Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasını giriş sözü ilə komissiyanın sədri İsmayıl Qəribli açaraq bildirib ki, hesabat dövründə komissiya tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib.
Dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin, həmçinin kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi diqqətdə saxlanılıb.
Komissiya 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil edib, bu məqsədlə 3 müsabiqə elan olunub. İlk iki müsabiqədə 302 vakant vəzifənin tutulması məqsədilə test imtahanında iştirak edən 390 namizəddən 143-ü keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 134 namizəddən 70-i uğur qazanıb, 62 nəfər vakant vəzifələrə təyin olunub, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb. 305 vakant vəzifənin tutulması məqsədilə elan edilən sonuncu müsabiqənin test və müsahibə mərhələləri 2019-cu ildə keçiriləcəkdir. Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, siyahıda olan 17 namizəddən 8-i hesabat dövründə işlə təmin olunub.
Bildirilib ki, 2018-ci il ərzində komissiya tərəfindən hazırlıq kursları təşkil olunub, həmin kurslarda, ümumilikdə, 274 nəfər iştirak edib. Müxtəlif sahələrdə işə qəbul olmaq istəyən şəxslərin bilik səviyyəsinin yoxlanılması üçün 767 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilib.
Hesabat dövründə komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin davam etdirilməsi diqqətdə saxlanılıb, il ərzində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər test suallarında öz əksini tapıb.
Vurğulanıb ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilib. Həmin imtahanlarda 756 namizəd iştirak edib, onlardan 272-si müvafiq keçid balını toplayıb. Hesabat dövründə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında iştirak edən 390 nəfərdən 332-si keçid balını toplayıb.
2018-ci ildə Daxili İşlər və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 344 namizəddən 106-sı müvafiq keçid balını toplayıb.
Hesabat dövründə komissiyada 59 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb. Həmçinin müvafiq dövlət orqanlarında 28 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.
Qeyd edilib ki, yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbulu ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan verir. Yeni proqram təminatı məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə, komissiyanın fəaliyyətinin günün tələblərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə şərait yaradır.
İsmayıl Qəribli çıxışında ötən il keçirilən çoxsaylı maarifləndirici tədbirlər haqqında da məlumat verib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti