23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2018-ci ildə də davam etdirmiş, bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirmişdir.
2018-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 20-ni şikayətlər, 50-ni isə ərizələr təşkil etmişdir.

Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin ötməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 5 şikayətə baxılmasından imtina edilmişdir. 15 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 3-ü təmin edilmişdir. 12 şikayətə baxılması zamanı isə hüquq ­pozuntusu aşkar edilməmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmışdır.
2018-ci ildə də Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi məqsədilə müvafiq tədbirlər keçirilmişdir.
Hər il olduğu kimi, insan hüquqları sahəsində əlamətdar günlər – “18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”, “21 sentyabr – Beynəlxalq Sülh Günü”, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” müvafiq tədbirlərlə qeyd edilmişdir.
Ümumilikdə, 2018-ci il ərzində Müvəkkil təsisatı tərəfindən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 74 tədbir keçirilmiş, hüquqi maarifləndirici vəsaitlər təqdim edilmişdir.
2018-ci ildə hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə daim diqqət mərkəzində olmuş, fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusu və Naxçıvan Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə insan hüquqlarına dair müvafiq tədbirlər keçirilmişdir.
Ötən ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər keçirilmiş, hüquqi vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəza­çəkmə müəssisələrində 5 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 4 məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmişdir.
Ümumilikdə, 2018-ci il ərzində cəzaçəkmə müəssisələrində cəzaçəkən 9 məhkum barəsində belə humanist tədbirlər tətbiq edilmişdir.
2018-ci ildə Müvəkkil Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1300 nəfər ­iştirak etmişdir.
Bu və ya digər müəssisəyə başçəkmə zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir.
Qeyd edilməlidir ki, Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər ­hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır.
Ötən il ərzində Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə keçirilən görüş zamanı muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilmiş, təcrübə mübadiləsi və bu sahədə maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Ötən ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkil və təsisatın insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialının təbliği işi ardıcıl davam etdirilmiş, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Qeyd edilməlidir ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır.
Müvəkkil təsisatı bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini daha da artıracaqdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR