“Şərq qapısı” qəzetinə müsahibə verən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, Naxçıvan gəncləri daim çox fəal olublar. Tədbirlər, o cümlədən müxtəlif layihələrlə bağlı həm Gənclər və İdman Nazirliyinə, həm də gənclər təşkilatlarına onlardan çox sayda təkliflər daxil olub, ideyalar irəli sürülüb.
“Məlum olduğu kimi, 3 ildən bir keçirilən ümumrespublika gənclər forumuna hazırlıq işləri görülür. Bununla əlaqədar oktyabrın 24-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında muxtar respublikanın 7 rayonunun, həmçinin Naxçıvan şəhərinin fəal gənclərinin iştirakı ilə tədbir keçirildi, Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçildi”, – deyən Azad Rəhimov qeyd edib ki, forum Bakıda, “Kristal-holl”da keçiriləcəkdir. O vurğulayıb ki, Azərbaycan gənclərinin ən böyük, ən ali tədbirini fərqli bir formatda, fərqli bir şəkildə keçirmək niyyətindəyik.
Nazir diqqətə çatdırıb ki, Bakıda keçiriləcək gənclərin növbəti forumu həm də gənclər siyasəti, gənclərlə iş sahəsində görülən işlərin hesabatıdır. Belə ki, ölkəmizdə gənclərlə bağlı sosial, iqtisadi və digər məsələlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar, dövlət proqramları qəbul edilib. Həmin sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Bakıda keçiriləcək forumda da Azərbaycan gəncliyinin inkişafına yönəlmiş dövlət proqramının icrası ilə bağlı hesabatlar dinləniləcəkdir.
Xəbərlər şöbəsi