Yanvarın 10-da Naxçıvan şəhərindəki Avtovağzal Kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysinin açılışı oldu.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov bildirdi ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi fəaliyyətə başlayıb. Abtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün ilk reyslə 10 sərnişin Bakı şəhərinə yola salınır.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.
Avtovağzalda olarkən Bakıya yola düşən sərnişinlərə yaxınlaşıb fikirlərini öyrəndik.
Türkiyə vətəndaşı Yılmaz Özcan dedi: "İşimlə əlaqədar olaraq Bakı şəhərinə tez-tez gedib qayıdıram. Naxçıvandan Bakıya avtobusla gecə reysinin həyata keçirilməsi mənim kimi iş dalınca yollanan adamlar üçün həm vaxta qənaət, həm də rahatçılıq baxımından çox sərfəlidir. Çünki mən sabah səhər saatlarında Bakıya çatacam, işlərimi yekunlaşdırdıqdan sonra istəsəm elə həmin axşam da Naxçıvana qayıda biləcəyəm. Avtobuslarda göstərilən xidmətlərdən də razıyam, əməyi olanlara minnətdarlığımı bildirirəm".
Babək rayon sakini Rza İsmayılov qeyd etdi ki, ailəmlə birlikdə qohum-əqrəbanın xeyir işində iştirak etmək üçün dəfələrlə Bakı şəhərinə getməli olmuşuq. Gündüz yola düşdüyümüz üçün gecəni harada qalacağıq-deyə narahatçılıq keçirdiyim vaxtlar da az olmayıb. Ancaq indi tam arxayınam. Çünki bilirəm ki, sabah səhər Bakıya çatıb gündüz toyda iştirak edəcəyik, istəsək qalacağıq, istəməsək də axşam Naxçıvana qayıdacağıq. Bu reysin açılması bizim üçün həm vaxt qazanmaq həm də istənilən zaman rahat yola çıxmaq baxımından çox sərfəli oldu. Yaradılan şəraitə görə ailəmiz adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Digər bir sərnişin, Naxçıvan şəhər sakini Ayxan İbrahimov da yeni açılan reysin yaratdığı geniş imkanlardan könül razılığı ilə danışdı. Bildirdi ki, əvvəllər Bakı şəhərinə həftə sonları gedərdim ki, vaxtında işimi bitirib geri qayıda bilim. Sözün düzü gedişat çox vaxt planlaşdırdığım kimi olmurdu. Çünki axşam oraya yetişdiyimdən iş görmək üçün səhəri gözləməli olurdum. Beləcə bir günümü hədər yerə sərf edirdim. Onu da qeyd edim ki, gecələr yola çıxmağın müsbət cəhətləri çoxdur. Həm yolüstü keçdiyin yerlərin gecə görüntüsü sənə xoş təsir bağışlayır, həm də avtobusda rahat şərait olduğundan yatıb dincələ də bilirsən. Səhəri günü də yorğun olmursan, ayıq başla işlərini həyata keçirirsən. Bizi düşünənlərə, bu imkanı yaradanlara minnətdarlığımı bildirirəm.
Yanvarın 11-də Bakı şəhərindən də ilk avtobus Naxçıvana yola salınmışdır.
“Şərq qapısı”