Ölkəmizin dilbər guşələrindən biri olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından artıq 25 il ötür. 1988-ci ildən 1993-cü il oktyabrın 29-dək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz oldu.
Bu yurd yeri Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malik idi. Rayonu işğal edən ermənilər qədim diyarımız Naxçıvanla ana torpağımız arasında məsafəni daha da artırmış oldular. Yəni Zəngilanın işğalı da Naxçıvan Muxtar Respublikasının blokadaya salınması, onun ana torpaqla əlaqələrinin kəsilməsi istiqamətində aparılan məkrli siyasətin tərkib hissəsi idi.
Düşmən hiyləsinin baş tutmasında AXC-Müsavat iqtidarının yarıtmaz əməlləri və onlara məxsus pərakəndə silahlı dəstələrin xəyanətkar hərəkətləri də az rol oynamadı. Belə ki, təxribatlar nəticəsində ermənilər 1992-ci ilin dekabrında Zəngilan rayonunun əhatəsində olan əsas strateji məntəqələrimizi ələ keçirdilər. Kiçik qruplarla mübarizə aparan və rayonun könüllülərindən təşkil olunmuş özünümüdafiə dəstələri düşmənin ağır texnika və çoxsaylı canlı qüvvəsinə qarşı mərdliklə vuruşsalar da, qüvvələr qeyri-bərabər olduğu üçün geri çəkilmək məcburiyyətində qalırdılar. Naxçıvanı tam blokada vəziyyətinə salmaqla təkləmək, onu işğal etmək arzusu ilə alışıb-yanan Ermənistanın hərbi-siyasi rəhbərliyi, demək olar ki, bütün hərbi gücünü bu rayonun işğalına yönəltmişdi. Hərbi təyyarələr belə, hücumda iştirak edir və rayonun mərkəzini bombalayırdılar. Ciddi müqavimətə baxmayaraq, vəziyyət daha da çətinləşirdi. Çünki düşmən döyüşə əlavə qüvvələr cəlb edir, təzyiqi artırırdı. Dörd gün ərzində, əsasən, Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücuma keçməklə qüvvələrimizi bu istiqamətə cəlb edən ermənilər beşinci gün – oktyabrın 27-də səhər Cəbrayıl-Qubadlı istiqamətindən cəbhəni yararaq rayonu mühasirəyə aldılar. Mehri istiqamətində hərəkət edən düşmən yüksəklikləri ələ keçirib Vejnəli və Ağbənd kəndlərini işğal etdi. Qafan istiqamətində hərəkət edən ermənilər Bürünlü, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar. Qubadlının işğal olunmuş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbis kəndləri və Ağbis yüksəkliklərini ələ keçirdilər. Sığırt və Bartaz yüksəklikləri tutulduqdan sonra Zəngilan faktiki olaraq işğal edildi.