23 Dekabr 2024, Bazar ertəsi

5 minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan bəşər tarixinə misilsiz töhfələr vermiş, dünyanın bəzəyi –“Nəqşi-cahan” adlandırılmışdır. Azərbaycanın bu qədim diyarı tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına, qanlı döyüş meydanına çevrilsə də, ayaqda durmağı bacarmış, mövcudluğunu qoruyub saxlamışdır. Ötən əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası sayəsində Naxçıvan Muxtar Respublikası bütün çətinliklərə sinə gərərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ulu öndərin quruculuq xəttinin davamı sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan hərtərəfli inkişafa qovuşmuşdur. Ötən dövrdə ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi, əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətənpərvərlik nümunəsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi. Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası qurucu RƏHBƏRİN əsəri, bugünkü və gələcək nəsillərə ən böyük töhfəsidir.
Muxtar respublikada inkişaf mərhələ-mərhələ, planlı şəkildə, düşünülmüş formada və perspektivə hesablanaraq həyata keçirilir. Hər şeydən əvvəl təhlükəsizliyin təmin olunması üçün təxirəsalınmaz addımlar atılmışdır. Nizam-intizam gücləndirilmiş, sənaye və kənd təsərrüfatının inkişafı üçün sahibkarlığa geniş meydan verilmiş, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafı təmin olunmuşdur. Genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılmış, şəhər və kəndlər abadlaşdırılmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar idman kompleksləri istifadəyə verilmişdir. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilmişdir. Belə layihələr kəndlə şəhər arasında fərqi ortadan qaldırmışdır. Görülmüş işlərin nəticəsidir ki, artıq bu gün dağ-sərhəd kəndlərində yaşayan sakinlər də şəhərtipli səhiyyə və mədəniyyət müəssisələrindən istifadə edir, yüksək­sürətli internet xidmətlərindən yararlanır, rayon mərkəzləri və ya paytaxt Naxçıvan şəhərinə rahat yollarla gedib-gəlirlər. Kənd yaşayış məntəqələrində yaradılmış yeni xidmət mərkəzləri əhalinin keyfiyyətli yerli ərzaq və təsərrüfat malları ilə təminatına, müxtəlif iaşə xidmətlərindən istifadəsinə geniş imkanlar açıb.
1995-ci ildən başlayaraq muxtar respublikada həyata keçirilən islahatların mərkəzində təhsil infra­strukturunun müasirləşdirilməsi dayanıb, elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, 2 universitet şəhərciyi salınıb, peşə məktəbləri yaradılıb. Tədrisdə yeni texnologiyalar tətbiq olunub, 600-dən artıq elektron lövhə quraşdırılmış siniflər, internetə çıxışı olan 7 minə yaxın kompüter, müasir laboratoriyalar və zəngin fonda malik kitabxanalar şagird və tələbələrin istifadəsinə verilib. Məqsəd vətənpərvər və təhsilli gənc nəsil yetişdirməkdir. Buna həm təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə, həm də gənc­lərin fəaliyyətinin dəstəklənməsi yolu ilə nail olunur. İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması göstərilən qayğının daha bir ifadəsidir.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın ən böyük problemi onun təhlükəsizliyi ilə bağlı idi. Həmin dövrdə ulu öndər Heydər Əliyevin qətiyyəti, nüfuzu və naxçıvanlıların onun ətrafında sıx birləşməsi nəticəsində qədim diyarın ərazi bütövlüyü qorunub saxlanıldı. Sonrakı illərdə isə bu missiyanı güclü ordu həyata keçirməli idi. Muxtar respublikada təməli ulu öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ötən dövrdə daha da möhkəmləndirilmiş, ordu quruculuğu sahəsində görülən işlər yeni mərhələyə qədəm qoymuş, təhlükəsizliyin qarantı olan Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Ötən dövrdə bu ordu ən müasir silah və texnikalarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu ötən il işğal altında olan Şərur rayonunun Günnüt kəndinə və ətraf ərazilərə, mühüm geostrateji yüksəkliklərə nəzarəti bərpa etmişdir.
Naxçıvanın bugünkü inkişafı, ağ günlərə çıxması asan başa gəlməyib. Əvvəllər enerji qıtlığından əziyyət çəkən, ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilmiş, 2017-ci il yanvar ayının 11-də isə Ordubad Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bundan əlavə, 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bu gün ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici hesab edilir.
Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına da əsaslı zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün sənaye-aqrar kompleksi formalaşıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazırda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal ­hesabına ödənilir.
Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb. Əgər əvvəllər Naxçıvanda əkilən ərazilər məhdud ölçü­də idisə, indi bu ərazilər muxtar respublikanın böyük bir hissəsini əhatə edir. Min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, qəbul edilən dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı məhsullarının artımına imkan yaradıb. Suvarılan torpaqların sahəsi dəfələrlə genişlənib, texnika və gübrə təminatı ən yüksək səviyyəyə çatıb. Naxçıvanda kənd təsərrüfatı əhalinin əsas məşğuliyyət sahəsinə çevrilib. Nəticədə, fərdi təsərrüfatların sayı çoxalıb, onlar inkişaf edərək çoxsaylı ailə təsərrüfatlarına çevriliblər.
Naxçıvan Muxtar Respublikası bu gün yaşıllıqlar, gülkarlıqlar ­diyarıdır. Ərazisinin 14 faizindən çoxu yaşıllıqdır. Bütün bu yaşıllıqlar torpağını sevən naxçıvanlıların zəhmətinin bəhrəsidir. Keçirilən ümumxalq iməciliklərinin nəticəsidir. Nahaq yerə demirlər ki, vaxtilə torpaqları cadar-cadar olmuş Naxçıvan indi canlı təbiət abidəsi, təbiət muzeyidir. Bunlar insan əlinin, insan zəkasının məhsuludur.
Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Burada cinayət hadisələri, demək olar ki, qeydə alınmır. İnsanlar rahat və firavan yaşayırlar. Sabitliyin bir göstəricisi də söz, fikir və mətbuat azadlığının təmin edilməsidir. İnsanlara sərbəst yaradıcılıq imkanları yaradılıb. Teleradiolar və qəzetlər üçün müasir maddi-texniki baza istifadəyə verilib, yeni informasiya agentliyi fəaliyyətə başlayıb, media nümayəndələri hərtərəfli qayğı ilə əhatə olunub.
Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir.
Bu gün muxtar respublikada yeni sahibkarlar sinfi formalaşıb. Özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilir. Ümumi daxili məhsul istehsalında bu sahənin payı artır, hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Dövlət sahibkara güzəştli kreditlər verir, şərait yaradır, daxili bazarı qoruyur. Sahibkar da keyfiyyətli məhsul istehsal edərək tələbatın ödənilməsinə və iqtisadi inkişafa öz töhfəsini verir.
İnsan sağlamlığı hər bir ölkənin inkişafında qarşıda duran əsas öhdə­likdir. Çünki sağlam insan sağlam cəmiyyət, inkişaf edən dövlət deməkdir. Muxtar respublikada insanların sağlamlıqlarının qorunması istiqamətində kompleks tədbirlər görülür. Son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilmiş, ixtisaslı tibbi kadrların hazır­lanmasına başlanılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri, rayon mərkəzi xəstəxanaları, kəndlərdəki sahə xəstəxanaları və həkim ambulatoriyaları ən müasir tibbi avadanlıqlar və yeni binalarla təmin olunmuş, əhalinin müalicə və müayinəsi üçün bütün şərait yaradılmışdır.
Muxtar respublikanın hərtərəfli inkişafından danışarkən bu qədim diyarın tarixi və zəngin mədəni irsindən bəhs etməmək mümkün deyil. Tarixi çox qədimlərə söykənən Naxçıvanda bir vaxtlar milli və mənəvi dəyərlərimizi əks etdirən abidələrimiz dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ali Məclis Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunaraq Azərbaycan xalqına qaytarılıb. Ali Məclis Sədrinin sərəncamına­­ uyğun olaraq 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi Naxçıvan tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə keçirilən beynəlxalq konfrans və simpoziumlar qədim tariximizin, mədəniyyətimizin və təbii sərvətlərimizin öyrənilməsində mühüm rol oynamışdır. Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılmış, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilmişdir. Naxçıvanın Duzdağ mədəniyyətinin öyrənilməsi sahəsində də kompleks tədbirlər görülmüş, Duzdağda beynəlxalq arxeoloji ekspedisiya aparılmış, xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edilmiş, mühüm elmi nəticələr əldə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir.
Ali Məclis Sədrinin sərəncamları ilə ötən dövrdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin, ictimai xadim və publisist Məhəmməd ağa Şahtaxtlının, dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin, şair-dramaturq İslam Səfərlinin, Xalq şairi Məmməd Arazın, pedaqoq və elm xadimi Əziz Şərifin, publisist və pedaqoq Eynəli bəy Sultanovun, görkəmli rəssamlar Bəhruz Kəngərlinin, Şamil Qazıyevin və İbrahim Səfiyevin, böyük mütəfəkkir Nemətullah Naxçıvaninin ədəbi-bədii, elmi-publisistik və maarifçilik fəaliyyətləri öyrənilmiş, həyatlarına ikinci həyat qatılmışdır.
Naxçıvanda xalqımızın tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində görülən işlərin nəticəsidir ki, minillik tarixi olan mədəni irsimiz beynəlxalq səviyyədə tanıdılır. Ali Məclis Sədrinin tapşırığına əsasən 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparmış, bu irsin YUNESKO səviyyəsində qorunması ilə bağlı tədbirlər həyata keçirmiş, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur. 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
Ümumilikdə, bütün sahələr üzrə əldə edilən uğurlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının nüfuzunun getdikcə yüksəlməsinə öz töhfəsini verir, hər il yüz minlərlə turist Naxçıvana gəlir, qədim diyarın zəngin tarixi və mədəni irsini öyrənirlər. Səbəbsiz deyil ki, Naxçıvan beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci il muxtar respublika üçün daha əlamətdar olub. Belə ki, ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.
Bir sözlə, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin etmişdir. Ötən dövrdə muxtar respublikada bütün makroiqtisadi göstəricilər üzrə artım əldə edilmiş, 2018-ci ildə ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 63 dəfə, sənaye məhsulunun həcmi 108 dəfə, əsas kapitala yönəldilən investisiyalar 333 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 12 dəfə, nəqliyyat sektorunda yük daşınması 26 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 122 dəfə, pərakəndə əmtəə dövriyyəsi 46 dəfə, ixracın həcmi 219 dəfə, əhalinin gəlirləri isə 59 dəfə artmışdır.
Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-­demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olmuşdur.
Düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir. Bu gün muxtar respublikada görülən işləri, sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində qazanılan uğurları hər kəs görür və qiymətləndirir. İndi bu qədim diyara yolu düşən yerli və xarici qonaqlar da muxtar respublikanın bütün sahələr üzrə nümunə gücündə olduğunu söyləyirlər. Bu inkişafın, sabitliyin və yüksək rifahın bir səbəbi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR