23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra Naxçıvan Dövlət Universitetinə gələn qonaqlar buradakı fakültələr ilə tanış olub, İnformasiya-kommunikasiya texnologiyaları və Media mərkəzlərinin fəaliyyətləri ilə yaxından maraqlanıblar.
Ali təhsil ocağının Naxçıvan Atatürk Araşdırma Mərkəzində Türkiyə Respublikasından gələn nümayəndə heyətinə bildirilib ki, mərkəzin əsas məqsədi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini dərindən araşdırıb öyrənməkdir.
Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu müxtəlif ölkə­lərin universitetləri ilə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Vurğulanıb ki, ali təhsil ocağı hazırda ERASMUS+, Mövlana proqramları çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir.

Ərzurum valisi Okay Memiş Türkiyə Respublikası ilə Azərbaycan arasında bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı hər iki universitet arasında qarşlıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.
Sonra qonaqlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında olublar. Türkiyəli qonaqlara məlumat verilib ki, 2015-ci ildə istifadəyə verilən bu 8 mərtəbəli müasir səhiyyə ocağında tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Fizioterapiya, Naftalan nefti ilə müalicə, və Laboratoriya, Təcili və təxirəsalınmaz­­ tibbi yardım şöbələrində əhaliyə müasir tibbi xidmətin təşkili üçün yaradılan şərait qonaqlarda məmnunluq doğurub.
Duzdağ Fizio­terapiya Mərkəzi ilə tanışlıq zamanı buranın müalicə turizmi əhəmiyyətliliyi xüsusi maraq doğurub. Bildirilib ki, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Özbəkistan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə, Fransa kimi bir sıra xarici ölkə­lərdən gələn insanlar mərkəzdə yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunurlar.

Səfər proqramı çərçivəsində Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzi ilə tanış olub. Burada keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, ötən dövrdə muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verib, özəl sektorda mühüm nailiyyətlər əldə edilib. Bu gün iqtisadiyyatın müxtəlif sahələrində böyük uğurlara imza atan muxtar respublikada turizmin müxtəlif növlərinin, xüsusən qış turizminin inkişafı üçün çox böyük imkanlar vardır. Naxçıvanda qış turizm mərkəzinin tikilməsi, Ərzurum Vilayətinin də bu turizm növü üzrə çox yaxşı təcrübəyə malik olması bu sahədə əməkdaşlıq imkanlarını artırır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov səhiyyə xidmətləri sahəsində qardaş ölkə ilə aparılan əməkdaşlığın çox əhəmiyyətli olduğunu bidirərək qeyd edib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması üçün ən müasir şəraitlə təmin olunmuş səhiyyə infrastrukturu yaradılıb, kadr təminatı formalaşdırılıb.
Türkiyənin Ərzurum Vilayətinin valisi Okay Memiş onunla birlikdə gələn nümayəndə heyətinin tərkibində, əsasən, turizm və səhiyyə sektorunun təmsilçilərinin olduğunu bildirib. Həmin sahələr üzrə geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edən qonaq gələcəkdə naxçıvanlı turizmçilər və həkimlərin ərzurumlu həmkarları ilə daha yaxından əməkdaşlıq edəcəklərinə əminliyini vurğulayıb.
Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial­-iqtisadi inkişafından, Naxçıvanda müalicə turizmi imkanlarından, həmçinin Ərzurum Vilayətində təşkil edilən müalicə turizmi və müxtəlif səhiyyə xidmətlərindən bəhs olunan təqdimatları izləyiblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR