Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Əzizağa Məmmədov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Elvin Şirinov Vətənə şərəflə xidmət edəcəklərinə, Azərbaycan əsgəri adını ləyaqətlə qoruyacaqlarına söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 sentyabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublikamızda çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanıb.
Xidmət rəisi qeyd edib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz var. Ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməsinə imkan verir. Eyni zamanda hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə də böyük ruh yüksəkliyi yaradır.
Xidmət rəisi hərbi xidmətə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Xəbərlər şöbəsi