23 Dekabr 2024, Bazar ertəsi

  Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. O dövrdə ümummilli liderimizin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu. Belə ki, ulu öndərin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində  Naxçıvan Muxtar Respublikasının Ermənistan ilə həmsərhəd əraziləri nəzarət altına götürüldü, etibarlı müdafiə sistemi yaradıldı. 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda uğurla davam etdirilir. Bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan yüzyaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir. Ən əsası isə bu gün sarsılmaz xalq-ordu birliyinə nail olunub. Ölkəmizdə ordu qurucu­luğu istiqamətində görülən işlər muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli ­dərəcədə artırılır.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2017-ci il yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki 900 yerlik əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib, burada yaradılan şəraitlə və silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Ali Məclis Sədrinin tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə bərabər, hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.
2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. Naxçıvanda yerləşən ordu, birləşmə və hissələrin şəxsi heyət, silah və texnikasının yalnız cüzi bir hissəsinin nümayiş olunduğu hərbi parad düşməni vahiməyə salıb, xalqımızın qürur və qələbəyə inam hisslərini daha da artırıb.
Ordu quruculuğu ilə bağlı görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: “İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən dərinliyə irəliləyərək daha əlverişli mövqelərdə möhkəmləndi, Günnüt kəndi ətrafındakı yüksəklikləri, Qızılqaya və Qaraqaya dağlarında yeni mövqeləri ələ keçirdi. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürüldü. Ümumilikdə, 11 min hektar ərazinin təhlükəsiz istifadəsi təmin edildi. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanına malik olmasıdır.

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ordumuz tərəfindən nəzarət altına götürülərək etibarlı müdafiə sistemi qurulan Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşüb, yeni mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun digər uğurları ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatı haqqında da dəyərli fikirlər səsləndirib, bu əməliyyatı peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb.
2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlərin tam yerinə yetirilməsi nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub. 2018-ci tədris ilində də Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri döyüş hazırlığı planına uyğun olaraq qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetiriblər. Keçirilən təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunması qeyd edilənlərə əyani misaldır. Bu baxımdan Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçirilən birgə döyüş atışlı taktiki təlimlər xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilən döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətindən və şəxsi heyətlərimizin yüksək vətənpərvərliyindən xəbər verir. Təlimlərin davamı kimi Naxçıvanda 2017-ci il iyunun 15-də Azərbaycan-Türkiyə “Birgə əməliyyat-taktiki təlimi” keçirildi. 2018-ci il may ayının 29-dan 31-dək Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi”ndə əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunub və müxtəlif döyüş tapşırıqları praktik icra edilib. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
2018-ci il ərzində Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin cəlb edildiyi “Kəşfiyyat” və “Dağçılıq” təkmilləşdirmə kursları, eləcə də snayper hazırlığı kursu uğurla təşkil olunub.
Bu il oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində xüsusi təyinatlılarımız tapşırıqları yüksək peşəkarlıqla icra etdilər. Ümumilikdə, mindən artıq şəxsi heyət, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər. Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib. Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı “Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.
Təlimdən sonra şəxsi heyətlə görüş olub, zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-­polkovnik Zakir Həsənov təlimin təşkili və keçirilməsini yüksək qiymətləndiriblər. Ali Məclisin Sədri deyib: “Ordusu olmayan dövlət müstəqil ola bilməz. Güclü ordu güclü dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcəyini bəyan edən ümummilli liderimiz deyirdi ki, “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”. Ulu öndərimizin ordu quruculuğu sahəsində başladığı işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimizin qarantı olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər görülür.”
Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə əsgər yataqxanaları, əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Belə tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.
Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsinin istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Yeni hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılıb. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də qarovul xidmətinin düzgün təşkili üçün hərtərəfli şərait yaradılıb.
Ordumuzun hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malik olması günümüzün reallığıdır. Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində xidmət edən hərbi qulluqçularımızın yüksək nizam-intizama və döyüş qabiliyyətinə malik olması xalq-ordu birliyi nəticəsində yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin nəticəsidir. Bu gün məğlub­edilməzliyi və qələbə əzmi daha da artan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Bu il Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyinin istifadəyə verilməsi də muxtar respublikada formalaşdırlımış hərb ənənələrinə ehtiramın ifadəsidir.

Bu gün Azərbaycan əsgərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR