23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə idxal mallarının keyfiyyətinə, standartlara uyğunluğuna xüsusi diqqət yetirilir, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür. 

 

Bu istiqamətdə görülən işlərin davamı olaraq dünən gömrük orqanları tərəfindən növbəti məhv­etmə tədbiri keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilən mallar, əsasən, keyfiyyətsiz qida məhsullarından, köhnə, işlənmiş ev əşyalarından, o cümlədən qazla işləyən cihazlardan, pirotexniki vasitələrdən və digər mallardan ibarət olub.
Məhv edilən 550 kiloqram meyvə şirəsi, 362 kiloqram qarışıq ərzaq məhsulu, 360 kiloqram xəmir mayası, 350 kiloqram qarğıdalı çubuqları, 196 kiloqram turşu, 160 kiloqram xurma, 100 litr süd, 54 ədəd xama, 40 kiloqram qənd və 7 adda ümumi çəkisi 110 kiloqram digər qida məhsulları keyfiyyətsiz və ya xarab olduğundan, o cümlədən üzərində istehsal və istehlak müddəti göstərilmədiyindən saxlanılıb. 850 kiloqram biskvitin və 210 kiloqram şokolad kreminin başa çatmış son istifadə müddətinin sonradan artırıldığı müəyyən olunub.
16 adda müxtəlif ev əşyaları və mebel avadanlıqları, 21 ədəd qaz sobası və qazla işləyən digər cihazlar, eləcə də müxtəlif təsərrüfat malları müvafiq müşayiət sənədləri olmadığı və standartlara cavab vermədiyi üçün saxlanılıb. Xaricdən ayrı-ayrı vətəndaşlar tərəfindən gətirilən köhnə, işlənmiş mallar arasında 18 ədəd avtomobil şini də olub.
Qeyd edək ki, insanların istifadə etdikləri, birbaşa təmasda olduqları əşyalar gigiyenik cəhətdən sağlam və təhlükəsiz olmalıdır. Əks-təqdirdə istifadə zamanı hansısa fəsadlar ortaya çıxa bilər. İndi müxtəlif ölkələrdə mənşəyi bilinməyən, müxtəlif yollarla asanlıqla yayıla bilən yoluxucu xəstəlik törədiciləri vardır. Bu baxımdan xaricdən gətirilən köhnə, işlənmiş əşyalar, xüsusən də geyimlər xüsusi riskli mallar sırasındadır. Məhz ayrı-ayrı şəxslərin gətirdiyi ümumi çəkisi 300 kiloqramdan artıq geyim əşyası da bu səbəbdən saxlanılıb və məhv edilib.
Gömrük nəzarəti zamanı müxtəlif tanınmış markaların əmtəə nişanlarından istifadə edilməklə saxta yuyucu və təmizlik vasitələrinin hazırlandığı müəyyən edilib. Gömrük orqanları tərəfindən xaricdən muxtar respublikamıza gətirilərkən saxlanılan 395 kiloqram yuyucu vasitə məhz saxta və keyfiyyətsiz olduğu üçün yandırılıb.
923 kiloqram quru və nəm salfetlər, 290 kiloqram cücə yemi, 262 kiloqram şampun, 95 kiloqram həşərat və bitkiçilik dərmanı, 37 kilo­qram karton tara, 25 kiloqram balıq yemi, 22 ədəd texniki spirt standartlara cavab vermədiyindən, üzərində istehsal və son istifadə müddəti göstərilmədiyindən, 4000 ABŞ dolları və 6300 türk lirəsi saxta olduğundan, 1577 ədəd siqaret və ümumilikdə, 10 adda mal isə mənfur Ermənistan Respublikasına aid olduğundan məhv edilib.
Gömrük orqanları milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan ədəbiyyat və vasitələrin, qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış digər malların muxtar respublikaya gətirilməsinə qarşı mübarizə tədbirlərini də davam etdirib, bu istiqamətdə saxlanılan, ümumilikdə, 4 adda müxtəlif vasitələr, o cümlədən 50 ədəd beşbarmaq xüsusi qaydada məhv olunub.
Gömrük orqanları tərəfindən xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə də diqqətdə saxlanılıb. Qeyd edək ki, yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. Əvvəlki illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunub, gömrük orqanları tərəfindən saxlanılmış, ümumilikdə, 3 adda 69 ədəd pirotexniki vasitə də yandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əmin edir ki, qanunvericiliyin tələblərinin, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təminatı, insan sağlamlığının və ətraf mühitin qorunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək, gömrük qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər ­görüləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR