24 Dekabr 2024, Çərşənbə axşamı

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ­kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına da səbəb olub. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1,5 milyondan çox insanın internet vasitəsilə törədilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard dollardan artıq təşkil etdiyi bildirilir.

Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə, adətən, maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir. Cinayətkarlar bank saytı və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi görünən saxta veb-saytlar yaradır. Sonra istifadəçiləri bu sayta giriş etməyə sövq edirlər ki, istifadəçilər bu saytda login, parol və ya PIN kod kimi konfidensial məlumatlarını yazsınlar.

“Fişinq”dən qorunmağın bir sıra yolları mövcuddur. İlk olaraq internet istifadəçisi diqqətli olmalıdır, çünki fişinq üçün istifadə olunan linklər həqiqi linklərə çox oxşayır amma diqqətlə baxdıqda linklərdəki fərqi görmək olar. “Fişinq”dən qorunmaq üçün müasir antiviruslardan istifadə etmək və antivirusların bazasını daim yeniləmək lazımdır. Belə ki, hər yenilənmə zamanı bazada qara siyahıya daxil olunmuş “fişinq” xarakterli link və saytların siyahısı olur və siz bu linklərə keçid etdikdə antivirus “fişinq” haqqında xəbərdarlıq edir. Digər yol müasir brauzerlərdən istifadə etməkdir. Müasir brauzerlərin sonuncu versiyalarında fişinqə qarşı tədbirlər var ki, bu, əsas şübhəli saytlara birbaşa keçidləri blok edir.
Bu gün bu kimi kibercinayətlərdən mühafizə və internet təhlükəsizliyinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi maarifləndirmə tədbirləri aparılır. Belə ki, hər bir istifadəçi təhlükəsizliyi tam mənada başa düşməli, risklərin müxtəlif tiplərini tanımalı və məlumatlarını onlardan necə qorumalı olduğunu bilməlidir. Bundan başqa, istifadəçi əsas təhlükəsizlik qaydalarını bilməli və onlara əməl etməlidir. Bu qaydaları aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Mürəkkəb parollardan istifadə etməli;
2. Müntəzəm olaraq vacib verilənlərin ehtiyat surətlərini çıxarmalı;
3. Antivirus proqram təminatından istifadə etməli;
4. Şəxsi kompüterlə internet arasında sipər kimi təhlükəsizlik ekran adlanan vasitələrdən istifadə etməli;
5. İstifadə edilməyən kompüterləri internetә qoşulu saxlamamalı;
6. Naməlum şəxslərdən gələn ­e-poçt qoşmalarını açmamalı;
7. Mühafizə sisteminin daim yenilənməsini təmin etməli.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları yüksək inkişaf mərhələsindədir. Belə ki, muxtar respublikada internet və yeni texnologiyalara geniş üstünlük verilir. Muxtar respublika əhalisinin əksəriyyətinin internet istifadəçiləri olması bu istiqamətdə aparılan işlərin yüksək səviyyəsinin göstəricisidir. Hazırda muxtar respublikanın telekommunikasiya sisteminin 84 faizini “NGN” texnologiyasına əsaslanan yeni nəsil telekommunikasiya sistemləri təşkil edir. Muxtar respublikada mobil rabitənin təkmilləşdirilməsi məqsədilə 4-cü nəsil LTE mobil şəbəkəsi yaradılmışdır. “Evədək optika“ layihəsi uğurla davam etdirilir. Muxtar respublikada yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində simsiz internet xidmətləri göstərilir. Bu cür geniş şəbəkə həm dövlət qurumları, həm də özəl qurumların kiber­təhlükəsizliyi məsələsini də aktuallaşdırır. Belə ki, tərəfimizdən informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və quraşdırılmış proqram təminatının təhlükəsizliyini təmin etmək məqsədilə təhlillərin aparılması və istifadəçilərin maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda muxtar respublika ərazisində mövcud televiziya və radio yayımlarının fəaliyyətinə maneə törədən siqnalların müəyyən olunması, araşdırılması və həmin maneələrə qarşı müvafiq tədbirlərin görülməsi əsas vəzifələrimizdən biridir.
Bu məqsədlə muxtar respublikada istifadəçilərin internetdən təhlükəsiz istifadəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Buna misal olaraq DATA mərkəzlərinin yaradılması və veb-serverlərə lazımi proqram təminatının quraşdırılmasını göstərmək olar. Həmçinin muxtar respublikadakı kompüter istifadəçilərinin internetə qoşularkən İP ünvanlarının viruslara yoluxmasının qarşısını almaq üçün DATA mərkəzlərində və dövlət təşkilatlarının veb-serverlərində antivirus proqramları quraşdırılmış və bazaları mütəmadi yenilənmişdir. Baş verə biləcək elektron təhlükələrdən qorunmaq üçün tətbiq olunan texnoloji yeniliklər, yeni yaranan elektron təhlükələr və onların reallaşdırılması üsulları və vasitələri barədə təhlillər aparılır.
Bundan başqa, qeyd etmək lazımdır ki, muxtar respublikada dövlət təşkilatlarının rəsmi veb-səhifələri vardır. Muxtar respublikada “Elektron hökumət” portalı yaradılıb və dövlət təşkilatları bu portal vasitəsilə öz xidmətlərini ictimaiyyətə təqdim edirlər.
“Elektron hökumət” portalına qoşulan hər bir istifadəçiyə təhlükəsiz sənəd mübadiləsini həyata keçirmək məqsədilə elektron imza kartları təklif olunur. Bütün bunları nəzərə alaraq qeyd olunan təhlükəsizlik standartlarının muxtar respublikada tətbiqi əsas şərtlərdən biridir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu sahədə daimi işlər aparır, texnologiyaların tətbiqində informasiya təhlükəsizliyinə geniş yer verilir. Nazirlik tərəfindən muxtar respublikada yaradılan elektron vasitələrin təhlükəsizliyi təmin olunur. Bu sahədə daimi inkişaf, yeniliklərin izlənməsi və tətbiqi qarşıda duran əsas vəzifələrdən biridir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR