24 Dekabr 2024, Çərşənbə axşamı

Ulu babalarımızdan miras qalan, əsrlərboyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, ilboyu eyni şəkildə davam edəcəksən. 2018-ci ili də hər bir naxçıvanlı yüksək əhval-ruhiyyə ilə qarşıladı və artıq son günlərini yaşadığımız bu il qədim diyarımızın sakinlərinin yaddaşına unudulmaz xatirələrlə dolu xoş anlarla həkk edilir. İlin hər gününə yeni bir əlamətdar hadisə ilə başladıq. Sabahları üfüqdən boylanan Günəş rəvan yolumuzu nura qərq etdi. Qazanılan uğurlarda, atılan addımlarda, görülən işlərdə gənclərin fəallığı, canfəşanlığı xüsusilə seçildi, təqdir edildi. Gənclər üçün əldə olunan nailiyyətlərin zirvəsində isə, şübhəsiz, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi dayandı. Əlamətdar hadisədən daha da ruhlanan naxçıvanlı gənclər il ərzində istər sosial şəbəkələrdə, istərsə də yerli və beynəlxalq tədbirlərdə, müsabiqələrdə təqdirəlayiq şəkildə iştirak etdilər, diyarımızın dünənindən bu gününə keçilən möhtəşəm yolun bütün incəlikləri onların səyi ilə dünyaya yüksək səviyyədə bəyan olundu. Təbii ki, aralarında öz uğurları ilə daha çox sayılıb-seçilən, mükafatlara layiq görülən gənclər də az deyil. Bu günlərdə onlardan bir neçəsi ilə görüşdük, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı, həmçinin Gənclər Paytaxtı olması ilə əlamətdar olan 2018-ci ilin gənclərin yaddaşında hansı izlər buraxdığını öyrənməyə çalışdıq:

Pnar Yusifli – Naxçıvan Müəllimlər İnstitutunun məzunu: – 2018-ci il bütün naxçıvanlı gənclər kimi, mənim də yaddaşıma hər zaman xoş xatirələrlə anacağım bir dövr kimi həkk olundu. Sözün açığı, ilin əvvəlindən bu günədək o qədər tədbirlərdə, müsabiqələrdə iştirak etmişəm ki, ilk olaraq hansından bəhs edəcəyimi bir anlıq unutdum. Əvvəlcə hər birimiz üçün ən mühüm hadisə sayılan doğma şəhərimizin ölkəmizin Gənclər Paytaxtı seçilməsindən başlayım. Belə ki, hələ müsabiqəyə start verilməzdən öncə sosial şəbəkələrdə Naxçıvanla bağlı çoxlu foto­şəkillər, slaydlar paylaşır, Bakıda, eləcə də xarici ölkələrdə yaşayan dostlarıma doğma diyarımın turizm potensialını aşılamağa çalışırdım. Azərbaycanın Gənclər Paytaxtının seçilməsi ilə bağlı müsabiqəyə start verilməsi xəbərini eşidən kimi dərhal ətrafımdakı tanışlarımla var-qüvvəmizi səfərbər etdik. Bu yerdə ulu babalarımızın gözəl kəlamı yadıma düşür: “El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar”. Nəticədə, canımız qədər sevdiyimiz Naxçıvanımızı müsabiqənin qalibi etdik. Bununla da həyatımızda heç vaxt qürub etməyəcək yeni Günəş parladı, yolumuz daha işıqlı və rəvan oldu.

Onu da deyim ki, ilboyu muxtar respublikanın ali təhsil ocaqlarının tələbələri üçün özünüifadəetmə üsullarının təkmilləşdirilməsi, motivasiya, ünsiyyətqurma, hədəf və məqsədə çatma və digər mövzularda təlimlərin təşkilində fəal iştirak etdim. Həmçinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində təşkil olunan “Xəmsə” milli intellektual oyununa və digər tədbirlərə qatıldım, diplom və hədiyyələrlə təltif olundum. Möhtəşəm tariximizi özündə yaşadan Möminə xatın türbəsinin əhatəsində həvəskar kimi kamera ilə çəkdiyim videoçarx isə həyatıma yeni çalarlar, xoşbəxt günlər gətirdi. Belə ki, onu sosial şəbəkələrdə paylaşmağım böyük marağa səbəb oldu və bununla mən həm də mötəbər tədbirlərdə iştirak etmək imkanı qazandım. Doğma şəhərimizdə təşkil olunan Naxçıvan Muxtar Respublikası Gənc­lərinin VIII Forumunda və Bakıda keçirilən Azərbaycan Gənclərinin VIII Forumunda iştirakımı həyatımın ən böyük uğurlarından biri kimi hər zaman xatırlayacağam. Bir sözlə, 2018-ci ildə həyatımın ən əlamətdar günlərini yaşadım, gələcəyə olan böyük ümidlərim özünü doğrultdu. Sonda muxtar respublikada biz gənclərə göstərilən diqqət və qayğıya görə minnətdar­lığımı bildirirəm.
Suat Muradov – Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbin 11-ci sinif ­şagirdi: – Atdığım bütün addımlarda dövlətimizin dəstəyi təhsil aldığım məktəbdə, cəmiyyət içində qarşılaşdığım insanlardan gördüyüm xoş, mehriban münasibət məni ürəkdən sevindirir. Yaradılan şərait məni dərslərimdə fəal olmağa, sağlamdüşüncəli, Vətənimə, xalqıma layiqli gənc kimi yetişməyə ruhlandırır. Bilik və bacarığımın inkişafı üçün məktəbdənkənar fəaliyyətlə də geniş şəkildə məşğul oluram. Artıq bir neçə ildir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tennis və aplikasiya dərnəklərində, eləcə də Naxçıvan Uşaq Bərpa Mərkəzində təşkil olunan oyun məşğələlərində iştirakım sayəsində uğurlarımın ardı-arası kəsilmir. Tədbirlərdə, müsabiqələrdə diplom və fəxri fərmanlarla təltif edilməyim məni daha da ruhlandırır, yeni qələbələrə səsləyir. 2018-ci il bütün gənclər kimi, mənim də həyatımda əlamətdar hadisələrlə yaddaqalan oldu. Ötən illərə nisbətən bu il daha çox nailiyyət əldə etdim. İl ərzində iştirak etdiyim tədbirlər arasında “Milli geyimlər” festivalını xüsusilə xatırlatmalıyam. Həmin tədbirdə əl işlərim nümayiş olundu, insanların onlara maraqla tamaşa etmələri, ünvanıma xoş sözlər səsləmələri çox qürurverici idi. Bu il oktyabrın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Ən güclü kimdir” devizi altında keçirilən stolüstü tennis yarışında ikinci yeri tutduğum üçün də çox sevincliyəm. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil olunan Beynəlxalq Əlillər Gününə həsr edilmiş sərgidə mənim də əl işlərim yer aldı, buna görə diplomla təltif olundum. Artıq bir neçə gündən sonra 2018-ci il sona çatır. Əminəm ki, bu ilin həyatıma gətirdiyi yeni çalarlar bundan sonrakı yoluma da şəfəq saçacaq.
Fuad Babayev – Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi: – Söhbətimə əsərlərini sevə-sevə mütaliə etdiyim görkəmli rus yazıçısı, dramaturq Nikolay Vasilyeviç Qoqolun “Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var” kəlamı ilə başlamaq istəyirəm. Bəli, bu gün biz gənclərin maraq dairələri nəzərə alınır, parlaq gələcəyimiz naminə lazımi imkanlar yaradılır, inkişafımız üçün qarşımızda geniş üfüqlər açılır. Yetər ki, bunun qədir-qiymətini bilib, cəmiyyətə, xalqa faydalı ola biləcək işlərlə özümüzü tanıtdıraq. Fikrimcə, yola salmaqda olduğumuz 2018-ci il biz gənclərin həyatında olduqca maraqlı, gələcəyimizə yönəlmiş işlərin həyata keçirilməsi ilə tarixə yazıldı. Gəncliyin uğur marafonu elə ilin əvvəlində Naxçıvan şəhərinin ölkəmizin Gənc­lər Paytaxtı seçilməsi ilə başladı. Sonra bir-birini əvəzləyən müxtəlifsəpkili tədbirlər həm öz bacarığımızı ortaya çıxarmağa, həm də qədim diyarı hərtərəfli tanıtmağa böyük fürsət yaratdı. İl ərzində bir sıra layihələrə qatıldım, təlimlərdə aparıcı qismində çıxış etdim.
2017-2018-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müsabiqəsində birinci yer tutaraq sertifikat qazandım. Gənclər arasında təşkil olunan “Xəmsə” milli intellektual oyunu üzrə X Azərbaycan çempionatının muxtar respublika üzrə zona seçim mərhələsində iştirakçısı olduğum komanda ilə III yeri tutdum. Həmçinin “Azərbaycanın intellektual birincisi” layihəsinin III mövsümü çərçivəsində keçirilən “Axtar tap” intellektual oyununun qalibi oldum. Sen­tyabrın 21-23-də “Avropa günləri” çərçivəsində Naxçıvanqalada təşkil edilən, könüllü olaraq iştirak etdiyim tədbir xatirəmdə dərin izlər buraxdı. Eyni zamanda təhsil aldığım universitetdə tələbələrin iştirakı ilə “İntellektual rinq” adlı intellektual oyun keçirdim, hazırda davam edən “Kim? Nə? Hara?” oyununda aparıcı kimi iştirak edirəm. Naxçıvan Muxtar Respublikası Gənclərinin VIII Forumunda çıxışımı isə hələ də xatırlayıram. Ötən ay Bakıda keçirilən Azərbaycan Gənclərinin VIII Forumu da dünya­görüşümün artmasında böyük rol oynadı. Bir sözlə, 2018-ci il həyatıma yeniliklərlə dolu il kimi daxil oldu, düşüncəmdə müxtəlif fikir və ideyalar formalaşdı və inanıram ki, 2019-cu ildə həmin arzuları reallığa ­çevirə biləcəyəm.
Lalə Rzayeva – Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi: – Görkəmli şəxsiyyətlər, mərd oğullar yetirən Naxçıvan diyarında dünyaya göz açdığım üçün özümü xoşbəxt sayıram. Şanlı tarixə malik qədim yurdumun bu gün hər qarış torpağı yaradıcı əllərin nəvazişi ilə gülüstana çevrilib və bu, bir gənc kimi məni ürəkdən sevindirir. Bütün bunları təbliğ etmək, dünyaya çatdırmaq isə biz gənclərin üzərinə düşən mənəvi borcdur. Şəxsən mən ötən illər ərzində ölkəmizin digər bölgələrində, eləcə də xarici ölkələrdə olanda Naxçıvanın inkişafını, turizm potensialını tanıtmağa çalışmışam. Elə sosial şəbəkələrdə də daim fəallıq göstərir, gəzdiyim-gördüyüm yerlərin foto və videolarını paylaşıram.
Bu il biz gənclərin ən böyük uğuru Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi oldu. Müsabiqəyə start veriləndən tələbə yoldaşlarımla birgə fəallıq göstərdik və nəticəsi də hər birimizi qəlbən sevindirdi. Beləliklə, həyatımızda qızıl hərflərlə yazılan yeni bir səhifə açıldı. İl ərzində bir sıra beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirak etdim. Bu ilin aprel ayından start verilən “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibi olmağım yaradıcı fəaliyyətimə böyük stimul verdi. Həmçinin sentyabrın 21-23-də“Avropa günləri” çərçivəsində Naxçıvanqalada təşkil olunan tədbir də olduqca maraqlı və yaddaqalan keçdi, burada Almaniya səfirliyi üçün könüllü oldum. Bu, mənim üçün böyük təcrübə idi.“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvana gəlişi müddətində keçirilən tədbirlər mənim üçün böyük fürsət oldu. Xarici dil bildiyim üçün belaruslu gənc­lərlə sərbəst ünsiyyət qura bildim, onlara qədim diyarımız haqqında ətraflı məlumatlar verdim. Bəli, beləcə, 2018-ci il mənim də həyatıma mənalı günlər, xoşbəxt anlar gətirdi, silinməz izlər buraxdı.
Gənclərlə söhbətlərimdən bir daha inandım ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi, bununla bağlı təşkil olunan tədbirlər onların həyatında böyük əhəmiyyətə malik inkişafa yol açıb. Gənclər əmindirlər ki, bu il qazandıqları uğurlar onlara gələcək həyatlarında, iş fəaliyyətlərində çox güclü stimul olacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR