Naxçıvan Dövlət Universitetində 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb.
Bildirilib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə qalanda məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olub, ictimai-siyasi, sosial-iqtjisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanılıb. Ulu öndərin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən bəhs edən rektor Dövlət Müstəqilliyi Günü münasibətilə müəllim və tələbələri təbrik edib.
Türkiyə Cümhuriyyətinin Ankara şəhərindəki Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu, Çankırı Karatekin Universitetinin prorektoru Kamil Arı hər iki ölkə arasında qardaşlığı yüksək qiymətləndirərək “Bir millət, iki dövlət” olduqlarının müasir dövlətlərarası siyasi münasibətlərdə dolğun reallaşdığını dilə gətiriblər.
Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Murad Muradov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışıb, onlara göstərdiyi qayğıdan söhbət açıb.
Sonra müstəqillik tariximizi özündə əks etdirən film nümayiş olunub, konsert proqramı təqdim edilib.
Tədbirdən sonra Çankırı Karatekin Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrə dair ikitərəfli görüş keçirilib. Görüşdə universitetlərarası müqavilə imzalanıb.
Səadət ƏLİYEVA