Ötən ili Naxçıvanın uğur ili adlandırsaq, heç də yanılmarıq. 23 ildir ki, hər il diyarımız uğurlarına yeni uğurlar əlavə edir. Ötən il də bir daha göstərdi ki, on illər ərzində bu qədim türk yurdu keçilməyən yollar fəth edib, dünyanı heyran edən bir məmləkətə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikası nail olduğu intibah mərhələsinin zirvə nöqtəsindədir.
Bəli, 2018-ci ildə nailiyyətlərimizə böyük və tarixə düşmüş yeni nailiyyətlər əlavə olundu. Daha çox nələrlə yadda qaldı 2018? Elə ilin birinci ayında Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə “Caspian European Club”un mükafatının təqdim olunmasını xüsusi qeyd etmək lazımdır. Məlumat üçün bildirək ki, “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib.
2018-ci il yanvar ayının 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirildi. Tədbirdə Naxçıvanın keçdiyi inkişaf yoluna, xüsusilə də 2017-ci ilə bir daha nəzər salındı, Naxçıvan Muxtar Respublikasının inkişafının ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslandığı vurğulandı. Sevindirici haldır ki, ötən ildə də Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri oldu.
2018-ci ildə Naxçıvanın ölkənin Gənclər Paytaxtı seçilməsi sevincimizə daha bir sevinc qatdı. Bu qalibiyyət bizim üçün ikiqat bayram oldu. Çünki Naxçıvan 2018-ci ildə ikinci paytaxt ünvanı statusunu aldı. Həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkənin Gənclər Paytaxtı. Başa vurduğumuz ildə doğma Naxçıvan iki məsuliyyətli təmsilçiliyi qürurla daşıdı. Bir məsələyə də diqqəti çəkmək istəyirəm. Məlumdur ki, Gənclər Paytaxtı bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir. Əslində isə bu qeyd olunan tədbirlər Naxçıvanda 20 ildən çoxdur ki, həyata keçirilir. Naxçıvan Gənclər Paytaxtı adını layiqincə daşıdı, yüksək təşkilatçılıqla keçirilən tədbirlərlə layihədə adını ilkin sıralara yazdırdı. Sentyabrın 21-23-də Naxçıvanda “Avropa günləri”nin və noyabrın 26-da Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi bu tədbirlərin ən möhtəşəmlərindən oldu. Hər iki tədbirin muxtar respublikada ilk dəfə keçirilməsini Naxçıvana olan etimadın və tədbirlərin yüksək səviyyədə reallaşdırılmasına inamın ifadəsi kimi dəyərləndirildi. Çünki belə tədbirlər qədim diyarımızın dünyaya tanıdılmasına, blokadanı birdəfəlik qırmağa, daha böyük inkişafa yeni qapılar açmaq arzularına xidmət edir ki, bu da müdrik bir siyasətdən qaynaqlanır.
2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri Azərbaycanın tarixi dövlətçiliyinin, milli və mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvan Muxtar Respublikasında demokratiyanın təntənəsi ilə yadda qaldı. 11 aprel seçkilərində muxtar respublikadakı seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs verdi. Bu, onu göstərirdi ki, naxçıvanlılar ölkə rəhbərinə böyük rəğbət bəsləyir, həmişə onu dəstəkləyirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlib və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak edib. Həyata keçirilən həmin quruculuq tədbirləri Naxçıvanın sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, 2018-ci il mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev çıxışlarının birində burada aparılan abadlıq-quruculuq işlərini, qədim diyarın sürətli inkişafını yüksək dəyərləndirdi. Ölkə başçısı bildirdi ki, “Bu il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli ad daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdü və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.
Bəli, 2018-ci il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış və dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirləri ilə Naxçıvan hərtərəfli inkişafa malik böyük mədəniyyət paytaxtı kimi dünyanın diqqətini özünə cəlb etdi. İstər yerli, istər xarici mətbuatda bu mövzuya geniş yer verildi və vurğulandı ki, İslam tarixinin bir parçası olan Naxçıvan bu dinin olduğu kimi təbliğinə öz töhfəsini verir və bu diyarda heç bir dini və mədəni ziddiyyət mövcud deyildir. Belə birgəyaşama mədəniyyəti dünya üçün bir nümunədir.
Naxçıvan 2018-ci ildə ən yeni tarixinə Günnüt zəfərini və ya uğurlu Naxçıvan əməliyyatını yazdırdı. Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan, 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf ərazilər may ayının son günlərində Əlahiddə Ümumqoşun Ordu tərəfindən işğaldan azad olundu. Bu xəbərin sevincini təkcə Şərur, onun Günnüt kəndi deyil, bütün Naxçıvan, bütün Azərbaycan yaşadı. İgid və qəhrəman əsgərlərimizin, ordumuzun sayəsində belə sevincləri hələ çox yaşayacağıq. O gün bütün dünya Naxçıvandan danışdı. Və bu gün də danışır. Bu əməliyyat hər bir azərbaycanlını qürurlandırır, hər birimizin BÖYÜK QƏLƏBƏYƏ olan inamımızı daha da artırır.
Kəndin sakinləri elə həmin gün Günnütə yollandılar. Kənd öz övladlarına, 26 ildir ki, yolunu gözlədiyi əzizlərinə qovuşdu. Doğma kanalda – Naxçıvan Dövlət Televiziyasında o kadrları izlədikcə ürəyimiz dağa döndü. 2018-ci il iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Günnüt kəndindəki hərbi hissədə olması və burada xidmət keçən əsgər və zabitlərlə görüşməsi onlarda böyük ruh yüksəkliyi yaratdı. Ali Məclisin Sədri demişdir: “Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.
2018-ci ildə bu tədbirlərlə yanaşı, müxtəlif sosial obyektlər istifadəyə verildi, mühüm layihələr reallaşdırıldı. Həmin tədbirlər sırasında Naxçıvanda ilk dəfə olaraq may ayında “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasını informasiya blokadasının yarılmasında mühüm əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirmək olar. İnformasiya agentliyi bolluğunda “Nuhçıxan” yeni ab-hava gətirdi, gur işığı ilə söz adlı varidatın dəyərini daha da artırdı. Adı qədim, özü müasir olan bu sayt muxtar respublikanın bugünkü inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdırır. Nuh yurdunun qazandığı uğurlar, qələbələr ilə dünyanın müxtəlif ölkələrinə yayılmış həmvətənlərimiz də tanış olurlar.
Onu da deyək ki, bu gün təkcə nuhcixan.az deyil, bütün dünya Naxçıvandan yazır. Bu da onunla bağlıdır ki, diyarımız ən gözəl turizm məkanı kimi 2018-ci ildə də öz qapılarını minlərlə əcnəbi turistə açıb. Onlar bu qədim yurd yerində gördüklərinə təəccüblərini gizlətmədiklərini, buradan yüksək təəssüratlarla ayrıldıqlarını mətbuat səhifələrinə çıxarırlar.
1995-ci ilin dekabr ayından muxtar respublikada dəyişilməyən bir yol seçilib: Heydər Əliyev yolu. Həmin yol Naxçıvan Muxtar Respublikasını əsl inkişafa qovuşdurub. Qazanılan nailiyyətlərin, uğurların kökündə gərgin siyasi əməli fəaliyyətin dayandığı danılmazdır. Verilən tapşırıqların, nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, bu gün 2018-ci ilin uğurlarından qürurla söhbət açırıq. NAXÇIVAN bu gün 2018-ci ildə qazandığı uğurların təntənəsini yaşayır və yuxarıda da qeyd etdiyimiz kimi uğurlarına uğurlar əlavə edir. Ölkə başçısı cənab İlham Əliyevin çıxışlarının birində dediyi kimi: “…Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Sara ƏZİMOVA
jurnalist