Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, muxtar respublikada istehsal olunan məhsul və xidmətlərin keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini daha da yüksəltmək üçün standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Qeyd olunub ki, hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası xüsusilə diqqətdə saxlanılıb və ardıcıl tədbirlər həyata keçirilib.
Bildirilib ki, muxtar respublikada uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqətin artırılması üzrə 102 məktəbin bufetində, 11 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində monitorinqlər aparılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb. Həmçinin məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların 5 halda keyfiyyət göstəriciləri yoxlanılıb və nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.
Qeyd olunub ki, muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə 302 təsərrüfat subyektində 1271 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılıb.
Diqqətə çatdırılıb ki, istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün tədbirlər görülüb.
Qeyd olunub ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə aidiyyəti orqanların nümayəndələri ilə birlikdə elektrik və qaz cihazlarının satışını həyata keçirən 102 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb. İdxal olunan 5372 ədəd məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 440 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
İclasda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Şahbuz şəhərində, Babək qəsəbəsində, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Kırna və Kəngərli rayonunun Yurdçu kəndlərində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminarlar keçirilib, maarifləndirici bukletlər paylanılıb. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün 7926 rəngli etiket hazırlanıb və ailə təsərrüfatlarına çatdırılması təmin edilib. 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında keyfiyyətə nəzarət üçün aidiyyəti orqanla birlikdə 445 halda məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub, nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.
Vurğulanıb ki, agentliyin əsas fəaliyyət istiqaməti kimi istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb, ötən il ərzində məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. Ümumilikdə, 2018-ci il ərzində istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarətin davam etdirilməsi barədə verilmiş tapşırıqların icrası istiqamətində standartların tələblərinə uyğun olmayan 29811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb.
Sonra agentliyin müvafiq şöbələrinin hesabatları dinlənilib, qarşıya qoyulmuş vəzifələr müzakirə olunub.
* * *
Ordubad rayonunda 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2018-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55407,5 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 52727,8 min manat təşkil edib.
Hesabat dövründə Ordubad Dəmir Yol Vağzalının yeni binası və Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin, Ordubad Yol Sahəsinin inzibati binaları, Ordubad şəhərində Rabitə Evi istifadəyə verilib. Ordubad şəhərindəki 24 mənzilli yaşayış binası əsaslı təmir edilib, Dəstə kəndində kompleks quruculuq işləri başa çatdırılıb.
Rayon İcra Hakimiyyətinin və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binaları isə əsaslı şəkildə təmir olunur.
Rayon mərkəzində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Ordubad-Culfa magistral avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Vurğulanıb ki, 2018-ci ilin yanvar-noyabr aylarında rayonda 8295,4 min manatlıq sənaye məhsulu istehsal olunub.
Ötən il kənd təsərrüfatında məhsuldarlığın artırılmasına ciddi önəm verilib, aqrar sahənin davamlı inkişafı təmin olunub. Rayonda 2018-ci ildə 1964 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 5679 ton məhsul yığılıb.
Diqqətə çatdırılıb ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində müəyyən tədbirlər həyata keçirilib. Bəhs olunan dövrdə rayonda diri çəkidə 2546,7 ton ət, 5726,3 ton süd, 11892,1 min ədəd yumurta, 91,4 ton yun istehsal edilib.
Rayonda meliorasiya və irriqasiya sistemlərinin fəaliyyəti yaxşılaşdırılıb. Bunun ifadəsidir ki, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 135,2 kilometr məsafədə kanal və arxlar lildən təmizlənib, 36,75 kilometr məsafədə içməli su xəttində təmir işləri aparılıb, 4,8 kilometr məsafədə yeni içməli su xətti çəkilib, 1490 metr kaptaj təmir edilib.
Qeyd olunub ki, yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil edilib, ümumilikdə, 27 min 883 ting əkilib. 16 hektar sahədə yeni bağ salınıb, 8 hektar sahədə bərpa işləri aparılıb. Dəstə kəndi ərazisində 1 hektar sahədə 100 kiloqram badam və ərik dənələri əkilib.
Elektrik enerjisindən istifadə zamanı texniki itkinin normalara uyğun olaraq minimuma endirilməsi məqsədilə il ərzində 191 ədəd dayaq basdırılıb, 19 min 880 metr məsafədə yeni məftillər çəkilib və köhnə məftillər yeniləri ilə əvəz olunub.
Ordubad rayonunun bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Bunun ifadəsidir ki, ötən dövrdə 69 mənzil və 8 obyekt qazlaşdırılıb.
Qeyd olunub ki, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələri də ili uğurla başa vurublar.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Şahbuz rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2018-ci ildə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi genişləndirilib, Şahbuz Şəhər Təmizləyici Qurğular Sistemi istifadəyə verilib. Şahbuz şəhərində Mədəniyyət Evinin və aviakassanın inzibati binalarında tikinti və abadlıq işləri başa çatıb. Tikintisi davam edən çoxmərtəbəli ictimai yaşayış binasında xeyli işlər görülüb. Kükü, Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evlərinin tikintisi tamamlanıb. Yeni “Badamlı” mineral sular zavodunun tikintisində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Belə ki, Ağbulaq kəndində dağ və xizək turizminin inkişafı üçün tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, həmin yaşayış məntəqəsində bütün evlərin dam örtükləri dəyişdirilib, fasadları yenilənib, yararsız tikililər sökülüb, həyətlərdə abadlıq işləri aparılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Rayonda quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub. Belə ki, 2018-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 27794,3 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 25441,1 min manat olub.
Qeyd edilib ki, ötən il 10570,7 min manatlıq sənaye məhsulu istehsal olunub.
İcra başçısı vurğulayıb ki, rayonda aqrar sahənin inkişafına da ciddi önəm verilir. Bunun ifadəsidir ki, ötən ilin məhsulu üçün 1615 hektar sahədə taxıl əkini həyata keçirilib. 2019-cu ilin məhsulu üçün isə 1411 hektar sahədə payızlıq səpin aparılıb.
Ümumilikdə, 2018-ci ilin ötən dövründə rayon üzrə 44509,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Bəhs olunan dövrdə iməciliklərdə 4,8 hektar sahədə 4862 meyvə, 1400 üzüm tingi əkilməklə yeni bağlar salınıb, 1,9 hektar sahəyə bərpa məqsədilə 1543 meyvə tingi, həmçinin Şahbuz-Batabat magistral avtomobil yolunun kənarlarına 365 həmişəyaşıl, 728 meşə ağaclarının tingi əkilib.
Qeyd olunub ki, rayоn əhalisinin еlеktrik еnеrjisinə оlan tələbatını yaхşılaşdırmaq məqsədilə müvafiq işlər görülüb, 2018-ci ildə 4763 abonentə xidmət göstərilib.
Bir sıra yaşayış məntəqələrində qaz xətləri yenidən işlənib, 4656 abonentə xidmət göstərilməklə 7 tikilmiş fərdi evə, 1 sosial obyektə yeni xətt çəkilib. Diqqətə çatdırılıb ki, rayonda digər sahələrdə də həyata keçirilən məqsədyönlü tədbirlər hesabına xeyli uğurlar qazanılıb. Qarşıda duran vəzifə 2019-cu ildə daha böyük müvəffəqiyyətlərə nail olmaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Sədərək rayonunda keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun məruzəsi dinlənilib.
Bildirib ki, 2018-ci il ərzində rayonda 320,6 min manat dəyərində abadlıq və təmir işləri aparılıb. İçməli su və kanalizasiya xəttinin çəkilişi və Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə monitorinq laboratoriyasının yaradılmasına başlanılıb.
Vurğulanıb ki, ötən il rayonda 4443,5 min manatlıq sənaye məhsulu istehsal olunub.
2018-ci il 1 dekabr tarixə olan məlumata görə, 2503 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 8072 ton məhsul yığılıb. Ötən ilin payızında 2247 hektar sahədə əkin aparılıb. Yaz-payız əkinlərinə görə 673 torpaq mülkiyyətçisinə 523,133 ton güzəştli şərtlərlə gübrə paylanılıb.
Qeyd olunub ki, rayonda 2926 baş iribuynuzlu mal-qara, 16734 baş xırdabuynuzlu heyvan, 18147 baş quş və 667 arı ailəsi vardır.
İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı xüsusiyyətlərə malik təsərrüfat sahəsi kimi arıçılığın da inkişafı diqqət mərkəzində saxlanılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində rayonda 113 subartezian quyusu təmir olunub. Yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 5,5 hektar sahədə meşəsalma və 8 hektar sahədə bərpa işləri aparılıb.
Həbib İbrahimov deyib ki, ötən il rayonda 8 yeni telefon çəkilişi olub və internet istifadəçilərinin sayı 410 nəfəri keçib.
2018-ci ildə 15 transformator yenisi ilə əvəz olunub, istismar müddəti başa çatmış 95 sayğac yenisi ilə əvəz edilib, 2100 metr müxtəlifölçülü elektrik verilişi xətləri quraşdırılıb, 18 elektrik dirəyi yeniləri ilə əvəz edilib. Rayonda ötən il ərzində 24 nasaz qaz sayğacının istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilib, 20 yaşayış evinə qaz xətti çəkilib.
Qeyd edilib ki, ötən il vergi və digər icbari ödəmələr planı 183 min manat, büdcəyə daxilolmalar isə 201,3 min manat təşkil edib. Bu da proqnoz tapşırığa 110 faiz əməl olunması deməkdir.
Məruzədə hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, nağdsız hesablaşmalar, sığorta, daşınmaz əmlak və torpaq məsələləri, məşğulluq, gənclər və idman, mədəniyyət, məktəbəqədər və məktəbdənkənar müəssisələrin fəaliyyəti, mədəni-kütləvi tədbirlərin keçirilməsi sahələrində ötən il görülən işlərdən də danışılıb.
Müşavirə məruzə ətrafında müzakirələrlə başa çatıb.
Xəbərlər şöbəsi