Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb, dekabrın 5-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm-istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar verib.
Komitənin əməkdaşları verilən tapşırıqların icrasını təmin etmək məqsədilə kənddə olub. Vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün kənddə səyyari xidmət qrupu fəaliyyətə başlayıb. Bütün texniki işlər başa çatdırıldıqdan sonra bir qrup sakinə əmlaklarının texniki sənədləri və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar paylanılıb.
Kənd sakinləri göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Xəbərlər şöbəsi