Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımların nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı doğma diyarımızda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır.
Azad Cabbarov diqqətə çatdırıb ki, muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşlərinin formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri, muxtar respublikanın rayon və kəndlərində yeni stadionlar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Nazir bildirib ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlərdə də gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği, onların yaradıcılıq və elmi potensiallarının üzə çıxarılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazasının möhkəmləndirilməsi nəticəsində bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 40 minədək yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar.
Gənclər və idman naziri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, fond 2018-ci il ərzində gənclərin müxtəlif layihələrinin həyata keçirilməsini dəstəkləyib, onların intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştirakları diqqətdə saxlanılıb. Fond tərəfindən gənclərin maariflənməsi, onların cəmiyyət üçün yararlı kadr kimi formalaşması, fəallıqlarının artırılması məqsədilə təlim və seminarlar, uzunmüddətli layihələr həyata keçirilib. Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər təşkilatları və fəal gənclərin Naxçıvan Muxtar Respublikasına səfərləri də yaddaqalan tədbirlər sırasındadır.
Cəbi Quliyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara 2019-cu ildə yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra tədbirin simvolu sayılan tortu kəsmək üçün Yeni ilin rəmzi olan Şaxta baba və Qar qız, həmçinin gənclər səhnəyə dəvət olunublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər, həmçinin Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtında ən yaxşı Yeni Azərbaycan Partiyası rayon (şəhər) Təşkilatının Gənclər Birliyi” və “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı”, “İlin ən yaxşı saytı” müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev təqdim ediblər.
Tədbirdə iştirakçılar arasında viktorina da keçirilib, müxtəlif mövzularda suallar səsləndirilib, hər suala aid 4 variant təqdim olunub. Sonda daha çox suala düzgün cavab verən 5 nəfər Naxtel nömrə qazanıb. Həmçinin tədbirdə fəal iştirak edən 2 nəfər gəncə də mükafat təqdim edilib.
Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib.
Ceyhun MƏMMƏDOV