Culfa Rayon İcra Hakimiyyətində dini bayramların, ayinlərin və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi ilə bağlı müşavirə olub. Tədbiri İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq çıxış edib.
Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə xalqımızın multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində məqsədyönlü siyasət həyata keçirildi, dövlət-din münasibətlərində yeni bir mərhələ başlandı. Multikulturalizmin cəmiyyətlər arasında münasibətlərdəki önəmini nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyev 2014-cü ilin may ayında dünyada ilk olaraq ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Həmçinin Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.
Təsadüfi deyil ki, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də insan hüquq və azadlıqlarına hörmətlə yanaşılan, tolerant və multikultural ölkə kimi tanınır. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycanın müsəlman dünyasının layiqli bir üzvü kimi beynəlxalq aləmin diqqət mərkəzində olmasından irəli gəlir.