Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyi partiyanın Naxçıvan Şəhər Təşkilatı ilə birlikdə “Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, 1991-ci il dekabrın 16-da ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. 27 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, milli diasporun formalaşması və lobbiçilik fəaliyyətinin inkişafı prosesinin başlanğıcıdır.
Qeyd olunub ki, ulu öndərin həmrəylik, vətənçilik, Azərbaycançılıq ideyaları Azərbaycanı qüdrətli və inkişaf etmiş dövlətə çevirib. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar məhz bu ideyalara əsaslanaraq vahid bir məqsəd naminə birləşib, qüdrətli Azərbaycan dövləti ilə yanaşı, ciddi potensiala malik Azərbaycan diasporu formalaşıb. Azərbaycan diasporu tarixinə görə yeni fenomen olsa da, məhz tolerant, mədəni, iqtisadi inkişaf kimi fundamental dəyərlərə əsaslandığı üçün ciddi bir siyasi reallığa çevrilib.
“Milli həmrəyliyə gedən yol Naxçıvandan başlayır” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev bildirib ki, ümummilli liderimizin əsasını XX əsrin 70-ci illərində qoyduğu, 1990-cı illərin əvvəllərində Naxçıvanda yaşayıb işləyərkən inkişaf etdirdiyi və mühüm siyasi qərarla tarixiləşdirdiyi dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyası görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyə qayıdışından sonra qarşısıalınmaz reallığa çevrilib. 1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul edilən tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsində, Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılmasında göstərib. 2006-cı, 2011-ci və 2016-cı illərdə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları göstərdi ki, artıq bu sahədə dövlət siyasəti özünün əsaslı nəticələrini verib, müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımız ciddi diaspora və müstəqil Azərbaycanın həqiqət carçılarına çevriliblər.
“Ulu öndər Heydər Əliyev və milli ideologiya məsələləri” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün timsalında bütün dünya azərbaycanlılarını birləşdirmiş Azərbaycançılıq, ölkəmizin tam siyasi-iqtisadi müstəqilliyini, ərazi bütövlüyümüzü ehtiva edən suverenlik, milli-mənəvi dəyərlərin qorunması şərti ilə ümumbəşəri dəyərlərə optimal inteqrasiya, müstəqil müasir, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, sosial ahəngdarlığın və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən dövlətçiliyin və sosial ədalətin təmin edilməsi milli ideologiyamızın ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə nəzəri olaraq yaradılan və həyata keçirilən başlıca prinsipləridir. Bu baxımdan ulu öndərin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, əslində, milli ideologiyamızın tarixi-nəzəri və siyasi konsepsiyasıdır. Hazırda milli ideologiya bütün prinsiplər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Daha sonra Naxçıvan Dövlət Universiteti Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Novruzəli Rəhimov “Ümummilli lider Heydər Əliyevin milli həmrəylik fəlsəfəsi”, “Naxçıvan” Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, universitetin “Elmi əsərlər” jurnalının elmi redaktoru Nicat Yaqubov “Azərbaycançılıq məfkurəsi və dünya azərbaycanlıları” mövzularında çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycançılıq ideologiyası zəngin ictimai-siyasi, tarixi-fəlsəfi və milli qaynaqlarımızın bünövrəsi üzərində formalaşıb, xalqımızın bugünkü sağlam mənəviyyatının, dövlət siyasətinin, cəmiyyətdə milliliklə bəşəri dəyərlərin sintezindən yaranan müasir duyğu və düşüncələrinin təşəkkül tapmasına təkan verib, öz əhəmiyyətini isə dünya azərbaycanlılarının bir bayraq altında birləşməsində göstərib. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir.
Konfransdakı məruzələr dünya azərbaycanlılarının həmrəylik hərəkatına həsr olunmuş slaydlarla müşayiət edilib.
Xəbərlər şöbəsi