Vətənə əvəzedilməz xidmətlərinə görə xalqımızın unudulmaz yaddaşında əbədi iz buraxmış görkəmli alimlərimizdən biri də Azərbaycanda ekologiya elminin banisi, Əməkdar elm və dövlət xadimi, Dövlət mükafatı laureatı, sözün əsl mənasında, torpaq fədaisi akademik Həsən Əliyevdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirmişdir.”
Akademik Həsən Əliyev təbiətin mühafizəsi, ondan səmərəli istifadə edilməsi sahəsində genişmiqyaslı elmi tədqiqatlar aparmış, əhəmiyyətli işlər görmüşdür. Onun təşəbbüsü ilə ölkəmizdə ilk dəfə təbiətin dövlət hakimiyyəti tərəfindən qorunması üçün Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi yaradılmış və uzun illər bu sahəyə rəhbərlik etmişdir. Bu gün Azərbaycanın nadir bitki və heyvanlar aləminin qorunub saxlanıldığı dövlət qoruq və yasaqlıqlarının yaradılması da bu böyük təbiətşünas-ekoloq alimin adı ilə bağlıdır. 60 il elmi yaradıcılıqla məşğul olan akademik 800-dən çox elmi məqalə və monoqrafiya, 140-a yaxın müxtəlif təyinatlı xəritə, eləcə də xeyli sayda elmi-kütləvi nəşrlər hazırlamış, özündən sonra zəngin irs qoymuşdur. Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətə də xüsusi önəm verirdi. Onun 35-dən çox elmlər namizədi, elmlər doktoru olan tələbələri müəllimlərinin elmi fədakarlığı, qayğıkeşliyi barədə qürurla danışırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görkəmli akademikin 110 illik yubileyi ilə bağlı keçirilən tədbirdə demişdir: “Akademik Həsən Əliyev ölkəmizdə torpaqşünaslıq və tətbiqi ekologiya elmlərinin əsasını qoymuş, onun rəhbərliyi ilə Azərbaycanın qiymətli sərvəti olan torpaq fondu ilk dəfə pasportlaşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olmuşdur. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və mühafizəsinin təşkili böyük alimin elmi və ictimai fəaliyyətinin əsaslarını təşkil edirdi”.
O, torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, təbii ehtiyatların qorunması və səmərəli istifadəsinə həsr olunmuş məhsuldar fəaliyyəti ilə təbiətşünas və coğrafiyaçı, torpaqşünas-ekoloq kimi ölkəmizin hüdudlarından kənarda, dünya miqyasında da tanınmışdır. Dünya səviyyəsində təbiəti mühafizə, ekologiyaya dair keçirilən elə bir mühüm yığıncaq olmazdı ki, böyük alim ora dəvət edilməsin, orada çıxış etməsin. Akademik Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Yunanıstanda, Avstraliyada, Rumıniyada, Kanadada keçirilmiş ümumdünya konqreslərinin fəal iştirakçısı olmuşdur. Tanınmış alimin əsərləri dünyanın 15 ölkəsində nəşr edilmişdir.
Təbiəti mühafizə və ekologiya sahəsindəki xidmətlərinə görə Azərbaycanın elm tarixində şərəfli yer tutan, ensiklopedik biliyə, geniş dünyagörüşünə sahib olan Həsən Əliyev ömrünün böyük bir hissəsini əsrarəngiz Azərbaycan təbiətinin qorunmasına sərf etmişdir. “Azərbaycanda ekologiya elminin patriarxı” adlandırılan akademikin təşəbbüsü və bilavasitə fəaliyyəti nəticəsində Ətraf mühitin qorunmasına dair ilk elmi-tədqiqat şöbəsi, Təbiəti Mühafizə Cəmiyyəti, Ətraf mühitə nəzarət və Təbiəti Mühafizə Komitəsi yaradılmış və bu sahələrə uzun illər rəhbərlik etmişdir. Alimin elmi yaradıcılığının məhsulu olan onlarca ədəbiyyat ekoloqların, təbiətsevərlərin, elm adamlarının stolüstü kitabına çevrilmişdir. Akademikin 1976-cı ildə qələmə aldığı “Həyəcan təbili” əsəri təbiətimizin qorunması və bu sahəyə diqqətin cəlb edilməsi üçün çalınan həyəcan təbili, sözün əsl mənasında, alimin narahatçılıq, nigarançılıq qayğılarının ifadəsi, müəllifi olduğu “Azərbaycan təbiəti” jurnalı isə bu qayğıların, təşəbbüslərin, maarifləndirici məlumatların yer aldığı mənbə idi.
“Torpaq təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət olmaqla bizim çörək ağacımız, həm də yaşayışımızın ibtidasını təşkil edir”, – deyən Vətənə, torpağa bağlı alimin elmi fəaliyyətində torpağın qorunması ən çox diqqət yetirilən sahə olmuşdur. O, xüsusilə də Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalının 80 faizə qədərini təmin edən Kür-Araz ovalığı ərazilərində torpaqların şoranlaşmasına qarşı mübarizə tədbirlərinin aparılmasına diqqəti cəlb edirdi. Onun himayə və təşəbbüsü ilə Azərbaycanda torpaq kadastrı, torpaqların qiymətləndirilməsi sahəsində mühüm işlər görülmüşdür. Təbiətin vurğunu, böyük alim Həsən Əliyev Azərbaycanı misilsiz gözəlliklər diyarı, onun dilbər guşəsi olan Naxçıvanı “canlı təbiət muzeyi” adlandırmışdır.
O, Naxçıvan Muxtar Respublikasının da zəngin təbiətini tədqiq etmiş, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dəyərli tövsiyə və təkliflər vermişdir. Görkəmli alimin muxtar respublikamızın ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları artıq reallığa çevrilib. Belə ki, bir vaxtlar muxtar respublikada yaşıl örtük sahəsi ümumi ərazinin bir faizini keçmirdisə, hazırda bu göstərici 14 faizdən çoxdur.
Bu gün böyük alimin görmək istədiyi nümunəvi ekoloji mühit Naxçıvan Muxtar Respublikasında yaradılmışdır. Akademikin “Qoruq sözü varsa, deməli, təbiətimiz qorunur” fikirləri bu gün təbiətin qorunması sahəsində mühüm istiqamətlərdən biri kimi qəbul edilib. Hazırda muxtar respublika ərazisində 1 milli park, 1 qoruq, 3 yasaqlıq vardır. Bütün bunlar ümumi ərazimizin 28 faizini təşkil edir ki, bu da ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş ən yüksək göstəricilərdəndir. “Meşə sərvətimiz, var-dövlətimizin bir hissəsidir”, – deyən akademik Naxçıvan ərazisinin çox cüzi hissəsini təşkil edən meşələrin artırılmasının bu diyar üçün əhəmiyyətli olduğunu qeyd edir və yeni meşə massivlərinin, meyvə bağlarının salınmasını vacib sayırdı. Muxtar respublikamızda son 25 ildə bu sahədə görülən işlər nəticəsində meşə ehtiyatlarımız və yaşıllıqların sahəsi dəfələrlə artmışdır.
Akademikin doğma Naxçıvanımızda meyvə bağlarının artırılması, tarixi meyvəçilik şöhrətinin yaşadılması üçün elmi tədqiqatlarına, tövsiyələrinə xüsusi diqqət yetirilir. Muxtar respublika rəhbərinin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi isə, sözün əsl mənasında, doğma diyarımızın meyvəçilik şöhrətini özünə qaytarmışdır. Dünya şöhrətli təbiətşünas alim, Azərbaycan təbiətinin cəfakeş müdafiəçisi akademik Həsən Əliyev doğma Naxçıvanımızda yerli meyvə sortlarının inkişaf etdirilməsi, cəviz, badam və süfrə üzümü yetişdirilməsinin həm iqtisadi əhəmiyyətini və eyni zamanda bu meyvə bağlarının kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda əkilməsinin effektli olacağını elmi, praktik olaraq əsaslandırırdı. Böyük alimin bu arzularına rəğmən bu gün muxtar respublika ərazisində hər il on hektarlarla yeni meyvə bağları salınır. Diyarımızda bu sahənin inkişafına xüsusi önəm verilməsinin nəticəsidir ki, son illər aparılan yaşıllaşdırma tədbirlərində meyvə tinglərinin xüsusi çəkisi 70 faizdən çoxdur.
Təbiəti mühafizə və elmi-tədqiqat sahəsində yeni ədəbiyyatların, o cümlədən flora və faunaya dair II cilddən ibarət “Qırmızı kitab”ın və digər ədəbiyyatların çap edilməsi akademikin elmi yaradıcılığının bu gün də davam etdirilməsini göstərir.
Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin xidmətləri layiqincə qiymətləndirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 2003-cü il iyunun 16-da Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılmış, 2009-cu ildə Milli Parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Muxtar respublikanın ən böyük müəssisələrindən biri olan “Araz” Elm-İstehsalat Birliyi akademik Həsən Əliyevin adını daşıyır.
Təbiətin, torpağın sədaqətli oğlu, ali insani keyfiyyətləri özündə təcəssüm etdirən akademik bugünkü nəsil üçün əsl örnək, həyat məktəbi və insanlıq etalonudur. Bütün mənalı ömrünü doğma təbiətə, onun sərvətlərinin qorunmasına, elmə həsr etmiş vətənpərvər alim Azərbaycanı daim çiçəklənən qüdrətli bir dövlət kimi görmək istəyirdi.
Böyük alimin elmi fəaliyyəti ilə bərabər dövlətçilik fəaliyyəti və ictimai xidmətləri hər zaman olduğu kimi, bu gün də yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə akademik Həsən Əliyevin 100 illik və 110 illik yubileylərinin ölkəmizdə, eləcə də muxtar respublikamızda yüksək səviyyədə qeyd olunması alimin xidmətlərinə verilən dəyər və göstərilən dövlət qayğısının təzahürüdür.
Böyük ekoloq alim, akademik Həsən Əliyevin elm, dövlətçilik və ictimai fəaliyyəti hər zaman bizim üçün nümunə olacaqdır. Onun yaratdığı zəngin, elmi-pedaqoji irsə görə muxtar respublikanın bütün ekoloqları Həsən Əliyevin xatirəsini həmişə əziz tutacaq və alimin Naxçıvan təbiətinin qorunması ilə bağlı arzularının bundan sonra da həyata keçirilməsinə çalışacaqdır.
Elçin KAZIMOV
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi