“Azerfon” şirkəti korporativ sosial məsuliyyət strategiyası çərçivəsində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün təqaüd proqramı həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə təşkil olunan layihənin nəticələrinə əsasən dərslərində fəallıq göstərən 5 tələbə müəyyən edilib. Onlar tədris ilinin sonunadək aylıq 200 manat məbləğində təqaüdlə təmin olunacaqlar.
Rabitə və Yeni Texnologiyalar Nazirliyində bu münasibətlə təşkil olunan tədbiri nazir Rövşən Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamla müvafiq ixtisaslar Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Sərəncamın icrasına uyğun olaraq həmin tələbələrlə mütəmadi görüşlər keçirilir, ixtisaslarına dərindən yiyələnmələri üçün lazımi addımlar atılır. Təşkil olunan tədbir də məhz bu istiqamətdə görülən işlərin davamıdır.
Qeyd olunub ki, müasir dövrdə informasiya texnologiyaları həyatın bütün sahələrini əhatə edir və bu gün muxtar respublikada heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda çox, həm də keyfiyyətli nəticə əldə etmək üçün bu sahənin inkişafı və daim yenilənməsi vacib məsələdir. Sözügedən inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Keçirilən bu tədbir də məhz informasiya texnologiyaları sahəsi üzrə təhsilin səviyyəsinin artırılması və yüksəkixtisaslı kadrların hazırlanması işinin stimullaşdırılması məqsədi daşıyır.
Tədbirdə “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əziz Axundov çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, sosial layihənin müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Tələbələr adından Aytən Seyidova və Allahqulu Qəmbərov layihənin təşkilatçılarına minnətdarlıq edib, yaradılan imkanlardan səmərəli istifadə edəcəklərini diqqətə çatdırıblar.
Sonra tələbələrə aylıq təqaüd və qiymətli hədiyyələr təqdim edilib.
Nail Əsgərov