23 Dekabr 2024, Bazar ertəsi

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında müzakirə olunan məsələlər və 2018-ci ildə Culfa rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadənin məruzəsi dinlənilib.
Bildirilib ki, 2018-ci ilin təkcə yanvar-noyabr aylarında rayonda 7 milyon 733 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.
Kənd təsərrüfatının inkişafından da danışan Vüsal Məmmədzadə qeyd edib ki, bəhs olunan dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 595 min 400 manat dəyərində 992,3 ton mineral gübrə satılıb, 1067 istehsalçıya 491 min 700 manat dövlət yardımı verilib. Bu dövrdə müxtəlif kredit təşkilatları tərəfindən 574 kənd təsərrüfatı məhsulları istehsalçısına, ümumilikdə, 1 milyon 93 min 900 manat kredit verilib.
Hesabat ilində aqrolizinq xətti ilə 3-ü kombayn, 2-si traktor olmaqla, ümumilikdə, 30 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı sahibkarlara satılıb.

Qeyd olunub ki, 2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında və 2018-ci ilin yazında 7392 hektar sahədə əkin aparılıb. Rayonda kənd təsərrüfatının bütün sahələri ilə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. 2018-ci ildə yeni doğulmuş 941 baş buzov üçün istehsalçılara 94 min 100 manat dövlət yardımı ödənilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. 2018-ci ilin yanvar-noyabr aylarında rayonda diri çəkidə 3428 ton ət, 9192 ton süd, 5 milyon 742 min ədəd yumurta, 133,2 ton yun istehsal edilib.
Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olan arıçılıq həm də yüksək gəlir gətirən sahə kimi diqqət mərkəzində saxlanılıb. Arıçılıqla məşğul olan sahibkarlara 113 manat məbləğində kredit verilib.
Müşavirədə qeyd olunub ki, paytaxt şəhərimiz Naxçıvandan sonra ilk dəfə Culfa şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında 30-a yaxın ailə təsərrüfatı tərəfindən 128 adda 1320 qablaşdırılmış məhsullar nümayiş olunub.
Məruzədə tikinti-quraşdırma işlərindən də söz açılıb. Qeyd olunub ki, ötən il Culfa şəhərində “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin servis mərkəzi, Dizə və Qazançı kəndlərində isə kənd və xidmət mərkəzləri, yeni məktəb binaları tikilib istifadəyə verilib, tarixi Qazançı körpüsü elmi əsaslarla bərpa edilib, rayon mərkəzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin vaqon təmiri sexinin tikintisi davam etdirilib. Bu dövrdə Culfa şəhəri Mehdi Hüseynzadə küçəsindəki 30 və 32 nömrəli çoxmənzilli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb. Culfa şəhərindəki mərkəzi stadion yenidən qurulub. Stadionda 80 nəfərlik tribuna tikilib, basketbol və voleybol meydançası yaradılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Hüseyn ŞƏKƏRƏLİYEV

*  *  *

Naxçıvan Musiqi Kollecində keçirilən yığıncağı kollecin direktoru Günay Əliyeva açaraq bildirib ki, hazırda təhsil müəssisəsində əyani şöbədə 11 ixtisas üzrə 480, qiyabi şöbədə 4 ixtisas üzrə 26 tələbə təhsil alır.
Vurğulanıb ki, 2018-ci il yay imtahan sessiyasında tələbələr ümumtəhsil və ixtisas peşə hazırlığı fənləri üzrə imtahan veriblər. Tələbələrin qiymətləndirilməsi, sessiyanın nəticələri, davamiyyət kollokviumların nəticələrinə əsasən aparılıb, dövlət imtahanına buraxılan 145 tələbənin hamısı imtahanları müvafiq qiymətlərlə başa vurublar. Həmin tələbələrdən 7 nəfəri fərqlənmə, 138 nəfəri isə subbakalavr diplomuna layiq görülüb.
Qeyd olunub ki, musiqi kollecində istedadlı gənclərin üzə çıxarılması, onların ifaçılıq qabiliyyətlərinin artırılması məqsədilə tələbələrin mütəmadi solo konsertləri keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar təşkil edilən “Gənc ifaçıların muxtar respublika müsabiqəsi”ndə musiqi kollecinin 70-ə yaxın tələbəsi iştirak edib, onlardan 13-ü I, 18-i II, 3-ü isə III yerə layiq görülüb.
Direktor onu da bildirib ki, oxunması zəruri olan kitabların müzakirələri təşkil edilib. “Amerika Birləşmiş Ştatlarının XVI prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” kitabı əsasında viktorina keçirilib. Viktorinada qalib gələn 3 komanda mükafatlandırılıb.
Kollecin direktoru onu da qeyd edib ki, təhsil müəssisəsi muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişdirilməsində və təhsilin keyfiyyətinin artırılmasında bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa səy göstərəcək, təhsilin səviyyəsinin artırılmasında daha böyük əzm və iradə ilə çalışacaq.
Sonra məruzə ətrafında çıxışlar olub.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR