23 Dekabr 2024, Bazar ertəsi

Heydər Əliyev ideyalarına sədaqətin, Vətənə, yurda bağlılığın nümunəsi olan Naxçıvanda bütün sahələrdə böyük nailiyyətlər əldə edilib. Muxtar respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə infrastrukturun qurulması, dövlət proqramlarının uğurlu icrası yeni-yeni nailiyyətlərin qazanılmasına rəvac verib. Bu mənada, 2018-ci il də istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni sahələrdə qazanılmış bir sıra uğurlarla yadda qalıb, ötən ilin son ayı da əlamətdar olub.

 Turizm üçün çox əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə mövcud imkanlardan səmərəli istifadə olunur, mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd ­Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahədə görülən kompleks tədbirlərin tərkib hissəsidir. 2000 metr yüksəklikdə yerləşən Ağbulaq yaşayış məntəqəsi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. 2018-ci ildə də bu tədbirlər davam etdirilib, 1 milyon 500 min manat dəyərində yenidənqurma işləri aparılıb, 65 ev yenidən qurularaq müasir şəraitlə təmin olunub. Buna görə də Ağbulaq kəndi Turizm-İstirahət Bölgəsi kimi fəaliyyət göstərmək üçün ideal məkana çevrilib. Bölgənin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə bu qabaqcıl təcrübəni digər yaşayış məntəqələrində tətbiq etməkdən ibarətdir. Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatının olması bu baxımdan əlamətdar hadisədir. 

Təqdimat münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edən Ali Məclisin Sədri deyib: “Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır. Ağbulaq Kənd ­Turizm-İstirahət Bölgəsi internet vasitəsilə turistlərə təqdim olunacaqdır. Turistlərin Ağbulaq kəndinə gəlməsi isə turizmin canlanmasına və ölkəmizin inkişafına töhfə verəcəkdir”.
Həmin gün Ali Məclisin Sədri Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub, işlərin keyfiyyətlə görülməsi və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib.
Muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənc­lərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı günü-gündən artmaqdadır. Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə də uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qalıb.
Ali Məclisin Sədri müşavirədə sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu olduğunu vurğulayaraq deyib: “Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər”.
Ali Məclisin Sədri Gənclər və İdman Nazirliyinə və idman federasiyalarına aidiyyəti üzrə tapşırıqlar verib, 2018-ci ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 4 məşqçi-müəllimə mükafat təqdim edib.
Tarixi xilaskarlıq missiyasını həyata keçirərək muxtar respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr girdabından qurtaran, aydınlığa çıxaran ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi daim yad edilir, Onun müstəqil Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında yad edilib.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib, Heydər Əliyev Muzeyinə gələrək görkəmli dövlət xadiminin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Qədim Naxçıvan İslam və Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən bir diyardır. Naxçıvan tarixin bütün dövrlərində İslam və Türk dünyasına, ümumilikdə isə bəşər tarixinə böyük töhfələr verib, görkəmli şəxsiyyətlər bəxş edib. Bu gün muxtar respublikadakı türk-islam abidələri bu zəngin tarixi keçmişi bir daha göstərir. Buna görə də İslam və türk mədəniyyətlərinin dünya səviyyəsində təbliğində yaxından iştirak edən beynəlxalq təşkilatlar Naxçıvana xüsusi diqqət yetirirlər.
Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.
Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirib.
Ali Məclisin Sədri Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirib.
Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin Sədrinə TÜRKSOY-un “25-ci il Xatirə ­Medalı”nı təqdim edib.
Müxtəlif mədəniyyətlərin kəsişdiyi, geostrateji baxımdan çox əhəmiyyətli bir məkanda yerləşən Naxçıvan qədim sivilizasiyanın şanlı varisi kimi ötən il İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirdi. Bütün bunlar bir daha onu göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır.
Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində iştirak ediblər.
Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən muxtar respublika rəhbəri qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.
Bu gün muxtar respublikanın digər bölgələri kimi, Şahbuz qəsəbəsi də müasir infrastruktura malik olan şəhərə çevrilib. Həyata keçirilən infrastruktur layihələri, xüsusilə içməli su və kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə göstərilən qayğının daha bir ifadəsidir. 15 minə yaxın əhaliyə xidmət göstərən yeni sistem gələcəkdə əhali artımı da nəzərə alınmaqla uzun illər istismar olunacaqdır. Təmizləyici qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarının çirklənməsinin qarşısını alacaq, eyni zamanda su anbarında balıqçılığın inkişafı üçün problemlər yaranmayacaqdır. Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində və təmizləyici qurğunun ətrafında aparılacaq yaşıllaşdırma tədbirlərinin layihəsinə baxıb, müvafiq tapşırıqlar verib.
Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində də mühüm işlər görülür, yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir və internet saytları istifadəyə verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 30 muzeydən 17-si son 20 ildə yaradılıb. Dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Şərur rayonunun tarixinin muxtar respublika tarixinin bir hissəsi kimi öyrəniləcəyinə və qorunub saxlanılacağına əminliyini bildirib, muzey işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Muxtar respublikamızda Vətənimizin müdafiəsi zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğının davamı olaraq dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ-Lifan 320” markalı minik avtomobili verilib.
Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.
Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub. Ali Məclisin Sədri tamaşaya baxıb, tamaşadan sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb, uğurlu tamaşa münasibətilə kollektivi təbrik edib.
Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən il də inkişaf və sabitlik ünvanına çevrilən, İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını şərəflə daşıyan Naxçıvanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman əhəmiyyətli infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olub. Naxçıvanda ötən il bütün sahələrdə inkişaf təmin olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Təsadüfi deyil ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq 2 milyard 422 milyon manata yaxın olub. Ümumi daxili məhsulun 57 faizdən çoxu istehsalın payına düşüb ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir. Göstərilən maliyyə dəstəyi sayəsində ötən il muxtar respublikada 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Cari ilin ötən dövründə istehsal edilən sənaye məhsulunun həcmi artaraq 900 milyon manata yaxın olub. Görülən tədbirlər kənd təsərrüfatının inkişafına da öz təsirini göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları ­istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsində bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
2018-ci il Naxçıvanın şanlı hərb tarixinə qızıl hərflərlə yazılıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və ətraf əraziləri, ümumilikdə, 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb.
Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində bu faktları qeyd edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət başçı­sının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və ­çəkilən zəhmət sayəsində nail olunmuşdur”.
Sessiyada 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunub.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordunun silah arsenalı və maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, mənəvi-­psixoloji hazırlığı və döyüş ruhu daha da artırılır. Muxtar respublikadakı hərbi hissələrdə də infra­strukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri­-məişət komplekslərinin istifadəyə verilməsi infrastrukturun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərin davamıdır.
Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə maraqlanıb, ön xətdə xidmətin təşkili və döyüş növbətçiliyinin aparılması ilə bağlı tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak edib.
Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır. Gərməçataq və Buzqov kənd­lərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır”.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.
Muxtar respublikada bütün sahələr üzrə əldə olunan nailiyyətlər 2019-cu ildə də inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir, birlik və həmrəyliyimizi daha da möhkəmləndirir. Sürətli inkişafın, dayanıqlı sabitliyin, monolit birliyin nəticəsidir ki, dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə qeyd ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb. Bu, el-obaya, yurda bağlılığın misilsiz nümunəsini göstərən naxçıvanlıların həm də 2018-ci ili uğurla yola saldıqlarını və 2019-cu ildə yeni-yeni nailiyyətlər qazanmaq əzmində olduqlarını ifadə edirdi. Muxtar respublikada elmi əsaslara söykənən böyük quruculuq siyasəti də buna geniş imkanlar açır.

Naxçıvanın 30 ilə yaxın bir dövrdə blokadada olmasına baxmayaraq, vətənpərvərliklə görülən işlər onu beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının 2017-ci və 2018-ci illər üçün hazırladığı illik investisiya reytinqi üzrə Naxçıvan Muxtar Respublikasının iki dəfə ard-arda lider olması da doğma diyarımızda iqtisadi, mədəni və sosial rifahın təmin edilməsi sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Bu, həm də muxtar respublikamızda görülən işlərə Azərbaycan dövlətinin göstərdiyi böyük diqqətin, verilən yüksək qiymətin növbəti nümunəsidir.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR