Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib ki, müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirliyin əlaqədar şöbə və sektorları, tabeli idarə və müəssisələri tərəfindən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübələrini səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Ötən il bu məsələ ilə bağlı keçirilən yığıncaqda ümumi istiqamətlər müəyyənləşdirilib, xüsusilə təbii xammal ehtiyatları ilə zəngin olan diyarımızda bu sahələrdə mütəxəssis kadrların hazırlanması və onların təcrübi biliklərə yiyələnməsi üçün Naxçıvan Dövlət Universiteti ilə birgə fəaliyyət təşkil olunub. Ekologiya mühəndisliyi ixtisasının tələbələri bu tədris ilində nazirliyin təşkilatçılığı ilə istehsalat təcrübəsində olublar.
Nazir qeyd edib ki, gələcəkdə bu sahədə birgə fəaliyyət ardıcıllığının təmin edilməsi üçün tədbirlər planının hazırlanması görülən işlərin səmərəliliyini artıracaqdır.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamdan irəli gələn vəzifələrin icrasının savadlı və təcrübəli kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə nazirliyin şöbə müdiri, istehsalat təcrübəsinin qrup rəhbəri Azər Məmmədov, universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov və istehsalat təcrübəsi keçmiş IV kurs tələbəsi Nahid Hüseynov çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti