24 Dekabr 2024, Çərşənbə axşamı

Öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yüksək qiymətləndirilən Naxçıvan balının və arıçılıq məhsullarının tanıdılmasına muxtar respublikada böyük diqqət göstərilir. Artıq ənənə halını alan festivalların keçirilməsi bu qiymətli ərzaq məhsulunun təqdimi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. 

 “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən üçüncü “Arıçılıq məhsulları – bal festivalı” da bu tədbirlərin davamı kimi yaddaqalan oldu. Festivalın yekununda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqənin nəticələri elan edilib. Müsabiqədə I yerə Ordubad rayonunun Ələhi kəndindən olan arıçı Yaşar Həbibov, Şahbuz rayonunun Şahbuz şəhərindən Allahverdi Allahverdiyev, Babək rayonunun Babək qəsəbəsindən Hüseyn Orucov, II yerə Şərur rayonunun Günnüt kəndindən Fikrət Məmmədov, Naxçıvan şəhərinin 54-cü məhəlləsindən İmran Məmmədov, Culfa rayonunun Kırna kəndindən Həsən Məmmədov, III yerə Culfa rayonunun Kırna kəndindən Fəxrəddin Vəliyev, Kəngərli rayonunun Təzəkəndindən Habil Abbasov, Sədərək rayonunun Sədərək kəndindən Mahir Əliyev layiq görülüblər.

Qaliblərə diplomlar təqdim olunub.
Birinci yerə layiq görülmüş Allahverdi Allahverdiyev sevincini bizimlə bölüşdü:
– Əvvəlcə onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlirgətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Bu təsərrüfatın yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir. Keçirilən festivallar dad-tamı ilə seçilən Naxçıvan balının tanıdılmasında mühüm rol oynayır. 90 arı ailəsinə qulluq edirəm. Bu gün buraya 100 kiloqram bal gətirmişəm, artıq 30 kiloqramı satılıb. Yaradılan şəraitə görə dövlətimizə minnətdaram.
Müsabiqədə ikinci yerə layiq görülən Şərur rayonunun Günnüt kənd sakini Fikrət Məmmədovla da həmsöhbət olduq. Onun ­dediklərindən:
– Artıq 18 ildir ki, arıçılıqla məşğulam, 80 arı ailəsinə qulluq edirəm. Onu da deyim ki, doğma kəndim Günnüt işğaldan azad ediləndən sonra arı ailələrini buraya köçürmüşük. Günnütün münbit torpaqlarında bitən güllərdən, müxtəlif otların, dərman bitkilərinin çiçəklərindən toplanan bal daha keyfiyyətli və dadlıdır.
Digər bir müsahibim Kəngərli rayonunun Təzəkənd sakini, müsabiqədə üçüncü yerə layiq görülən Habil Abbasovdur:
– Balı hasilə gətirən arılar təbiətin ən zəhmətkeş məxluqlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir, qarşılığında isə çəkdiyin zəhmət hədər getmir. Bu il də yaxşı məhsula sahib olmuşam. Bu festivalın təşkil edilməsi isə həmin məhsulu satmağa yaradılan şərait kimi məni də sevindirir. Bunun üçün təşkilatçılara minnətdarlığımı bildirirəm.
Sədərək rayonunun Sədərək kənd sakini Mahir Əliyev balın faydalarından danışaraq deyir:
– Dünya şöhrətli təbib İbn Sina deyib ki, əgər uzun ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Əlbəttə, baldan istifadə kortəbii olmamalıdır. Arıçı bildirir ki, festivala gətirdiyi balın hamısı satılıb. Belə festivalların keçirilməsi torpaq adamlarının arıçılığa marağını xeyli artırıb.
Festivalda Gürcüstan Respublikasının Batumi şəhərindən qədim diyarımıza qonaq gələn Salaman Konçalidze ilə də görüşdük. Onun dedikləri:
– Bu, Naxçıvana ikinci səfərimdir. Bu gün burada olduğum, şan-şöhrətini tez-tez eşitdiyim Naxçıvan balının dadına baxdığım üçün çox məmnunam. Yüksək təşkilatçılıq, məhsulların çeşid çoxluğu, ən əsası isə qonaqpərvərlik mənə öz doğma vətənimi xatırlatdı. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olmaq imkanı əldə etdim. Festivalların keçirilməsi üçün belə bir məkanın seçilməsi çox gözəldir.
Qeyd edək ki, festivalda 6426 kiloqram bal satılıb, baldan hazırlanmış müxtəlif məhsulların da satışı həyata keçirilib.
Həm festivalda iştirak edənlərin çoxluğu və burada nümayiş etdirilən məhsulların çeşidliliyi, həm də festivalda yerli əhali və xarici qonaqların çoxluğu, buradakı qələbəlik onu göstərirdi ki, belə festivallara maraq böyükdür.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR