23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Qüdrət Cəlilov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Emin Muradov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov bildirib ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 26 noyabr tarixli “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamı ilə ölkəmizdə, eləcə də muxtar respublikamızda hərbi xidmətə çağırış kampaniyalarının başlandığını bildirən Cavid Məmmədov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının milli ordumuzun sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR