Hadisələrə bu günün prizmasından baxanda
29 il... 20 Yanvar faciəsindən ötən bir qərinəyə yaxın dövrün hər ilində bu fikirlər xatırlanır: nə faciələr yaşayıb bu xalq. Daha doğrusu, nə faciələr yaşadılıb bu xalqa. Birinin bitdiyi, yaralarımızın qaysaq bağladığı anda yenisi hazırlanıb, yaşadılıb. Səbəb? Səbəb bir neçədir. Birincisi, xalqın qüruru, mübarizliyi, əyilməzliyi. Tarixin bütün dönəmlərində haqqını, hüququnu bilən xalqlar daim incidilib. İkincisi, yaranışdan tale payımız olan, qismətimizə düşən gözəl, bərəkətli torpaqlara sahib olmağımız. Buna çoxları göz dikib, tamah salıb. Üçüncüsü isə taleyimizin nisgilli tərəfi – erməni adlı bədxah, azğın, tamahkar qonşumuzun olması. Buna, əslində, qonşu da demək olmaz. Çünki biz binə olanda bu adda qonşumuz olmayıb. Sonradan torpaqlarımızın bir küncünə qısılıb “qonşu” olublar bizə.
Tarixin bütün dönəmlərində bu üç amildən doğan və zaman-zaman bir-birini əvəzləyən faciələrin növbətisi 1990-cı ilin 20 yanvarında Bakıda törədildi. Çox yazılıb bu barədə. Faciənin yaratdığı əsərlər qan çanağına dönüb, poeziya nümunələrindən qan süzüb, məqalələrdə, oçerklərdə, reportajlarda gənc ömürlər erkən çiçək açıb, vaxtsız solub, ataların beli bükülüb, analar ağlar qalıb. Televiziya ekranlarında, qəzet səhifələrində qərənfillər dil açıb bu faciənin dəhşətindən danışıb. Əllərin solmamış xınası, boş qalan məktəb partaları, qana boyanan tələbə biletləri, ali təhsili başa vurmaq haqqında diplomla ölüm arasındakı qısa zaman fasiləsi, bir də ki həmin gün doğulan atasız uşaqlar ürəklərə sevgili, ər, övlad dağı çəkib, silinməz nisgil həkk edib.
Tək Bakıdamı yaşandı bu faciə? Xeyr, 1990-cı ilin yanvarı alınmaz qalamız Sədərəyin Kərki faciəsini də tarixə yazdı, Sədərək uğrunda onlarla igidin faciəli ölümünün başlanğıc nöqtəsi oldu, neçə-neçə ömürləri yarımçıq qoydu. Kərkinin tarixi, burada törədilən hadisələrlə bağlı ümummilli liderimiz Heydər Əliyev sonralar kərkililərlə görüşü zamanı bir neçə cümlə ilə tarixi bir açıqlama vermişdir: “Kərki kəndi Azərbaycanın ən gözəl guşələrindən biridir. Amma təəssüflər olsun ki, o vaxt bu xəritəni cızanda Azərbaycana düşmən olan insanlar elə etmişlər ki, Azərbaycanın Kərki kəndi Ermənistanın içində qalmışdı. Buna baxmayaraq, Kərki həmişə yaşayırdı. Ancaq 1990-cı ildə ermənilər hücum etdilər. Yaxşı yadımdadır, onda mən hələ bura gəlməmişdim. Sonra gəldim, mənə dedilər ki, kərkililər orada möhkəm müqavimət göstərdilər. Ancaq təəssüflər olsun ki, onda ermənilərlə birlikdə sovet ordusunun hissələri sizi öz kəndinizdən çıxardılar”.
Tarixə mərhum şair-publisist Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabında yer alan faktlarla nəzər salaq:
“13 yanvar 1990-cı il
Dünənki plenumun gedişindən, yersiz münasibətlərdən, siyasi hadisələrin getdikcə gərginləşməsindən hiss olunur ki, Sədərək ağır təhlükə qarşısındadır…Düşmən yaxın vaxtlarda Sədərək üzərinə hücum edə bilər. Buna görə də bir gün də vaxt itirmədən öz səsimizi ucaltmalı, təcili tədbirlər görməliyik... Bu məqsədlə bu gün gündüz saat 14-də direktor işlədiyim Sədərək kənd 1 saylı orta məktəbdə kənd ağsaqqallarının, ziyalıların və digər nümayəndələrin ümumi yığıncağını keçirdik. 7 saata yaxın davam edən yığıncaqda son vaxtlar baş verən hadisələr ətraflı təhlil edildi, Sədərəyə Ermənistan tərəfdən böyük təhlükə gözlənildiyi etiraf olundu. Və 40-a yaxın təklif müzakirə olunandan sonra 270 nəfərin imzası ilə müraciət qəbul olundu. Gecə saat 10-da Şərurun mərkəzi poçtundan 5 ünvana (Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinə, Naxçıvan MSSR Ali Sovetinə, Nazirlər Sovetinə, Dövlət Təhlükəsizliyi Komitəsinə və Daxili İşlər Nazirliyinə) yola saldığımız müraciətdə aşağıdakı tələblər qoyulmuşdu:
1. Sədərək əhalisinin tam təhlükəsizliyi təmin edilsin.
2. Mövcud vəziyyət nəzərə alınmaqla Sədərək kəndində İliç rayon Daxili İşlər Şöbəsinin xüsusi bölməsi yaradılsın.
3. Sədərək ərazisində yerləşib inzibati cəhətdən Ermənistan SSR-in Artaşat rayonuna tabe olan sərhəd zastavası Naxçıvan MSSR-in sərhəd qoşunlarının ixtiyarına verilsin.
4. Kərkinin blokada vəziyyəti nəzərə alınmaqla Sədərəkdən Kərkiyə Cəhənnəmdərə istiqamətindən qısa vaxtda yol çəkilməsi üçün tədbirlər görülsün.
15 yanvar 1990-cı il
…Müraciətdən 2 gün sonra yanvarın 15-də ermənilər Kərkiyə hücum etdilər… Səhər məktəbdə birinci dərs başlanana qədər Kərkiyə ermənilərin hücum etməsi xəbəri bütün kəndə yayılmışdı. Kərkidən sonra Sədərəyə də ermənilər tərəfdən hücum oluna biləcəyi gözlənildiyindən hamı narahatdır.
…Kərkidə axşama qədər atışma getsə də, saysız daşnak xəyanətkarı qarşısında 20-25 nəfərin dözməsi mümkün olmadı. Müdafiəçilər çox inad etsələr də, rus hərbçiləri: “Daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməlisiniz, hamınızı girov götürəcəklər”, – deyəndən sonra kəndin son müdafiəçiləri axşamüstü bütün cığırları qarla örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bildilər. Qədim Oğuz yurdu olan Kərki rus hərbçilərinin əli ilə ermənilərə beləcə ərməğan edildi.
19 yanvar 1990-cı il
Səhər saat 11 radələrində məktəbdə gözlənilməz, o vaxta kimi bizə tanış olmayan bir səs eşitdik. Az sonra həmin səs təkrar olunanda hamı məktəbin həyətində idi. Arazdəyən tərəfdən ermənilər Sədərəyi aramsız top atəşinə tutmuşdular. Kinolarda gördüyümüz müharibə qoxusunu və qorxusunu hiss etdik…Bizi – məktəb kollektivini ən çox narahat edən odur ki, məktəbdə 1000 nəfərdən artıq uşaq var, kəndə də aramsız top mərmiləri yağır.
…Çox möhkəm qar yağmasına, bərk şaxta olmasına baxmayaraq, Naxçıvanın bütün rayon və kəndlərindən – Şərurdan, Ordubaddan, Culfadan, Nehrəmdən, Şahbuzdan, bütün bölgələrdən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirdilər. Vəziyyət çox gərgin olduğu üçün qadınlar, qocalar, uşaqlar kənddən çıxarılır, əsasən, Şərura, bəziləri isə muxtar respublikanın digər kəndlərinə daşınırlar. Sədərəkdə kişilərin əksəriyyəti səngərlərdə, döyüşdə olduğundan çıxarılmalı əhali, əsasən, rayon rəhbərliyi tərəfindən ayrılmış avtobuslarla, bir də Sədərəyin köməyinə şəxsi maşınları ilə gələnlərin vasitəsilə həyata keçirilir.
Bu gün (yanvarın 19-da) axşam qaranlıq düşənə qədər sərhəddə döyüşlər getdi. Ermənistan tərəfdən kəndə mərmilər yağdırıldı. Xeyli insan yaralandı, 8 nəfər şəhid oldu. Onlar arasında balaca Malik və Elvin qardaşları da var.
20 yanvar 1990-cı il
Kənddə hamı təşviş içindədir. Dünənki faciə və yuxusuz gözlərin baxışları dəhşətlidir. Dünən kəndə qarşı törədilən erməni vəhşiliyi nəticəsində bizimkilərdən 8 nəfər həlak olub.
Səhər saat 11 radələrində bir qara xəbər də aldıq. Guya fövqəladə vəziyyət yaratmaq adı ilə gecə Bakıya hərbi qüvvələr girib, həmin qüvvələrin qarşısına çıxan dinc əhali atəşə tutulub, yüzlərlə adam faciəli surətdə həlak olub. Azərbaycan faciəli, qara günlərini yaşayır”.
Sədərəkdə yazılan gündəlik beləcə bir neçə il davam edir. Bu faktları sadalamaqda məqsədim var. Tarixçi-alimlər haqlı olaraq qeyd edirlər ki, heç şübhəsiz, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri muxtar respublikanın ermənilərlə həmsərhəd olan rayonlarında, xüsusilə də Sədərəkdə və Dağlıq Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.
20 Yanvar... Sədərək... Nə üçün həm Bakı, həm də Naxçıvan? Bir ayın iki böyük təcavüzkar hadisəsinə tarixçi-alim, dosent Elçin Zamanov belə açıqlama gətirir:
– Hadisələri geosiyasi kontekstdə incələyərkən Bakıya qoşunun məhz yanvarın 19-20-də yeridilməsi ilə Naxçıvana eyni vaxtda Ermənistanın işğalçı qüvvələrinin hücumunun üst-üstə düşməsi Moskvada əvvəlcədən hazırlanmış bir planın həyata keçirilməsini gün kimi açığa çıxarır. Bir anlıq tarixə nəzər salsaq, bolşevik Rusiyasının Bakını işğal etmək üçün erməni amilindən yararlanması faktının şahidi olarıq. 1920-ci il martın əvvəllərində işğalçı XI Qızıl ordunun Bakıya maneəsiz soxulması üçün Moskva Qarabağda erməni üsyanı təşkil etdi ki, Azərbaycan hökuməti Milli Ordunun əsas heyətini oraya dislokasiya etməyə məcbur olsun. Ermənilərlə birgə hazırlanan bu təhlükəli əməliyyat planı Azərbaycanın işğalı ilə nəticələndi.
Elçin Zamanovun sözlərinə görə, Moskvanın 20 Yanvar əməliyyatı da təkrar olunan mənfur tarixin yenidən reallaşması idi. Moskva Azərbaycanda yeni bir milli dövlətin qurulmasından çox qorxurdu, çünki bu, nəticədə, bütünlüklə Cənubi Qafqazın itirilməsi və Türküstana yolun Rusiyanın üzünə bağlanması demək idi. Milliyyətçiliyin və milli şüurun qüvvətlənməsi müstəvisində Azərbaycanda milli müqavimət hərəkatının müdafiə gücünü qıra bilməyəcəyindən qorxan Moskva həmin dövrdə ermənilərin bütün qüvvələrinin ən geostrateji bölgə olan Naxçıvana yönləndirilməsini təşkil etdi. Həm də mərkəzdə düşünürdülər ki, Azərbaycanda suveren milli dövlət quruculuğu ideyası ətrafında yaranan milli birliyə dəstək ruhu Türk qapısı olan Naxçıvandan gəlir və buna görə də Azərbaycanın mübariz qüvvələrinin əsas diqqətini Bakıdan yayındırmaq üçün Naxçıvana çox qüvvətli erməni hücumu təşkil edilmişdi.
Tarixçi-alim onu da qeyd edir ki, Moskvanı narahat edən ən mühüm faktor ulu öndər Heydər Əliyevin Naxçıvana qayıda biləcəyi və özünün mühüm tarixi liderlik missiyasını yerinə yetirəcəyi məsələsi idi. Buna görə də Naxçıvanın işğalı planlaşdırılırdı. Bu işğal Azərbaycan milli şüuruna 20 Yanvar faciəsindən də dəhşətli bir zərbə olacaqdı. Eyni zamanda həm də Türkiyə ilə Azərbaycanın, həmçinin böyük Türk dünyasının ən mühüm geostrateji əlaqə qovşağına çox ciddi bir tarixi zərbə endirəcəkdi. Ümummilli liderimizin həmin taleyüklü zamanda Naxçıvana dönüşü həm Moskvanın, həm də ermənilərin böyük planlarını pozmuş oldu.
Bəli, o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi. Bundan sonra böyük şəxsiyyətin Naxçıvana gəlişi isə mərkəzin Bakı planını da, Naxçıvan planını da alt-üst etdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.
Bu tarixi-siyasi faktlara nəzər saldıqca bir daha özlüyündə düşünürsən ki, 20 Yanvar faciəsindən müstəqilliyimizə bir yol uzandı. Bu yol Naxçıvandan başlandı. Ulu öndərin tövsiyələrini dinləyən xalq müstəqilliyini qazandı. 1918-ci ildəki müstəqillikdən fərqli olaraq 1991-ci ildə əldə olunan müstəqilliyimizə ümummilli liderimizin sayəsində daimilik qarantı verildi. Bu müstəqilliklə Azərbaycan tamahında olanların bütün arzuları puç oldu, bütün planları pozuldu…
Müstəqilliyimizdən isə qələbəyə bir yol uzandı. Artıq biz bu yolun yolçularıyıq. Bu yolda artıq kədərlə deyil, nikbinliklə addımlayırıq, torpaqlarımızı geri almaq, düşməni əzmək əzmi ilə addımlayırıq. Ötən illərdə Cocuq Mərcanlının və Günnütün işğaldan azad olunması bu yoldakı ilk qələbələrdəndir. Bu yolda irəlilədikcə daha neçə-neçə qələbələr əldə edəcəyik, bunu zaman göstərəcək, tarixsə öz səhifələrinə həkk edəcək.
Mətanət MƏMMƏDOVA