23 Dekabr 2024, Bazar ertəsi

(Mənsur şeir)

Gözəlliklərini görməyə ömürlərin bəs etmədiyi, ecazkarlığı qarşısında insanın dili tutulan nazlı diyar, Tanrının sığal çəkdiyi məkan – NAXÇIVAN!
Payızını qırmızımtıl yarpaqlarında sevdiyim, qışına binalarının kirəmitlərindən sallanan buzlarında heyran qaldığım, yazına qaranquşlarının cəhcəhində vurulduğum, yayında coşqun çayların şaqraq sularına gömüldüyüm ürəkparam. Sözlərə sığışmayan qiymətsiz diyar...
Sən Cavid əfəndinin özünü dünyalara təqdim etdiyi səhnəsən. Məmməd Araz ədəbiyyata səndən salam söyləyib, şeir torpaq. Öpmək istəyirəm gecələrinin nur çələngindən, gözlərimi bir an belə ayırmadan baxmaq istəyirəm səhərlərinin sübh şəfəqinə. Doymuram səndən, doymaq istəmirəm diyarımdan. Azadlığımın azadlığa çıxdığı ümmanım, NAXÇIVANIM!
Qədimlik qoxulum, gənclik nəfəslim, min illər keçsə də, gəncliyindəki qədimlik özünü itirməz, itirməyəcək. Torpağın zər, daşın dürdür, mənim qızıl məmləkətim. Möminə xatın cənnət payındı, Əlincə düşmənə gözdağın. Batabatsa bu qədər əsrarəngizliyin olsun mavi göz muncuğun. Hər şeyin ən gözəlini Tanrı sənə veribdi, doğmaların doğması. Təsadüf deyil. Axı təsadüf belə olmur. Şairlərin şairi, şeiri, sözü səndə. Ən gözəl təbiətin elə özü səndədir. Bilirsən, göz işığım? Sən o qədər gözəlsən...
Doğma Azərbaycanın iki gözündən biri sənsən, özəlsən. Bax buna görədir ki, paxıl qonşuların da, bədnam düşmənlərin də əli, gözü səndədir. O əlləri qırmağa lazım olan qılınc da, o gözləri oymağa gərək olan bıçaq da səndədir, şairlərin sözündə, yazarların qələmindədir, NAXÇIVANIM!
Sən İslam mədəniyyətinin beşiyi, dünyaya açılan, Qoca Şərqin daima açıq olan qapısısan, Həyat eşqim!!! Bu gözəlliklərə, əzəmətə ülvilik qatanın, memarlıq edənin də var. O ŞƏXS ki qüsursuzluğuna qüsursuzluq qatır. Günü-gündən zirvələrin ən ümdə sakini edir səni, Gözəllik abidəmi... Nə qədər ki ONUN əli üstündə vardır, sən də var olub milyonların həmişəvar varlığına dönəcəksən, göz bəbəyim, Nuh ocaqlı Nuhçıxanım...

Qızbəsti SULTAN
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR