Yanvarın 11-də Nаxçıvаn Muxtаr Respublikаsı Prоkurоrluğunda beşinci çаğırış Nаxçıvаn Muxtаr Respublikаsı Аli Məclisinin doqquzuncu sessiyаsındаn irəli gələn vəzifələr, 2018-ci il ərzində Nаxçıvаn Muxtаr Respublikаsı Prоkurоrluğu оrqаnlаrı tərəfindən görülmüş işlər müzakirə olunub.
Kollegiya iclasını Nаxçıvаn Muxtаr Respublikаsının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq bildirib ki, 1918-ci il 1 oktyabr tarixdən fəaliyyətə başlamış milli prokurorluq orqanlarının inkişafı, dünya standartlarına uyğun, müasir tələblərə cavab verən prokurorluq sistemi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı və həyata keçirdiyi islahatlarla bağlıdır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı nəticəsində muxtar respublikanın prokurorluq orqanlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin oktyabr ayında prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib, dövlətçilik ideyalarına sadiqliyi və xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə orden və medallarla təltif edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri 2018-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olub, onlara kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib və prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı slaydlar nümayiş etdirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Rеspublikası Prоkurоrluğu 2018-ci il ərzində digər hüquq-mühafizə оrqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlət müstəqilliyimizin, cinayətkarlığa və hüquq pоzuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsinin təmin еdilməsində fəallıq göstərib. Pеşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib еdilməsi və оnlara təzyiqlər göstərilməsi ilə bağlı cinayət hadisəsi qеydə alınmayıb, yеtkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisələri törədilməyib.
Prokuror bildirib ki, “Azərbaycan Respublikası Baş Prokurorunun “Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında” 27 iyun 2005-ci il tarixli əmrinin icrası ilə əlaqədar 2018-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması işinin vəziyyətinin ümumiləşdirilməsinə dair icmal məktub”da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun müsbət iş təcrübəsinin tabe qurumlarda yayılması məqsədəuyğun hesab olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açan vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, 2018-ci ildə muxtar respublikamızda biznes və investisiya sahəsində ciddi uğurlar qazanılıb, iqtisadiyyatın dinamik və davamlı inkişafının qorunub saxlanmasında muxtar respublikanın dövlət vergi orqanlarının da mühüm rolu olub.
Vurğulanıb ki, iqtisadi inkişafın nəticəsi olaraq hesabat dövründə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib. Bu da 2017-ci illə müqayisədə 10,9 faiz çoxdur. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 34,5 faizi dövlət sektorunun, 65,5 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 394 min 700 manat və ya 15,4 faiz artıb.
Qeyd edilib ki, muxtar respublikamızda özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Buna görə də özəl sektordan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə Şərur rayonu üzrə 143,1 min manat və Babək rayonu üzrə 261,7 min manat artıb.
Bildirilib ki, kiçik və orta sahibkarlıq sahəsində sadələşdirilmiş vergi üzrə proqnoz 2 milyon 331 min manat və ya 71,7 faiz, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 482 min manat və ya 36,2 faiz artıqlaması ilə icra edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində vergiödəyiciləri tərəfindən 28641 bəyannamə təqdim edilib. Bunun 28631-i və ya 99,9 faizi elektron formada olub. Vergilər üzrə proqnoz tapşırıqların yerinə yetirilməsində mühüm rolu olan aktiv vergiödəyicilərinin sayı (kənd təsərrüfatı istisna olmaqla) sahibkarlığa göstərilən qayğının və yaradılan işgüzar biznes şəraitinin nəticəsidir ki, 2017-ci illə müqayisədə 1,2 dəfə və ya 1007 vahid artıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasından bəhs edən vergilər naziri bildirib ki, bu istiqamətdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə tədbirlər davam etdirilib. Belə ki, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində 1272 POS-terminal quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirlərinin nəticəsi olaraq hesabat dövründə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 35 milyon 93 min 350 manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 294 min 678 manat çox olub.
Bildirilib ki, sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətin gücləndirilməsi işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə davam etdirilib. Nəticədə, işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisinin məbləği hesabat dövründə 133 min 154 manat olmaqla, 2017-ci illə müqayisədə 6504 manatdan çox artıb.
Sonra çıxış edən vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov vergitutma sahəsində görülmüş işlərdən bəhs edərək bildirib ki, hesabat dövründə muxtar respublikada əhali ilə nağd pul hesablaşmaları aparan 1865 obyektdən 1857-də nəzarət-kassa aparatı quraşdırılması təmin edilib. Bu da nəzarət-kassa aparatı quraşdırılmalı olan obyektlərin 99,6 faizini təşkil edir. Ciddi hesabat blankı tətbiq edilməli olan 968 obyektin hamısında ciddi hesabat blankları tətbiq edilir.
Qeyd olunub ki, vergi borclarının alınması sahəsində nəzarətin daha da gücləndirilməsi nəticəsində hesabat dövrü ərzində muxtar respublika üzrə hesablanmış 2 milyon 320 min manat vergi borcunun ödənilməsi təmin edilib, 2019-cu il 1 yanvar tarixinə borc məbləğləri qalmayıb.
Sonra Naxçıvan Şəhər, Şərur və Babək Rayon Vergilər idarələrinin rəislərinin görülmüş işlərlə bağlı çıxışları olub.
Xəbərlər şöbəsi