hər cür diqqət və qayğı ilə əhatə olunmuş, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara da qayğı göstərilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də müharibə veteranlarından 50 nəfərinə avtomobil, 152 nəfərə isə müxtəlif sanatoriya və pansionatlara göndəriş verilmişdir. 2009-cu ildə ailələrə 3447 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,7 faizini təşkil etmişdir.

(ardı var)
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
“Xalq qəzeti”, 14 mart 2018-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR