Dekabrın 24-də Naxçıvan Şahmat Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olmuşdur.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası dövlət idarələrinin əməkdaşları arasında ilk dəfə olaraq keçirilən şahmat üzrə birinciliyin qalibləri mükafatlandırılmışdır. Qeyd edək ki, birincilikdə qalib adını 6,5 xalla Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Talıb Babayev qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyin əməkdaşı Toğrul Həsənzadə (6 xal) ikinci, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ədalət Məmmədov (6 xal) isə üçüncü olmuşdur.
Şahmat Federasiyanın sədri Seymur Talıbov yığıncaqda çıxış edərək demişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı müəyyən iradlar bildirilmişdir. Dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanların olduğu qeyd edilmişdir. Mövcud nöqsanların səbəbi federasiya tərəfindən istedadlı uşaqların düzgün istiqamətlənməməsi, onlarla məşqçi-müəllimlərin yaxından maraqlanmamasıdır. Yığıncağı keçirməkdə məqsəd qarşıdakı ildə göstərilən iradları aradan qaldırmaq, verilən tövsiyyə və tapşırıqları yerinə yetirmək, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanmaqdır. Hazırda Federasiyanın maddi-texniki bazası gücləndirilib, şəhər və rayonlarda şahmat mərkəzləri, məktəbləri fəaliyyət göstərir. İdmançıların uğur qazanması üçün hər cür şərait yaradılıb.
Seymur Talıbov diqqətə çatdırmışdır ki, artıq yeni il üçün federasiyanın mükafat fondu təsis edilib. Fondu yaratmaqda məqsəd şahmatçıların, eləcə də məşqçi-müəllimlərin bu idman növünə olan marağını daha da artırmaq, muxtar respublikada şahmatı kütləvi hala gətiməkdir. Eyni zamanda, fond tərəfindən il ərzində uğur qazanan idmançılarımız, məşqçi-müəllimlərimiz mükafatlandırılacaqlar. Qarşıdakı ildə federasiya işini verilən tövsiyə və tapşırıqlar əsasında quracaqdır. İl ərzində hər ay mütəmadi olaraq rayon şahmat məktəblərində görüşlərin olacağını qeyd edən Şahmat Federasiyasının sədri çıxışının sonunda növbəti ildə muxtar respublikada şahmatın inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd etmişdir ki, adıçəkilən müşavirədə təhsil nazirliyinin də qarşısına müəyyən vəzifələr qoyulmuşdur. Bu tapşırıqların icrası üçün Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi, idman federasiyaları ilə birgə bu sahənin kütləvi hal alması üçün təsiq edilmiş tədbirlər planına uyğun olaraq işlər görür. Belə federasiyalardan biri də Şahmat Federasiyasıdır. Şahmatın muxtar respublikada inkişafı üçün hərtərəfli şərait yaradılıb, şahmat mərkəzləri və məktəbləri tikilərək idmançılarımızın ixtiyarına verilib. Eyni zamanda, yeni inşa olunan ümumtəhsil orta məktəblərində şahmat sinifləri şagirdlərin ixtiyarına verilib. Lakin məktəblərdə şahmatın tədrisi ilə bağlı müəyyən problemlər var. Bunun aradan qaldırılması üçün məktəblərdə şahmatı tədris edən müəllimlərə verilmiş sertifikatlara yenidən baxılır. Federasiyanın köməkliyi ilə həmin müəllimlər yenidən kurslara cəlb olunacaq. Muxtar respublikada şahmatın inkişafı, kütləviləşməsi üçün nazirlik bundan sonra da federasiya ilə birgə işlərini günün tələblərinə uyğun quracaq və göstərilən iradlar qısa vaxtda aradan qaldırılacaq.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov diqqətə çatdırmışdır ki, dövlət idarələri işçiləri arasında keçirilən şahmat üzrə açıq birincilik muxtar respublikanın idman tarixində ilkdir. Birinciliyin yüksək səviyyədə təşkili isə Şahmat Federasiyasının işini günün tələblərinə uyğun qurduğunun göstəricisidir. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə tədbirlər planının hazırlanması, görülən işlərin müzakirəsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ilk dəfə olaraq belə yığıncağı da məhz Şahmat Federasiyası təşkil edib. Eyni zamanda federasiyanın mükafat fondunu təsis etməsi təqdirəlayiq haldır. Belə bir addımın atılması şahmatçıların uğur qazanması və bu idman növünün muxtar respublikada kütləvi hal alması üçün əlavə stimuldur. Gənclər və İdman Nazirliyi mütəmadi olaraq Şahmat Federasiyası ilə birgə çalışır. Müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq qarşıdakı ildə də hər iki qurum arasında əməkdaşlıq davam edəcəkdir. Gənclər və idman naziri çıxışının sonunda keçirilən birincilikdə qalib gələn şahmatçıları təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.
Sonra 2019-cu il üçün hazırlanmış tədbirlər planı imzalanmışdır.
Yığıncağın sonunda məşqçi-müəllimlərin fikir və təklifləri dinlənilmişdir.
Eyni zamanda il ərzində uğur qazanan zəka sahibləri və “İlin məşqçisi” nominasiyasının qalibi Emin Hacıyev də mükafatlandırılmışdır. Mükafatları federasiyanın sədri Seymur Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov təqdim etmişlər.
Valideynlər adından çıxış edən Rəşad Məmmədov və Cavid Allahverdiyev Şahmat Federasiyasının sədrinə minnətdarlıqlarını bildirmişlər.
Şahmat Federasiyasının sədri Seymur Talıbov bütün idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara gələcək karyeralarında uğurlar arzulamışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.
“Şərq qapısı”