24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayon mədəniyyət sarayında tədbir keçirib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bildirib ki, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə digər sahələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunması məsələsinə də diqqət yetirib, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirib.
Vurğulayıb ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini ulu öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən diqqət mərkəzində saxlayıb. Ümummilli ­liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib. Həmin qərarın qəbul edilməsindən sonra bu bayram bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunur.

Diqqətə çatdırılıb ki, 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin xarici dövlətlərə səfəri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızla görüşməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması və dəyərli tövsiyələr verməsi birliyimizin daha da gücləndirilməsinə xidmət edib. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirib.
Məruzə ətrafında çıxışlarda vurğulanıb ki, dövlətimizin diaspor siyasəti soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsinə, onların daha mütəşəkkil formada təşkilatlanmasına səbəb olub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, ermənilərin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Tədbir bayram konserti ilə başa çatıb.

Hüseyn ŞƏKƏRƏLİYEV

*   *   *

“Dünya Azərbaycanlılarının Həmrəyliyi hərəkatı” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin­­ deputatı Arif Qasımov açıb. Bildirib ki, 31 dekabrın bütün dünya azərbaycanlıları tərəfindən hər il ümummilli bayram kimi qeyd edilməsi azərbaycanlıların tarixi köklərə bağlılığının, milli yüksəlişinin, azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, yeni tarixi şəraitdə xalqımızın mənəvi dirçəliş və tərəqqisinin inikasıdır.
Arif Qasımov vurğulayıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmiş tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ilə bir daha göstərdi. 27 il ərzində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində görülən işlərin təhlili onu göstərir ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan dövlətinin gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkə­lərdə həmrəylik gününün bayram kimi geniş qeyd edilməsi onu göstərir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xalqımızın birlik və həmrəylik hərəkatı artıq öz uğurlu nəticəsini verib.
Ali Məclisin deputatı çıxışında vurğulayıb ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində bu gün müstəqil Azərbaycan bütün dünya azərbaycanlılarının Vətəninə çevrilib. Ulu öndərimizin şah əsəri olan güclü milli dövlətimizin olması milli həmrəyliyin və birliyin bütün dünyada yaşayan azərbaycanlıları əhatə etməsi baxımından çox vacib amildir. Bu, o deməkdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir soydaşımız doğma Azərbaycan üçün dəyərli olduğunu hiss edir, bu isə onu Vətən naminə çalışmağa daha da ruhlandırır. Bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.
Tədbirdə mövzu ətrafında çıxışlar olub, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən film nümayiş edilib.

Sərxan İsmayılov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR