Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
İclasda agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək diqqətə çatdırıb ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən muxtar respublikanın bütün rayon (şəhər) İcra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə agentliyin və Dövlət Yol Polisi əməkdaşlarının birgə müntəzəm reydləri də təşkil olunub.
Bildirilib ki, görülmüş işlərin nəticəsində ötən ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2017-ci illə müqayisədə artmışdır. Bu dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 690 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 6,2 faiz, yaxud müqavilə sayında 582 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 6,3 faiz, yaxud müqavilə sayında 47 ədəd artım olub. Əmlakın yanğın və digər risklərdən sığortası üzrə toplanmış tədiyələrin həcmi 2,2 faiz, sığorta müqavilələrinin sayı isə 26 ədəd artıb.
Vurğulanıb ki, 2018-ci ildə muxtar respublikanın bütün rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortasının əhəmiyyəti barədə izahat-məlumatlandırma işləri aparılıb və kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1612 sığorta müqaviləsi bağlanılıb.
Tədbirdə işdəki çatışmazlıqlara da toxunularaq sığorta tədiyələrinin toplanması işində rayon Dövlət Sığorta agentliklərinə qarşıdakı dövrdə daha səylə çalışmaq tapşırılıb. Daha sonra rayon dövlət sığorta agentliklərinin direktorları çıxış edərək görülmüş işlər haqqında məlumat veriblər.
* * *
AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək əldə edilən elmi nailiyyətlərə qısa nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, ötən il bölmədə 23 monoqrafiya, 15 kitab olmaqla, ümumilikdə, 820 elmi əsər nəşr edilib. Elmi məqalələrdən 48-i impaktfaktorlu (11-i Tomson Reuters) jurnallarda çap edilib.
Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” kitabçaları, həmçinin “Yengicə kəndində Şərq hamamı”(Azərbaycan və ingilis dillərində) bukleti, “Naxçıvanın məscid və ziyarətgahları” monoqrafiyası, “Qarabağlar Türbə Kompleksi” kitabı (Azərbaycan, rus və ingilis dillərində) və “Naxçıvan coğrafiyası”nın ikinci cildi hazırlanaraq nəşr edilib.
Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən bölmədə palçığın kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisindən alüminium sulfat tərkibli süxur analiz olunub, eyni zamanda Darıdağ termal suyunun quru qalığından məhsul istehsalına başlanılıb. O cümlədən Qabıllı gili əsasında yuyucu tozu hazırlanıb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazi florasında 132 rəsmi dərman bitkisi müəyyənləşdirilib. Onlardan alınan qarışıqlar standartlara uyğun reseptlər əsasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib.
İsmayıl Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanmasına diqqətin artırılması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və tətbiqyönümlü işlərin həyata keçirilməsinin cari ildə qarşıda duran əsas vəzifələr olduğunu bildirib.
Sonra bölmənin ayrı-ayrı institutlarının illik hesabatları dinlənilib, həyata keçiriləcək məsələlər müzakirə edilib.
* * *
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, təhsil ocağında 433 tələbə təhsil almaqdadır. Kollecdə 2-si fəlsəfə doktoru olmaqla, ümumilikdə, 45 müəllim fəaliyyət göstərir.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublika rəhbərinin göstərişi əsasında istilik sahəsinə olan kadr ehtiyacını ödəmək üçün kollecdə yeni İstilik təchizatı və istilik texnikası avadanlıqları ixtisası açılıb.
Qeyd olunub ki, ötən il ərzində kollecdə elektron təhsilin tətbiqi daim diqqət mərkəzində saxlanılıb, muzeylərlə kollec arasında distant təhsil prosesi davam etdirilib. 2018-ci il ərzində 7 ixtisas üzrə hami təşkilatlarla mütəmadi olaraq treninqlər, açıq dərslər təşkil edilib və həmin təşkilatlarda istehsalat təcrübələri keçirilib. Kollecdə 10 elmi dərəcəli və təcrübəli müəllim tərəfindən ilboyu 82 nümunəvi dərs keçilib ki, bu da şagirdlərin biliklərinin artırılmasında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə kollecin 113 məzunu olub, təhsil ocağını 7 tələbə fərqlənmə diplomu ilə bitirib. Kollecin müəllim və tələbə heyəti müxtəlif tədbirlərdə, intellektual və idman oyunlarında, müsabiqələrdə yaxından iştirak edərək uğurlar qazanıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq məruzə edib.
Bildirilib ki, rayonda sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb, bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində mövcud istehsal müəssisələrinin, fermer təsərrüfatlarının fəaliyyəti genişləndirilib. Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 289 fiziki şəxs dövlət qeydiyyatına alınıb. 2018-ci ildə 16 milyon 523 min manatlıq, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin məhsulu üçün rayonda 8 min 665 hektar torpaq sahəsi əkilib. Bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini saxlayıb, 4 min 706 hektar sahədə taxıl əkini aparılıb, zəmilərdən 13 min 128 ton məhsul yığılıb. Rayonda 116 hektar qarğıdalı sahəsindən 495 ton məhsul tədarük edilib, məhsuldarlıq hər hektar üçün 42,7 sentner olub. Kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılıb, 235 hektar sahədə kartof əkilib, 3 min 208 ton məhsul tədarük olunub.
Qeyd olunub ki, 2018-ci ildə 299 hektar sahədə tərəvəz, 183 hektar sahədə bostan əkinləri həyata keçirilib, barverən meyvə bağlarından 6 min 862 ton məhsul yığılıb. Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 1,5 hektar sahədə üzüm bağı salınıb, 2 min 200 ədəd üzüm tingi əkilib. Ötən il rayonda 26,2 hektar sahədə tütün əkilib, 41,6 ton quru tütün istehsal olunub. Həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatının inkişafına təkan verib, ümumilikdə, 37 milyon 793 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Kamal Ələkbərov qeyd edib ki, 2018-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 201 min 400 manat investisiya yönəldilib. Ötən il Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək istifadəyə verilib, rayon mərkəzindəki stadion yenidən qurulub, Böyükdüz kəndində 616 hektar əkin sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Qıvraq qəsəbəsindəki 48 mənzilli yaşayış binasının inşası başa çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını giriş sözü ilə xidmətin rəisi Namiq Paşayev açıb.
Bildirilib ki, ötən il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 457 milyon 905 min 325 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 31 milyon 964 min kilovat-saatı İran İslam Respublikasından alınıb, qalanı isə muxtar respublikanın elektrik stansiyaları tərəfindən ödənilib. Bəhs olunan dövrdə İran İslam Respublikasına 31 milyon 992 min kilovat-saat elektrik enerjisi verilib.
Qeyd edilib ki, 2018-ci ildə xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, ötən il muxtar respublikanın şəhər, rayon və kəndlərində 32 ədəd 10/04 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 41,2 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 76,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik xətlərində təmir işləri aparılıb. Təmir işləri zamanı 38,9 kilometr uzunluğunda müxtəlif en kəsikli SİP markalı izolə edilmiş məftillərdən istifadə olunub. Həmçinin bəhs edilən dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 107 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Vurğulanıb ki, ötən il Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların quraşdırılması işləri uğurla aparılıb, bu tip sayğacların sayı, ümumilikdə, 22 min 891-ə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin ötən ilin yekunlarına həsr olunmuş iclasını agentliyin direktoru Vüqar Babayev açıb.
Bildirib ki, hesabat dövrü ərzində yerli dindarlarla görüşlər təşkil edilib, maarifləndirici söhbətlər aparılıb. Məscidlərdə oxunan xütbələrin vahid mövzu üzərində qurulması məqsədilə 250 ədəd xüsusi broşür hazırlanıb. Ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 876 adda 1335 ədəd dini təyinatlı ədəbiyyat daxil olub, aparılan araşdırmadan sonra 236 adda dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb. İstifadəyə yararlı 764 ədəd ədəbiyyat isə “Naxçıvan” Universitetinə verilib. Həmçinin radikal dini cərəyanlara və zərərli təbliğat aparan dini qrup və şəxslərə məxsus olan 29 sosial şəbəkə linkinin, eləcə də 96 adda saytın siyahısı Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunub, onların fəaliyyətləri dayandırılıb.
Qeyd olunub ki, zəvvar qruplarının təşkili nəzarətdə saxlanılıb, ötən il Naxçıvan Muxtar Respublikasından 1656 nəfər xarici ölkələrdəki ziyarətgahlara səfər edib.
Vurğulanıb ki, hesabat dövründə agentlik dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işlərinin təşkilinə ciddi önəm verib.
Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq agentlik digər müvafiq orqanlarla birgə “İslam dini və ailə dəyərləri” və “İslam dəyərləri Ramazan və Qurban bayramları” mövzusunda konfranslar təşkil edib.
İclas mövzu ətrafında çıxışlarla başa çatıb.
* * *
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasını giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açıb.
Bildirilib ki, ötən il şura Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali, ümumtəhsil məktəbləri kollektivlərinin, həmçinin nazirlik, komitə, idarə, müəssisə və təşkilatların əməkdaşlarının Ağbulaq İstirahət Mərkəzində istirahətlərini təmin edib. Aztəminatlı və sağlamlıq imkanları məhdud, eləcə də şəhid ailələrindən olan uşaqların da ailələri ilə birlikdə bu mərkəzdə istirahətləri təşkil olunub. Ümumilikdə, 2018-ci ildə 40-dan çox təşkilatın 2000-ə yaxın əməkdaşı mərkəzdə istirahət etmək imkanı qazanıb.
Diqqətə çatdırılıb ki, şura ötən illərdə olduğu kimi, 2019-cu ildə də öz işini qarşıya qoyulan tapşırıq və tələblər əsasında quracaq, işçilərin sosial-iqtisadi və hüquqi mənafelərinin qorunmasını, əmək intizamına davamlı şəkildə riayət olunmasını daim diqqət mərkəzində saxlayacaqdır.
Sonra çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi