23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə 2019-cu il yanvar ayının 7-dən start verilib. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib ki, bu da son illərdə qeydə alınmış ən yüksək göstəricidir. Sənəd təqdim edənlərdən 344 nəfəri kişi, 239 nəfəri isə qadındır, həmin şəxslərin 81,6 faizini gənclər təşkil edir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 nəfər), Turizm Departamenti ( 69 nəfər), Mədəniyyət Nazirliyi (58 nəfər), Dövlət Statistika Komitəsi (57 nəfər), Təhsil Nazirliyi (53 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (46 nəfər) üstünlük təşkil edir.
Test imtahanlarında müvafiq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilir. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanların nəticələri komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları 21 yanvar 2019-cu il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

Ötən ili Naxçıvanın uğur ili adlandırsaq, heç də yanılmarıq. 23 ildir ki, hər il diyarımız uğurlarına yeni uğurlar əlavə edir. Ötən il də bir daha göstərdi ki,  on illər ərzində bu qədim türk yurdu keçilməyən yollar  fəth edib, dünyanı heyran edən bir məmləkətə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikası  nail olduğu intibah mərhələsinin zirvə nöqtəsindədir.     

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. Universitetin Tibb fakültəsinin korpusunda təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Məruzədə tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyaların qurulmasından, mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən, müasir texnologiyalardan istifadəyə yaradılan şəraitdən bəhs olunub.
Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS+ layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+­ NİZAMİ VƏ ERASMUS+PETRA, Key Action layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir. Saleh Məhərrəmov ali təhsil ocağının Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyi istiqamətində işləri uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında müzakirə olunan məsələlər və 2018-ci ildə Culfa rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadənin məruzəsi dinlənilib.
Bildirilib ki, 2018-ci ilin təkcə yanvar-noyabr aylarında rayonda 7 milyon 733 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.
Kənd təsərrüfatının inkişafından da danışan Vüsal Məmmədzadə qeyd edib ki, bəhs olunan dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 595 min 400 manat dəyərində 992,3 ton mineral gübrə satılıb, 1067 istehsalçıya 491 min 700 manat dövlət yardımı verilib. Bu dövrdə müxtəlif kredit təşkilatları tərəfindən 574 kənd təsərrüfatı məhsulları istehsalçısına, ümumilikdə, 1 milyon 93 min 900 manat kredit verilib.
Hesabat ilində aqrolizinq xətti ilə 3-ü kombayn, 2-si traktor olmaqla, ümumilikdə, 30 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı sahibkarlara satılıb.

Ardını oxu...

Heydər Əliyev ideyalarına sədaqətin, Vətənə, yurda bağlılığın nümunəsi olan Naxçıvanda bütün sahələrdə böyük nailiyyətlər əldə edilib. Muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə infrastrukturun qurulması, dövlət proqramlarının uğurlu icrası yeni-yeni nailiyyətlərin qazanılmasına rəvac verib. Bu mənada, 2018-ci il də istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni sahələrdə qazanılmış bir sıra uğurlarla yadda qalıb, ötən ilin son ayı da əlamətdar olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin­­ Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasını giriş sözü ilə komissiyanın sədri İsmayıl Qəribli açaraq bildirib ki, hesabat dövründə komissiya tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib.
Dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin, həmçinin kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi diqqətdə saxlanılıb.
Komissiya 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil edib, bu məqsədlə 3 müsabiqə elan olunub. İlk iki müsabiqədə 302 vakant vəzifənin tutulması məqsədilə test imtahanında iştirak edən 390 namizəddən 143-ü keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 134 namizəddən 70-i uğur qazanıb, 62 nəfər vakant vəzifələrə təyin olunub, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb. 305 vakant vəzifənin tutulması məqsədilə elan edilən sonuncu müsabiqənin test və müsahibə mərhələləri 2019-cu ildə keçiriləcəkdir. Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, siyahıda olan 17 namizəddən 8-i hesabat dövründə işlə təmin olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin­­ Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb, dekabrın 5-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm-istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar verib.
Komitənin əməkdaşları verilən tapşırıqların icrasını təmin etmək məqsədilə kənddə olub. Vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün kənddə səyyari xidmət qrupu fəaliyyətə başlayıb. Bütün texniki işlər başa çatdırıldıqdan sonra bir qrup sakinə əmlaklarının texniki sənədləri və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar paylanılıb.
Kənd sakinləri göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Xəbərlər şöbəsi

Yuxarı yaycılılar öz kəndləri ilə qürur duyurlar

“Sərhəd” məfhumu mənim üçün həmişə müqəddəs sözlərimiz sırasında olub. Bu söz həm də dövlət rəmzlərinin ifadə etdikləri nüanslardan olduğu üçün müqəddəsdir. Böyük məna kəsb edən sərhəd Vətənimizin başlandığı yerdir. O yer ki igid oğullarımız tarixən həmin ünvanlarda soyuğa, istiyə, qara, yağışa baxmayaraq keşik çəkiblər Vətən naminə! Zaman-zaman torpaq müqəddəsliyi, yurd sevgisi o vaxt sərhədlərimizi qoruyan ata-­babalarımızın qanı ilə bu günümüzün övladlarına keçib. Odur ki, indi də hər birimiz öz evimizdə, öz işimizdə arxayınçılıqla yaşayır, işləyir, sərhədlərimizi qoruyan igid oğullarımıza “Allah sizi qorusun”, – deyirik...

Sərhəd yaşayış məntəqələrinə yolum düşərkən həmişə belə hisslər məni öz ağuşuna alır. Düşünürəm ki, bu da təbiidir. Bu gün, baxmayaraq ki, güclü, nizamlı ordumuz var, ancaq düşmən elə düşməndir. Ona görə də sərhəd zonalarında məskunlaşmış soydaşlarımız da sərhədlərimizi qoruyan oğullarımız kimi sərhədçi ömrü yaşayırlar. Ancaq arxayındırlar. Tam arxayın. Güclü, gündən-günə hərbi qüdrəti daha da artan ordumuzun qorxusundan o torpaqlarımıza quş da səkə bilməz. Belə ünvanlarımızda bu gün yaradılmış infrastruktur isə insanları sərhəd bölgələrimizə daha sıx tellərlə bağlayıb. Və muxtar respublikanın bütün bölgələrində həyata keçirilmiş kompleks quruculuq tədbirləri düşmənə gözdağı olmaqla qədim diyarımızın sakinlərinin qurub-yaratmaq əzmini daha da gücləndirib. Ulu Dədə Qorqudun hər birimiz üçün aforizmə çevrilmiş “Torpağı qorumursansa, əkməyə, əkmirsənsə, qorumağa dəyməz” fikrini əsas məram kimi qəbul edən insanlarımız torpağı qoruyur və əkib-becərirlər. Bunun üçün yaradılmış şəraiti Şərur rayonunun Yuxarı Yaycı kəndində də görmək olar.

Ardını oxu...

Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ümummilli lider dövlətin və cəmiyyətin sosial­-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənc­lərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri elan etmişdi. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul edilən dövlət pro­qramları Azərbaycan gənc­liyinin inkişafı yolunda çox mühüm amilə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 17-29 dekabr ­tarixlərdə keçirilib.
Müsabiqəyə 252 vakant vəzifə çıxarılıb, 116 vakant vəzifənin tutulması üçün müraciət edən 240 nəfərdən 238-i test imtahanlarında iştirak edib. 136 vakant vəzifənin tutulması üçün sənəd təqdim olunmayıb. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan olunduğu gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib. Ən çox müraciət ibtidai sinif müəllimliyi (54), tarix (34), ingilis dili (28), Azərbaycan dili və ədəbiyyat (25) və coğrafiya (25) ixtisasları üzrə qeydiyyata alınıb.

Ardını oxu...

XXI əsrin on səkkizinci ili yeni uğurlar ili kimi muxtar respublikanın tarixinə yazıldı. Tarix üçün çox da böyük müddət olmayan bir ilin də necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız genişmiqyaslı qurucu­luq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr, əlamətdar hadisələr bizimlə qalır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin dekabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2018-ci il 11 dekabr tarixli qərarları ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli, “Qapalı və sosialyönlü ictimai dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaitləri hesabına alınan ərzaq məhsullarının qiyməti”nin təsdiq edilməsi haqqında” 2017-ci il 11 yanvar tarixli 2 nömrəli, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 7 mart tarixli 13 nömrəli qərarlarında və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir.

Ardını oxu...

Birlik və həmrəylik ordunun gücünü təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birlışmə və hissələrində xidmətin təşkilində “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi əsas götürülür. Bu isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını daha da artırır. Bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi isə xalq-ordu birliyinin daha bir ifadəsidir.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlib, burada müalicə olunan əsgərlərlə görüşüb, onlara bayram sovqatı təqdim edib.

Ardını oxu...

Hər bir xalqın müstəqilliyi onun həmrəyliyindən, milli birliyindən asılıdır.  Çünki həmrəylik olmadan müstəqil, azad yaşamaq arzularını   həyata keçirmək mümkün deyil. Müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Məhz həmrəylik ideyası Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılaraq müstəqil Azərbaycanın gələcək ­inkişafını müəyyənləşdirmişdir. 

Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli Qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Bu tarixi qərar həmin dövrdən başlayaraq dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın yalnız bir amal – müstəqil Azərbaycan Respublikası ətrafında həmrəyliyinin əsasını qoymuşdur. 1993-cü ildə xalqın təkidli tələbindən sonra görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışı digər sahələr kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin ­meydana gəlməsinə rəvac vermişdir. Çünki ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının bir amal və məqsəd uğrunda mübarizə aparmasını həyata keçirilən dövlət quruculuğu prosesinin bir hissəsi kimi qəbul edir və bu sahədə mühüm addımlar atırdı. “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa ­fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımların nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı doğma diyarımızda gənc­lərə göstərilən diqqət və qayğının məntiqi davamıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanması və qəbulu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-1993-cü illərdə Naxçıvanda ulu öndər tərəfindən qəbul olunmuş bir sıra qanunlar təkcə muxtar respublikanın deyil, bütövlükdə, Azərbaycan dövlətinin də gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynamışdır. Belə ki, 1990-cı ilin noyabr ayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir.

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının qəbul edilməsi və konstitusiyaya Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin salınması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Konstitusiyaya görə, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Ardını oxu...

Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.

Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı.

Ardını oxu...

Publisist-politoloq ­Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 500 nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərilmişdir.
Xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2018-ci ildə də davam etdirmiş, bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2018-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 20-ni şikayətlər, 50-ni isə ərizələr təşkil etmişdir.

Ardını oxu...

Xarici tələbələr ali təhsil ocağına üstünlük verirlər

Naxçıvan Dövlət Universitetinin ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu elm və təhsil ocağı kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin və şərəfli inkişaf yolu keçmiş ali təhsil ocağı ümummilli liderimizin ideyalarını yaşadan dövlətçilik universitetidir. Ulu öndər demişdir: “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir”.

Bu gün Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri universiteti də əhatə etmiş, müasir tədris korpusları, kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilmiş, müasir “Universitet şəhərciyi” salınmışdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, elektron idarəetmə və tədris sistemi istifadəyə verilmiş, kadr hazırlığına diqqət artırılmış, yeni fakültələr və ixtisaslar açılmışdır.1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 12 fakültədə tədris aparılır, bakalavr səviyyəsində 60 ixtisas üzrə 5351 tələbə, magistratura səviyyəsində 81 ixtisas üzrə 326 magistrant, doktorantura səviyyəsi üzrə 150 doktorant təhsil alır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”

Ardını oxu...

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr və ilin yekunu ilə bağlı yığıncaq olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da fəaliyyətini müşavirədə verilən tapşırıqların icrası istiqamətində qurur. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə qruplar fəaliyyət göstərir. Naxçıvan şəhərində, Şərur və Şahbuz rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 103 qrupda 1399 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növləri üzrə muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunmuşdur. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Belə ki, federasiya idmançılarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə, 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyində və İran İslam Respublikasının Miyanduab şəhərində keçirilən beynəlxalq turnirdə, gənclər arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyində, Bakı şəhərində sərbəst güləş üzrə paytaxt birinciliyində, Türkiyə Respublikasının Samsun şəhərində və İran İslam Respublikasında cüdo üzrə təlim-məşq toplantısında və beynəlxalq turnirlərdə iştirakları təmin edilmişdir. Ümumilikdə, 2018-ci ildə güləş idman növləri üzrə idmançılar 5 beynəlxalq, 7 ölkə və 2 muxtar respublika birinciliklərində, milli və dövlət bayramları ilə əlaqədar 20 daxili birincilikdə iştirak etmişlər. Azərbaycan birinciliklərində 9, beynəlxalq turnirlərdə 7-si birinci yer olmaqla, 31 medal ­qazanmışlar.
Qeyd olunmuşdur ki, 2018-ci ilin mart, sentyabr və noyabr aylarında Azərbaycan Cüdo Federasiyasının tanınmış məşqçi-müəllimləri muxtar respublikaya dəvət edilmiş, Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançılarına seminar-treninqlər keçirilmişdir. Federasiyanın məşqçi-müəllim və idmançıları muxtar respublikada keçirilən tədbirlərdə yaxından iştirak etmiş, qrafikə uyğun olaraq muxtar respublikadakı muzeylərə gəzintiləri, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində yay məktəbi təşkil olunmuşdur.

Ardını oxu...

 

Dekabrın 26-da Naxçıvan şəhərində “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Görüş yeri” kafesi fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov çıxış edərək bildirib ki, muxtar respublikanın hərtərəfli inkişafı onun gündən-günə çiçəklənməsinə, yeni xidmət sahələrinin yaradılmasına imkan verib. Bu gün istifadəyə verilən yeni xidmət sahəsi də muxtar respublikamızda gənclərə göstərilən dövlət qayğısının növbəti ifadəsidir. Ümid edirik ki, yeni xidmət sahəsi gənclərin lazımi istirahətinə, onların asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verəcəkdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında Naxçıvan şəhəri də gündən-günə gözəlləşir, yeni yollar, yaşayış binaları və xidmət sahələri istifadəyə verilir. Bu gün fəaliyyətə başlayan “Görüş yeri” kafesi də şəhər sakinlərinin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayon mədəniyyət sarayında tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bildirib ki, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə digər sahələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunması məsələsinə də diqqət yetirib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirib.
Vurğulayıb ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini ulu öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən diqqət mərkəzində saxlayıb. Ümummilli ­liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib. Həmin qərarın qəbul edilməsindən sonra bu bayram bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib ki, müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirliyin əlaqədar şöbə və sektorları, tabeli idarə və müəssisələri tərəfindən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübələrini səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Ötən il bu məsələ ilə bağlı keçirilən yığıncaqda ümumi istiqamətlər müəyyənləşdirilib, xüsusilə təbii xammal ehtiyatları ilə zəngin olan diyarımızda bu sahələrdə mütəxəssis kadrların hazırlanması və onların təcrübi biliklərə yiyələnməsi üçün Naxçıvan Dövlət Universiteti ilə birgə fəaliyyət təşkil olunub. Ekologiya mühəndisliyi ixtisasının tələbələri bu tədris ilində nazirliyin təşkilatçılığı ilə istehsalat təcrübəsində olublar.
Nazir qeyd edib ki, gələcəkdə bu sahədə birgə fəaliyyət ardıcıllığının təmin edilməsi üçün tədbirlər planının hazırlanması görülən işlərin səmərəliliyini artıracaqdır.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamdan irəli gələn vəzifələrin icrasının savadlı və təcrübəli kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Ardını oxu...

Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasından nümayəndələr iştirak etmişdir.
Əvvəlcə Naxçıvanın qədim tarixi və bugünkü inkişafı, eləcə də Naxçıvan Duzdağı ilə bağlı film nümayiş olunmuş, duz kristalları, Duzdağ Fizioterapiya Mərkəzinin və “Duzdağ” otelinin fəaliyyətindən bəhs edən kataloq, broşür və digər əyani vəsaitlər sərgilənmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev konfransda çıxış edərək Naxçıvanın qədim tarixindən və bugünkü inkişafından danışmış, muxtar respublikada turizm sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Duzdağ Fizioterapiya Mərkəzinin həkimi Nazim İbrahimli isə Duzdağ Fizio­terapiya Mərkəzinin fəaliyyəti barədə ­konfrans iştirakçılarına məlumat vermiş, ilin bütün fəsillərində mərkəzə müraciət edən xəstələrin qəbulu və müali­­cəsi üçün hər cür şəraitin yaradıldığını ­bildirmişdir.

Ardını oxu...

(Əvvəli qəzetin 29 noyabr 2018-ci il tarixli nömrəsində)

Hazırda yaşadığımız dünya, xüsusən böyük dövlətlər arasındakı iqtisadi və siyasi ziddiyyətlər fonunda təlatümlü bir dövrdən keçsə də, bütövlükdə, İslam əxlaqının hakim olduğu milyard yarımlıq müsəlman aləmi İslam mədəniyyəti normaları altında yaşayıb inkişaf etməkdədir. Müqəddəs kitabımızdan gələn inanc və əxlaq normalarına əməl olunması, dinindən və irqindən asılı olmayaraq, hər kəsə dost, insani davranış göstərilməsi kimi keyfiyyətlər müsəlman olmayan digər xalqlarda da artıq qəbul edilməkdə, İslam mədəniyyətinin səmavi ağırlığını ortaya qoymaqdadır. Bu da təsadüfi deyil, çünki müqəddəs kitabımız “Qurani­-Kərim”in “Loğman” surəsinin 34-cü ayəsində deyildiyi kimi: “Hər şeyi bilən və xəbərdar olan Allah” qarşısında ən gözəl xidmət də öz əməli və davranışı ilə başqalarını incitmədən insanların bir-biri ilə dost və qardaş kimi yaşamasıdır.

Bu mənada, daim yaxşılıq etmək, başqalarına qarşı dürüst və mehriban olmaq insana xas olan ən ali keyfiyyət kimi İslam mədəniyyətinin əsas çağırışlarındandır. Tarixən yaxşını pisdən, mərdi namərddən çox gözəl ayıran, insanları yalnız xeyirxahlıq etməklə mənəvi saflığa qovuşmağa çalışan azərbaycanlılar hələ İslamdan əvvəlki dövrlərdə də bu keyfiyyətləri ilə seçilmişlər. VII əsrdə İslam dinini qəbul edən bu torpağın sakinləri daha sonrakı dövrlərdə soykökünə, dilinə, dininə və mədəniyyətinə bağlı qalmaqla keçmişlə bu gün arasında mövcud olan mirasa sahibliyi, dövlətinə sədaqəti, ailəsinə məhəbbəti, köməyə ehtiyacı olanlara şəfqəti ilə ad-san qazanıblar. Bu mənada, İslam Mədəniyyəti Paytaxtı kimi mühüm missiyanı uğurla başa vuran Naxçıvanın sirli bir torpaq kimi dünyada getdikcə daha çox tanınması və sevilməsi təsadüfi deyildir. Nuh tufanı dövründən bu günədək özünün paklığını və təmizliyini qoruyub saxlamış Naxçıvanda yaşayan insanlar tarixin bütün ağır sınaqlarında inanclarından dönməmişlər. Şübhəsiz, insanın imanı artdıqca onun Allaha məhəbbəti də dərinləşir, sonsuzluğa doğru yüksəlir. “Əl-Bəqərə” surəsinin 165-ci ayəsində deyildiyi kimi:“İman gətirənlər Allahı daha çox sevərlər”.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasının müəllifidir” mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub ki, ümummilli liderimiz hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırıb.
Vurğulanıb ki, məhz bu böyük siyasətçinin uzaqgörənliyi və xalqla sıx birliyi sayəsində 1993-cü ildən başlayaraq dünyanın ayrı-ayrı ölkə­lərində Azərbaycan diasporunun formalaşdırılmasına nail olunub, 9-10 noyabr 2001-ci il tarixdə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Ulu öndər xaricdə yaşayan azərbaycanlılara tövsiyə edərək deyirdi ki, onlar sıx birləşməli, Azərbaycançılıq ideologiyasına öz əməli fəaliyyətləri ilə töhfələr verməlidirlər.
Qeyd olunub ki, ümummilli liderin 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında imzaladığı Fərman irəliyə doğru atılmış qətiyyətli və uğurlu addımlardan biri oldu. “Xarici ölkə­lərdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması isə bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etdi.

Ardını oxu...

Ulu babalarımızdan miras qalan, əsrlərboyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, ilboyu eyni şəkildə davam edəcəksən. 2018-ci ili də hər bir naxçıvanlı yüksək əhval-ruhiyyə ilə qarşıladı və artıq son günlərini yaşadığımız bu il qədim diyarımızın sakinlərinin yaddaşına unudulmaz xatirələrlə dolu xoş anlarla həkk edilir. İlin hər gününə yeni bir əlamətdar hadisə ilə başladıq. Sabahları üfüqdən boylanan Günəş rəvan yolumuzu nura qərq etdi. Qazanılan uğurlarda, atılan addımlarda, görülən işlərdə gənclərin fəallığı, canfəşanlığı xüsusilə seçildi, təqdir edildi. Gənclər üçün əldə olunan nailiyyətlərin zirvəsində isə, şübhəsiz, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi dayandı. Əlamətdar hadisədən daha da ruhlanan naxçıvanlı gənclər il ərzində istər sosial şəbəkələrdə, istərsə də yerli və beynəlxalq tədbirlərdə, müsabiqələrdə təqdirəlayiq şəkildə iştirak etdilər, diyarımızın dünənindən bu gününə keçilən möhtəşəm yolun bütün incəlikləri onların səyi ilə dünyaya yüksək səviyyədə bəyan olundu. Təbii ki, aralarında öz uğurları ilə daha çox sayılıb-seçilən, mükafatlara layiq görülən gənclər də az deyil. Bu günlərdə onlardan bir neçəsi ilə görüşdük, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı, həmçinin Gənclər Paytaxtı olması ilə əlamətdar olan 2018-ci ilin gənclərin yaddaşında hansı izlər buraxdığını öyrənməyə çalışdıq:

Pnar Yusifli – Naxçıvan Müəllimlər İnstitutunun məzunu: – 2018-ci il bütün naxçıvanlı gənclər kimi, mənim də yaddaşıma hər zaman xoş xatirələrlə anacağım bir dövr kimi həkk olundu. Sözün açığı, ilin əvvəlindən bu günədək o qədər tədbirlərdə, müsabiqələrdə iştirak etmişəm ki, ilk olaraq hansından bəhs edəcəyimi bir anlıq unutdum. Əvvəlcə hər birimiz üçün ən mühüm hadisə sayılan doğma şəhərimizin ölkəmizin Gənclər Paytaxtı seçilməsindən başlayım. Belə ki, hələ müsabiqəyə start verilməzdən öncə sosial şəbəkələrdə Naxçıvanla bağlı çoxlu foto­şəkillər, slaydlar paylaşır, Bakıda, eləcə də xarici ölkələrdə yaşayan dostlarıma doğma diyarımın turizm potensialını aşılamağa çalışırdım. Azərbaycanın Gənclər Paytaxtının seçilməsi ilə bağlı müsabiqəyə start verilməsi xəbərini eşidən kimi dərhal ətrafımdakı tanışlarımla var-qüvvəmizi səfərbər etdik. Bu yerdə ulu babalarımızın gözəl kəlamı yadıma düşür: “El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar”. Nəticədə, canımız qədər sevdiyimiz Naxçıvanımızı müsabiqənin qalibi etdik. Bununla da həyatımızda heç vaxt qürub etməyəcək yeni Günəş parladı, yolumuz daha işıqlı və rəvan oldu.

Ardını oxu...

Dekabrın 24-də Naxçıvan Şahmat Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olmuşdur.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası dövlət idarələrinin əməkdaşları arasında ilk dəfə olaraq keçirilən şahmat üzrə birinciliyin qalibləri mükafatlandırılmışdır. Qeyd edək ki, birincilikdə qalib adını 6,5 xalla Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Talıb Babayev qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyin əməkdaşı Toğrul Həsənzadə (6 xal) ikinci, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ədalət Məmmədov (6 xal) isə üçüncü olmuşdur.
Şahmat Federasiyanın sədri Seymur Talıbov yığıncaqda çıxış edərək demişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı müəyyən iradlar bildirilmişdir. Dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanların olduğu qeyd edilmişdir. Mövcud nöqsanların səbəbi federasiya tərəfindən istedadlı uşaqların düzgün istiqamətlənməməsi, onlarla məşqçi-müəllimlərin yaxından maraqlanmamasıdır. Yığıncağı keçirməkdə məqsəd qarşıdakı ildə göstərilən iradları aradan qaldırmaq, verilən tövsiyyə və tapşırıqları yerinə yetirmək, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanmaqdır. Hazırda Federasiyanın maddi-texniki bazası gücləndirilib, şəhər və rayonlarda şahmat mərkəzləri, məktəbləri fəaliyyət göstərir. İdmançıların uğur qazanması üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Əsgər nə istəyir?
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

Hazırlaşıb evdən tələm-tələsik çıxarkən televiziya kanallarının birindən Xalq şairi Məmməd Arazın əsgər oğullarımızın vətənpərvərliyi, şücaəti ilə bağlı qələmə aldığı “Əsgər məktubu” şeirini eşidirəm. Qəlbimə dolan munis duyğuların təsirindən qeyri-iradi ayaq saxlayır, yuxarıdakı misralara qulaq asıram. Qəribədir, elə bil verilişin aparıcısı əvvəlcədən gedəcəyim yeri müəyyən edib bu şeiri mənim üçün səsləndirir. Beləcə, böyük ruh yüksəkliyi ilə evdən çıxır, əlində silahı, qəlbində Vətən eşqi ilə alovlanan, gecə-gündüz torpaqlarımızın keşiyini çəkən məğrur oğulların oylağına üz tuturam.
Naxçıvan şəhərindən “N” hərbi hissəyə aparan uzun və rahat yolla hərəkət edən avtobusun pəncərəsindən zirvəsi buludlara söykənən, sinəsində mərd oğulların məskən saldığı dağları seyr edirəm. Yanımda əyləşib mənimlə birgə həmin mənzərələrə tamaşa edən yolyoldaşım əli ilə göstərərək deyir ki, əvvəllər bax o görünən postlardan əsgərlər ilin soyuq vaxtlarında aşağı düşə bilmirdilər. Şəraitsizlik üzündən valideynlər də övladlarının görüşünə gec-gec gələrdilər. Ancaq indi vəziyyət tamamilə dəyişib, o postlarla nəinki əlaqə asanlaşıb, hətta orada xidmət keçən əsgərlər üçün gözəl məişət şəraiti də yaradılıb. Dağ cığırları ilə üzü sıldırım qayalara doğru uzanan, ilan kimi qıvrılıb-açılan sarı libaslı qaz xətti də məhz mərd oğulların rahatlığı üçündür, – deyən yolyoldaşım fikirlərini tamamlayır. Öz-özümə deyirəm ki, bu gördüklərim görüşünə tələsdiyim hərbi hissə barədə çox cüzi məlumat olar, yəqin ki, hələ qarşıda məni bundan da maraqlı məqamlar gözləyir...

Ardını oxu...

Ötən əsrin sonları və yaşadığımız dövr istər müstəqil ölkəmiz, istərsə də inkişaf etməkdə olan digər ölkələrin iqtisadi və mədəni həyatında baş verən köklü transformasiyalar və yeni iqtisadi mühitin tələblərinə uyğun quruculuq tədbirləri ilə xarakterizə olunur. Belə ki, qloballaşma və beynəlxalq ticarətin sürətlənməsi ilə insanların həyat standartlarında da yeni keyfiyyət dəyişikliklərinin yaranması meyilləri cəmiyyətin bütün sahələrində müasirləşməni də tələb edir. Bu mənada, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə dövlət quruculuğu sahəsində görülən nəhəng işlər məhz vətəndaşı olduğumuz müstəqil Azərbaycanın güclü ordusundan tutmuş ucqar kənd mərkəzinədək bütün coğrafiyamızda açıqca görünməkdədir. Xalqımızın zəngin tarixi keçmişindən süzülüb gələn və bu gün ulu öndərin layiqli davamçıları tərəfindən uğurla davam etdirilən belə möhtəşəm quruculuq fəlsəfəsi məhz günümüzün mənzərəsini formalaşdırmaqla bütün dünyaya modern Azərbaycan iqtisadi modelini təqdim edir.

Quruculuq insan psixologiyasına xas olan təbii keyfiyyət, hər bir mədəni insanın arzuladığı tələbatlardandır. Bu tələbatlar həyativacib ehtiyaclardan tutmuş, çox mühüm institusional fəaliyyət növlərinin bərqərar edilməsinədək hər yerdə və həmişə öz zərurətini hiss etdirməkdədir. Quruculuq elə bir anlayışdır ki, onun vasitəsilə insan tarixi keçmişdəki nailiyyətlərini qoruyub saxlamaqla onu gələcək nəsillərə ötürə bilmək və gələcək ideallarını reallaşdırmaq yolunda çox mühüm cəsarət qazanır. Bununla da yeni addımlar atılıb, insanların həyatını kökündən dəyişdirən hər bir uğurlu quruculuq layihəsi başa çatdırıldıqca yeni arzular çiçəklənib boy atır. Odur ki, qurucu­luğu özünün həyat fəlsəfəsi kimi qəbul etmiş insanların həyat və fəaliyyəti də başqalarına nümunə olaraq həmişə yaddaşlarda yaşayır, özündən sonrakı dövr üçün istinad təşkil edir. Buna görə də sülh və sabitlik dövründə istər iqtisadi, istər sosial-humanitar sahədə görülən hər bir quruculuq tədbirinə on illər boyu xalqın rifahında dərin izlər buraxacaq bir əsər kimi də yanaşmaq mümkündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunmuşdu.
12 noyabr-20 dekabr 2018-ci il tarixlərdə keçirilən istehsalat təcrübəsi zamanı tələbələr komissiyanın müvafiq sektor və şöbələrinin fəaliyyət istiqamətləri ilə tanış olub, onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun, dövlət reyestrinin aparılması, “şəxsi kabinet”in yaradılması, müsahibə mərhələsi, müsahibədə iştirak etmək üçün müraciətin edilmə qaydası, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilib və slaydlar vasitəsilə dərslər keçilib. Tələbələr buradakı Test mərkəzində dövlət qulluğuna qəbul üçün sınaq imtahanının və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarının keçirilməsini əyani olaraq izləyiblər.

Ardını oxu...

Naxçıvanda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün insan alverinə qarşı mübarizə sahəsində keçirilən silsilə təlimin dekabr ayına olan mərhələsinə başlanılıb.
Təlimin ilk günündə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Elnur Zellabdinov, Tural Bayramov və Həmid Muxtarlının “Tənzimlənməyən miqrasiya və ya insan alverinə baxış”, “Beynəlxalq təriflər”, “Milli qanunvericilik”, “Miqrasiya Məcəlləsi və Milli Fəaliyyət Planı 2014-2018”, “İnsan alveri göstəricilərinə giriş”, “İnsan alverinin 3 mərhələsi” mövzularında məruzələri dinlənilib, təqdimatları olub və mövzu ətrafında müzakirələr aparılıb.
“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması” layihəsi çərçivəsində təşkil edilmiş təlimin əsas məqsədi insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının müdafiəsi üzrə fəaliyyətin daha effektiv aparılması istiqamətində imkanların artırılmasıdır.
Qeyd edək ki, dekabrın 19-da başlayan üçgünlük təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 əməkdaşı, həmçinin xidmətin təlimçi qismində nəzərdə tutulmuş 3 əməkdaşı iştirak edir. Təlimçi və təlimat vəsaitinin müəllifi, müstəqil ekspert John Linehan və BMqT-nin Azərbaycandakı nümayəndəliyində layihə assistenti Könül Cəfərova məruzələrlə çıxış edirlər.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçiri­lən tədbir muxtar respublikada yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının qorunması mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov açıb.
Naxçıvan Şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Fariz Nəsirov diqqətə çatdırıb ki, muxtar respublikanın uşaq hüquqları konvensiyasına uyğun olaraq 2018-ci il ərzində təmsil etdiyi qrupun əməkdaşları tərəfindən şəhər ümumtəhsil müəssisələrində bir sıra hüquqi maarifləndirici və profilaktik tədbirlər həyata keçirilib. Bu tədbirlərdə uşaqların yol hərəkəti qaydalarına düzgün riayət etmələri, onların sağlamlığı üçün təhlükə törətməmələri, baş verəcək qəzaların mahiyyəti barədə, həmçinin şəhər ərazisində internet kafe-oyun salonlarında dərsdənkənar vaxtlarını keçirən zaman azyaşlılara sosial şəbəkələrdən düzgün istifadə etmələri barədə məlumatlar və məsləhətlər verilib.

Ardını oxu...

  Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. O dövrdə ümummilli liderimizin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu. Belə ki, ulu öndərin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində  Naxçıvan Muxtar Respublikasının Ermənistan ilə həmsərhəd əraziləri nəzarət altına götürüldü, etibarlı müdafiə sistemi yaradıldı. 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda uğurla davam etdirilir. Bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan yüzyaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir. Ən əsası isə bu gün sarsılmaz xalq-ordu birliyinə nail olunub. Ölkəmizdə ordu qurucu­luğu istiqamətində görülən işlər muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli ­dərəcədə artırılır.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Torpaqların təyinatı üzrə istifadəsi sahəsində Şahbuz rayonunda görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni rayоn İcra Hakimiyyətinin başçısı Rəfael Babayev açıb.
Bildirib ki, torpaq mülkiyyəti üzərində hüquqların qorunması istiqamətində mütəmadi olaraq təbdirlər keçirilir. Həyətyanı, eləcə də pay torpaqlarının başqası tərəfindən zəbt edilməsi və digər müdaxilələrlə bağlı müraciətlər vaxtında araşdırılır və tədbirlər görülür.
Şahbuz rayon prokuroru Daşqın Rəhimov müşavirədə çıxış edərək bildirib ki, fiziki və hüquqi şəxslərlə yanaşı, bələdiyyələr də mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsini təşkil etməli, dövriyyədən əsassız çıxarılmasına yol verməməli, onların mühafizəsi sahəsində qanunla müəyyən olunmuş qaydada tədbirlər görməlidirlər. Əhali məlumatlandırılmalı, torpağın münbit qatının qorunması və artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısını vaxtında almayan bələdiyyələrin vəzifəli şəxsləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş qaydada səhlənkarlıq əməlinə görə məsuliyyət daşıyırlar. Həmin hadisəni törədən şəxsləri isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Analoji tədbir Sədərək və Ordubad rayonlarında da keçirilib.

Xəbərlər şöbəsi

Bu il muxtar respublikamızın tarixində möhtəşəm hadisələrlə yadda qaldı. Qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Ötən aylar ərzində keçirilən, mühüm əhəmiyyət kəsb edən davamlı tədbirlər qədim diyarımızın mədəniyyət tarixində özünəməxsus yer tutdu. Bütün bunlar bir daha onu göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır. Naxçıvan həm də İslam, ümumilikdə isə, dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən qədim mədəniyyət mərkəzidir.

Ardını oxu...

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq bildirib ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi ilə bağlı mütəmadi olaraq aidiyyəti orqanlarla birlikdə monitorinqlər keçirilib, qanun pozuntularının qarşısının alınması üçün operativ qaydada tədbirlər görülüb. Lakin hələ də torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bu da vətəndaşların tikinti aparılması qaydalarından, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olduqlarından və məsuliyyət daşıdıqlarını bilməmələrindən irəli gəlir. Bunun qarşısını almaq üçün icra nümayəndələri, polis, sahə müvəkkilləri, xüsusilə də bələdiyyələr mülkiyyətində olan torpaqların məqsədli təyinatı üzrə istifadə olunmasını təşkil etməli, vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işləri aparmalı, bu sahədə tətbiq olunan qanunvericilik normaları onlara izah edilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ərazisinə yoluxucu heyvan və quş xəstəliklərinin keçməsinin qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı qonşu ölkələrdə yüksək patogenli quş qripi və heyvan mənşəli qarayara xəstəliyinin qeydə alınması ilə bağlı xəbərdarlıq edib. Hazırda heyvanlar və quşlar arasında bu cür virus xəstəlikləri dünyanın bir çox ölkə­sində yayılıb.
Bununla əlaqədar xəstəlik müəyyən olunan ölkələrdən Naxçıvan Muxtar Respublikasına diri heyvan və heyvandarlıq, o cümlədən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Sözügedən yoluxucu xəstəliklərin muxtar respublikamıza keçməsinin qarşısını almaqdan ötrü bütün gömrük postlarında dezinfeksiya tədbirləri görülür. Bu məqsədlə yoluxucu xəstəliklərin qeydə alındığı ölkələrdən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələri bir qayda olaraq dezobaryerlərdən keçir və dərmanlama işi aparılır. Sərnişin keçid zallarında da dezinfeksiya tədbirləri vaxtaşırı olaraq həyata keçirilir. Muxtar respublikanın bütün gömrük postlarında vətəndaşların bədən temperaturuna termal-kameralar vasitəsilə nəzarət olunur. Gömrük sərhədini keçən vətəndaşlar qonşu ölkələrdə qeydə alınan xəstəliklərlə bağlı məlumatlandırılır, həmin ölkələrdən alınıb gətiriləcək diri quş və quşçuluq, o cümlədən heyvan və heyvandarlıq məhsullarının törədə biləcəyi fəsadlarla bağlı maarifləndirmə işləri aparılır.
Aidiyyəti qurumlarla birgə həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, hazırda quş qripi, qarayara və digər kəskin yoluxucu xəstə­liklərə görə muxtar respublikamızda epizootik vəziyyət sabitdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Türkiyə Respublikasının Ərzurum Vilayətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində olub. Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev onlara universitet haqqında geniş məlumat verərək bildirib ki, 1999-cu ildə fəaliyyətə başlayan “Naxçıvan” Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Bu ali məktəb zəngin maddi-texniki bazaya malikdir. Burada 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınıb. 1000 nəfərə yaxın tələbənin ali təhsil aldığı universitetdə təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.
Rektor onu da diqqətə çatdırıb ki, bu ali təhsil ocağı dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəl­xalq təhsil təşkilatının üzvüdür, beynəlxalq proqramlarda və layihələrdə iştirak edir. Erasmus xətti ilə AESOP EQAC layihələri, Tempus xətti ilə ENOTE və COMOLTE layihələrini icra edib.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı “Naxçıvan” Universiteti ilə Ərzurum Universiteti arasında 2014-cü ildən Mövlana proqramı çərçivəsində başlayan əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Ordumuz qürurumuzdur” mövzusunda keçirilən tədbirdə ümummilli lider ­Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğundan danışılıb.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri Naib Cəfərov və Zaur Həmidov, əsgər Sərvan Səfərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident, Ali Baş ­Komandan cənab İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.
Sonra Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları alqışlarla qarşılanıb.
Sonda Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən sənədli filmə baxış olub.

Nəriman NƏCƏFOV

Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra Naxçıvan Dövlət Universitetinə gələn qonaqlar buradakı fakültələr ilə tanış olub, İnformasiya-kommunikasiya texnologiyaları və Media mərkəzlərinin fəaliyyətləri ilə yaxından maraqlanıblar.
Ali təhsil ocağının Naxçıvan Atatürk Araşdırma Mərkəzində Türkiyə Respublikasından gələn nümayəndə heyətinə bildirilib ki, mərkəzin əsas məqsədi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini dərindən araşdırıb öyrənməkdir.
Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu müxtəlif ölkə­lərin universitetləri ilə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Vurğulanıb ki, ali təhsil ocağı hazırda ERASMUS+, Mövlana proqramları çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində 24 oktyabr - 30 noyabr 2018-ci il tarixlərində elan edilmiş Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 17 dekabr 2018-ci il tarixindən başlayaraq növbəti test imtahanlarına start verilib.
Müsabiqəyə çıxarılmış 252 vakant vəzifənin tutulması üçün 241 nəfər sənəd təqdim edib. Test imtahanında iştirakçılara 80 sualı ­cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün 48, digər müəssisələrə işə qəbul üçün test tapşırıqları üzrə 64, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə isə 40 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir. Test imtahanları 29 dekabr 2018-ci il tarixədək davam edəcəkdir.

Ardını oxu...

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində də ardıcıl tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilmişdir. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirinin Bakı şəhərindən və xarici ölkələrdən gələn iştirakçıları dünən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi və Bəhruz Kəngərli Muzeyi ilə tanış olublar.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcrinin səfər təəssüratlarını öyrəndik:
– Naxçıvan keçmişdə və müasir dövrdə İslam mədəniyyətinə verdiyi töhfələrə görə çox haqlı olaraq 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Sivilizasiyalararası dialoqda, keçmişlə bu gün arasında mövcud olan ənənələrin bölüşülməsində və islami dəyərlərin gənc nəslə ötürülməsində bu, çox mühüm hadisədir. Naxçıvanın İSESKO-nun İslam Mədəniyyəti Paytaxtı layihəsinə çox mühüm töhfəsi vardır. Naxçıvanda qorunub saxlanılan miras, inkişaf etmiş mədəniyyət, mövcud olan tarixi abidələr bu baxımdan yüksək qiymətləndirilir. Naxçıvan, eyni zamanda Avropa ilə müsəlman Şərqi arasında etibarlı bir körpüdür. Bu da Naxçıvan şəhərini nümunə kimi qiymətləndirməyə əsas verir.

Ardını oxu...

Dünən “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransının iştirakçıları muxtar respublikanın tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri­-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Burada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Burada havanın temperaturu sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
Qeyd olunub ki, vaxtilə mərkəzdə müalicə almaq üçün kifayət qədər lazımi şərait yox idi. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqəti və qayğısı sayəsində 2008-ci ildən mərkəzdə pasiyentlər, tibbi və digər personal üçün hərtərəfli müasir şərait yaradılıb və bura ağciyər xəstəliklərindən əziyyət çəkənlərin ümid yerinə çevrilib. Təsadüfi deyil ki, son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında xəstə qəbul edir. Belə ki, ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Özbəkistan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə, Fransa kimi bir sıra xarici ölkələrdən də gələn insanlar yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişli imkan tapırlar.

Ardını oxu...

Dekabrın 15-də “Naxçıvan” Universitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransı keçirilib.
Konfransda TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “TÜRKSOY-Uluslararası Türk Kültür Təşkilatı 25-ci ilində” mövzusunda açılış nitqi edib. Bildirib ki, bu il yaranmasının 25 ili tamam olan təşkilat ötən dövrdə Türk-İslam əxlaq fəlsəfəsinin tədqiqində, təbliğində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə çalışıb. TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının I konfransı 2017-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilib. II konfransın TÜRKSOY-un yaradılmasının 25-ci ildönümündə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilməsi təsadüfi deyil. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, türk dünyası üçün böyük şərəf və qürurdur. Vurğulanmalıdır ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən bir sıra vacib məqamlar diqqətdə saxlanılır, konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda islam mədəniyyətinə, bəşəri dəyərlərə, töhfə verməlidir. Tələb olunan amillərin də Naxçıvanda mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində əsas olub.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyi partiyanın Naxçıvan Şəhər Təşkilatı ilə birlikdə “Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, 1991-ci il dekabrın 16-da ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. 27 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbiçilik fəaliyyətinin inkişafı prosesinin başlanğıcıdır.
Qeyd olunub ki, ulu öndərin həmrəylik, vətənçilik, Azərbaycançılıq ideyaları Azərbaycanı qüdrətli və inkişaf etmiş dövlətə çevirib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar məhz bu ideyalara əsaslanaraq vahid bir məqsəd naminə birləşib, qüdrətli Azərbaycan dövləti ilə yanaşı, ciddi potensiala malik Azərbaycan diasporu formalaşıb. Azərbaycan diasporu tarixinə görə yeni fenomen olsa da, məhz tolerant, mədəni, iqtisadi inkişaf kimi fundamental dəyərlərə əsaslandığı üçün ciddi bir siyasi reallığa ­çevrilib.
“Milli həmrəyliyə gedən yol Naxçıvandan başlayır” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev bildirib ki, ümummilli liderimizin əsasını XX əsrin 70-ci illərində qoyduğu, 1990-cı illərin əvvəllərində Naxçıvanda yaşayıb işləyərkən inkişaf etdirdiyi və mühüm siyasi qərarla tarixiləşdirdiyi dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyası görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyə qayıdışından sonra qarşısıalınmaz real­lığa çevrilib. 1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul edilən tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsində, Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılmasında göstərib. 2006-cı, 2011-ci və 2016-cı illərdə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları göstərdi ki, artıq bu sahədə dövlət siyasəti özünün əsaslı nəticələrini verib, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımız ciddi diaspora və müstəqil Azərbaycanın həqiqət carçılarına çevriliblər.

Ardını oxu...

Torpaq üzərində mülkiyyət hüququnun pozulmasının hüquqi nəticələri ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə açıb. Bildirilib ki, ölkəmizdə torpaq islahatlarının həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə bu sahədə mühüm qərarlar qəbul olunub, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb.
Vurğulanıb ki, muxtar respublikada torpaq islahatlarının aparılması nəticəsində torpaq ehtiyatlarından istifadənin səmərəliliyi yüksəldilib. Bu gün də kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra Culfa rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılovun məruzəsi dinlənilib. Qeyd olunub ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilib. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır. Mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir.

Ardını oxu...

Vətənə əvəzedilməz xidmətlərinə görə xalqımızın unudulmaz yaddaşında əbədi iz buraxmış görkəmli alimlərimizdən biri də Azərbaycanda ekologiya elminin banisi, Əməkdar elm və dövlət xadimi, Dövlət mükafatı laureatı, sözün əsl mənasında, torpaq fədaisi akademik Həsən Əliyevdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ­“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Azərbaycanda coğrafiya və torpaq­şünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks pro­qram və silsilə layihələri uğurla həyata keçirmişdir.”
Akademik Həsən Əliyev təbiətin mühafizəsi, ondan səmərəli istifadə edilməsi sahəsində genişmiqyaslı elmi tədqiqatlar aparmış, əhəmiyyətli işlər görmüşdür. Onun təşəbbüsü ilə ölkəmizdə ilk dəfə təbiətin dövlət hakimiyyəti tərəfindən qorunması üçün Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi yaradılmış və uzun illər bu sahəyə rəhbərlik etmişdir. Bu gün Azərbaycanın nadir bitki və heyvanlar aləminin qorunub saxlanıldığı dövlət qoruq və yasaqlıqlarının yaradılması da bu böyük təbiətşünas-ekoloq alimin adı ilə bağlıdır. 60 il elmi yaradıcılıqla məşğul olan akademik 800-dən çox elmi məqalə və monoqrafiya, 140-a yaxın müxtəlif təyinatlı xəritə, eləcə də xeyli sayda elmi-kütləvi nəşrlər hazır­lamış, özündən sonra zəngin irs qoymuşdur. Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətə də xüsusi önəm verirdi. Onun 35-dən çox elmlər namizədi, elmlər doktoru olan tələbələri müəllimlərinin elmi fədakarlığı, qayğıkeşliyi barədə qürurla danışırlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR