Dekabrın 15-də “Naxçıvan” Universitetində “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransı keçirilib.
Konfransda TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “TÜRKSOY-Uluslararası Türk Kültür Təşkilatı 25-ci ilində” mövzusunda açılış nitqi edib. Bildirib ki, bu il yaranmasının 25 ili tamam olan təşkilat ötən dövrdə Türk-İslam əxlaq fəlsəfəsinin tədqiqində, təbliğində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə çalışıb. TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının I konfransı 2017-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilib. II konfransın TÜRKSOY-un yaradılmasının 25-ci ildönümündə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilməsi təsadüfi deyil. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, türk dünyası üçün böyük şərəf və qürurdur. Vurğulanmalıdır ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən bir sıra vacib məqamlar diqqətdə saxlanılır, konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda islam mədəniyyətinə, bəşəri dəyərlərə, töhfə verməlidir. Tələb olunan amillərin də Naxçıvanda mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində əsas olub.
TÜRKSOY adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirən Fırat Purtaş konfransa öz işində müvəffəqiyyət arzulayıb.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan – Türk coğrafıyası və mədəniyyətinin mərkəzi kimi” mövzusunda məruzə edib. Qeyd edilib ki, qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsirlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı əzəli türk-oğuz yurdu, Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biridir. Naxçıvan həm də Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindəndir. Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar 5 min il bundan əvvəl ilkin şəhər mədəniyyətinin formalaşması, şəhərsalma ənənələrinin indiyədək qalan izləri sübut edir ki, bu torpaq bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Burada insanlar 500-300 min il bundan əvvəl yaşayıblar.
Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfəiər verib, – deyən akademik diqqətə çatdırıb ki, Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürüb, böyük dövlətçilik ənənələrinin əsasını qoyublar. Burada X-XI əsrlərdə “Naxçıvan şahlığı”, XII-XIII əsrlərdə Azərbaycan Atabəylər dövləti, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərib. Naxçıvan diyarı “Türk yurdu”, “Şərqin qapısı”dır, türk dövlətləri ilə Türkiyə Cümhuriyyətini əlaqələndirən körpüdür. 1921-ci ildə Naxçıvan muxtariyyət statusu əldə edib, 1924-cü ildə isə Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan Muxtar Respublikası müqəddəs bir məkandır. Burada Nuh peyğəmbərin məzarı və məzarüstü türbəsi, adı “Qurani-Kərim”də çəkilən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yerləşir. Bu diyarda 1218 dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb.
Qeyd olunub ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi təsadüfı deyildir. Bu zirvə görüşü ilə türkdilli ölkələrin birliyi yeni mərhələyə qədəm qoydu. Naxçıvanda keçirilən bu mötəbər və möhtəşəm tədbirlər silsiləsi türk dünyasının birliyi, həmrəyliyi, bu günü və gələcəyi baxımından çox mühüm töhfələrlə yadda qaldı. Qədim sivilizasiyanın məkanı olan, bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan bu günlərdə daha bir ilkə imza atdı, Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirildi.
Tarixi mənbələrdə Naxçıvan şəhəri “Yer üzərində bundan daha çox əhalisi olan şəhər yoxdur”, “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur”, “Şəhərdə çoxlu saray, köşk və eyvan vardır... Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir” və sair bu kimi ifadələrlə, “Nəqşi-cahan” (“Dünyanın bəzəyi”) epiteti ilə tərənnüm edilib, “Naxçıvan İslamın ən güclü dayaqlarından biri” adlandırılıb. Naxçıvan Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin mərkəzi olub. Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı, bu şəhərin İslam mədəniyyətinin paytaxtı olmağa tam haqq verib. Bəşər mədəniyyətində İslam sivilizasiyasının xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. Bütün bunlar göstərir ki, İslamda elmə, maarifə böyük əhəmiyyət verilir. Bu dinin ən gözəl göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. Naxçıvanlı alimlərin bu sahədəki fəaliyyətləri diqqətəlayiqdir. Onlar islam hüququ və “Qurani Kərim”in təfsiri haqqında çoxsaylı əsərlər yazıblar. Bütün bunlar qətiyyətlə deməyə əsas verir ki, Naxçıvanın adı İslam mədəniyyətinin paytaxtı kimi əbədi qalacaqdır.
“Türk dünyası ədəbiyatında Çingiz Aytmatov imzası” mövzusunda çıxış edən TÜRKSOY-un Qırğızıstan təmsilçisi, xalq şairi Kojogeldi Kuluyev nəinki türkdilli dövlətlərdə, dünyanın bütün ölkələrində tanınan yazıçı Çingiz Aytmatovun Türk dünyasında sevinən əsərləri, onların ideya istiqamətləri, türk xalqları arasında əlaqələrin gücləndirilməsində rolu, dünyaşöhrətli yazıçının Azərbaycanın sənət, mədəniyyət, ədəbiyyat xadimləri ilə əlaqələri barədə danışıb. Təmsilçisi olduğu təşkilat tərəfindən 2018-ci ilin Qırğızıstanda “Çingiz Atmatov ili” elan olunmasını bu böyük yazıçıya türk dünyasının verdiyi böyük qiymət kimi dəyərləndirilib.
TÜRKSOY-un Qazaxıstan təmsilçisi, doktor Askar Turganbayevin, “Doğumunun 125-ci ilində Mağcan Cumabay və qazax ədəbiyyatı” mövzusunda çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi Mağcan Cumabayın keşməkeşli həyatı, mənalı fəaliyyəti və zəngin yaradıcılığı barədə danışıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov “Naxcıvan – Türk və İslam dünyasına açılan qapı” mövzusundakı çıxışına ümummilli liderimiz Heydər Əliyevin qədim diyar haqqındakı fikirləri ilə başlayıb: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Bunu qədim Naxçıvana gələn hər bir kəs görür, Naxçıvanda türk-islam mədəniyyətinin böyük ehtiramla yaşadıldığını təsdiq edir.Ona görə də bu konfransın Naxçıvanda keçirilməsi böyük əhəmiyyət daşıyır.
Ankara Yıldırım Bəyazit Üniversiteti, doktor Oğuzxan Aydının “Əhmət Yasəvidən Yunus Əmrəyə Türk dünyasının İrfan ədəbiyyatı” mövzusunda çıxışında Türk dünyasının İrfan ədəbiyyatında böyük rolu olan Əhməd Yasəvi, Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Baba Nemətulla Naxçıvani və başqalarının fəaliyyəti barədə ətraflı məlumat verib.
“19-cu yüzil – 20-ci yüz ilin əvvəlində Azərbaycanda din adamlarının maariflənmə hərəkatının yeri və rolu” mövzusunda çıxış edən Ankara Hacəttəpə Universitetinin doktorantı Cavid Mövsümlü bəhs olunan dövrdə rus şovinizminin islam dünyasına münasibəti, din xadimlərinin maariflənməsi yolunda həyata keçirilən tədbirlərdən danışıb.
Sonra TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən “Naxçıvan” Universitetində keçirilən konfransa yüksək səviyyədə ev sahibliyi etdiyi üçün ali təhsil ocağına hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.
“Şərq qapısı”