Yanvarın 26-da “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. İnsan sağlamlığına göstərilən qayğının nəticəsidir ki, muxtar respublikanın bütün bölgələrində yeni tibb müəssisələri istifadəyə verilir, onlar ən müasir tibbi avadanlıqlarla təmin olunur. Bu gün “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni tibbi avadanlığın verilməsi isə uşaq sağlamlığına öz töhfəsini verəcək.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə muxtar respublikada daim diqqət mərkəzində olan sahələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi böyük qayğının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Səhiyyə daim inkişaf edən sahə olduğundan tibbi avadanlıqlar da davamlı olaraq yenilənir və təkmilləşdirilir. Doğum Mərkəzinə təqdim olunan yeni exokardioqrafiya aparatı da tibbi xidmətin keyfiyyətini daha da yüksəldəcək.