23 Dekabr 2024, Bazar ertəsi

2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının iclasını təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq məruzə edib.
Bildirilib ki, ölkəmizdə müstəqil dövlətçiliyin inkişafı bilavasitə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. 1992-ci ildə Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin siyasi və milli dövlətçilik konsepsiyasını dönmədən reallaşdırıb, nəticədə, ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib. Naxçıvan şəhəri 2018-ci ili İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı kimi öz tarixinə yazıb, ən müasir Avropa şəhərləri ilə müqayisə olunacaq məkana çevrilib. Ötən ilin ən mühüm siyasi hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham­­ Əliyevin muxtar respublikamıza səfəri olub, səfər zamanı Naxçıvan şəhərində də bir sıra sosial obyektlər istifadəyə verilib, bu əlamətdar hadisə ictimaiyyətin yaddaşında dərin təəssüratlar buraxıb.

Qeyd edilib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının qurultayları, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V konfransı və təşkilatın Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində quraraq cəmiyyətin ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərib. Bu baxımdan təşkilatın 2018-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi­-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet təşkil edib.
Vurğulanıb ki, ötən müddətdə təşkilatda, ümumilikdə, 14 kütləvi siyasi tədbir keçirilib, partiyaya üzv qəbulu ilə bağlı müsahibələr aparılıb. Həmçinin 2018-ci ildə partiyaya üzv qəbul olmaq üçün müraciət edən 1084 nəfərdən 1020-si Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Nəticədə, 2019-cu il yanvarın 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 935 nəfərə çatıb.
İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək 2018-ci ildə Naxçıvan şəhərində quruculuq və abadlıq işlərinin sürətlə davam etdirildiyini, paytaxtın bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. Çıxışda Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının başlıca göstəriciləri diqqətə çatdırılıb, şəhərdə aparılan quruculuq tədbirlərində Yeni Azərbaycan Partiyası üzvlərinin fəallıq göstərdiyi qeyd olunub.
Məruzələr ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvləri, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev və Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk təşkilatının sədri Çapay Quliyev çıxış ediblər.

*  *  *

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatında keçirilən şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzə ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı ötən il fəaliyyətini təkmilləşdirməyə, müasir tələblər səviyyəsində qurmağa çalışıb. Son illər muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində yeni tikilib istifadəyə verilmiş kənd mərkəzlərində ərazi ilk təşkilatları üçün iş otaqlarının ayrılması onların nüfuzunu artırıb, fəaliyyətini canlandırıb.
Diqqətə çatdırılıb ki, hazırda rayon təşkilatının 5608 üzvü var. 55 ərazi ilk təşkilatında partiya üzvlərinin 2669-u qadın, 1699-u isə gəncdir. Ötən il 57-si kənd, 42-si isə Culfa şəhər ərazi ilk təşkilatları olmaqla, ümumilikdə, 99 nəfər partiya sıralarına qəbul olunub. Məruzəçi deyib ki, rayon təşkilatı Gənclər Birliyi 2018-ci ildə gənclər arasında ideya-siyasi işləri gücləndirib. Gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində müxtəlif tədbirlər, yarışlar, görüşlər keçirilib. Hesabat dövründə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı Culfa Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edilib, mart ayında “Gənclər bağı” salınıb. Gənclər Birliyi ilə rayon Gənclər və İdman İdarəsi birgə tədbirlər hazırlayıb həyata keçiriblər.
Təşkilatın Qadınlar Şurasının fəaliyyətindən də söz açan Qadir İbrahimov diqqətə çatdırıb ki, 2018-ci ildə yol verilən bəzi nöqsan və çatışmazlıqlar rayon təşkilatının idarə heyətinin iclasında geniş müzakirə və təhlil olunub, onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
Bildirilib ki, muxtar respublikamızın son illər davamlı və hərtərəfli inkişaf etməsi Culfa rayonunun timsalında da özünü göstərib. Belə ki, həyata keçirilmiş irimiqyaslı abadlıq, yaşıllaşdırma və quruculuq tədbirlərində, iməciliklərdə, aqrar islahatların həyata keçirilməsində partiya üzvlərinin fəallığı yüksəlib, rayonda yaşayış məntəqələrinin siması tamamilə dəyişib, abad kəndlərin sayı artıb, insanların həyat səviyyəsi yaxşılaşdırılıb.
Şura iclasında Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Yaycı kənd ərazi ilk təşkilatının sədri Vaqif Abdullayev, Bənəniyar kənd ərazi ilk təşkilatının sədri Duvangir Əhmədov çıxış ediblər.
Sonra bir qrup gənc partiya sıralarına qəbul olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR