Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının şura iclasında 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq bildirib ki, 2018-ci ildə 4 şura, 12 İdarə Heyəti iclasları keçirilib. İclaslarda, əsasən, müəyyən zəruri məsələlər, partiya sıralarına yeni üzvlərin qəbulu müzakirə edilib, təşkilat sədrlərinin hesabatları dinlənilib, qərarlar qəbul olunub və onların icrası diqqətdə saxlanılıb.
O, Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. Vurğulanıb ki, partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz mütərəqqi bir dövlətə çevrilib, xalqımız daha firavan həyata qovuşub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirib. Bəhs edilən dövrdə rayonda partiya üzvlərinin ümumi sayı 1530 nəfərə çatıb. 2018-ci ildə təşkilat öz işini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun qurmağa səy göstərərək rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Bu dövr ərzində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlərin keçirilməsinə diqqət artırılıb.
Rayonun ictimai həyatında partiya üzvləri mütəşəkkillik göstəriblər. Partiya sıralarına qəbulun daim diqqətdə saxlanıldığını nəzərə çatdıran Arif Qasımov vurğulayıb ki, məqsəd gənclər arasında ideya-siyasi işi gücləndirməklə nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına daha aktiv cəlbinə nail olmaqdır. İlk partiya təşkilatlarının fəaliyyəti daim diqqətdə saxlanılır, bu məqsədlə təşkilatın İdarə Heyəti və şura üzvləri yerlərdə olur, ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları ilə görüşür, söhbətlər aparırlar. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradır.
Yığıncaqda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Polad Rzazadə, Yeni Azərbaycan Partiyası Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev çıxış ediblər.
Sərxan İsmayılov
* * *
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında keçirilən şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov bildirib ki, ötən il ölkəmizin ictimai-siyasi həyatında zəngin hadisələrlə yaddaşlarda qaldı. 2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyanın Sədri cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin yekdilliklə irəli sürülməsi, 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilməsi Yeni Azərbaycan Partiyasının böyük siyasi qələbəsi oldu.
Qeyd olunub ki, rayon partiya təşkilatı 45 ərazi ilk partiya təşkilatında 3639 nəfər partiya üzvünü birləşdirir. Onların 1460-ı qadın, 1749-u gənclərdir. Partiya sıralarına qəbulda keyfiyyət göstəricilərinə daha çox diqqət yetirilib, gənclərin, qadınların, ali təhsilli mütəxəssislərin partiya sıralarına daxil olmasına üstünlük verilib. 2018-ci ildə partiya fəallarının iştirakı ilə tarixi və əlamətdar günlərlə bağlı tədbirlər keçirilib. Burada əsas diqqət rayon ictimaiyyəti arasında aparılan siyasi-ideoloji işin daha da genişləndirilməsinə yönəldilib.
Vurğulanıb ki, gənclərin təhsili, fiziki-hərbi vətənpərvərlik tərbiyəsi, onlara milli-mənəvi və əxlaqi keyfiyyətlərin aşılanması, ümumilikdə, gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq təşkilatlarla birgə ötən il müxtəlif idman yarışları, müsabiqələr keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rəfael Babayev çıxışında bildirib ki, partiyanın rayon təşkilatı fəaliyyətə başladığı gündən rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib, sakinlərin ideya-siyasi cəhətdən maarifləndirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışıb. Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı 2019-cu ildə də vətənpərvər gənclərin partiyaya qəbuluna ciddi nəzarət edəcək, ərazi təşkilatlarının daha keyfiyyətli kadrlar hesabına formalaşmasını təmin edəcəkdir. Rayonun ictimai-siyasi həyatında partiyanın Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyətləri gücləndiriləcək, partiya üzvləri abadlıq və yaşıllıqların qorunmasında fəallıq göstərəcəklər.
Məruzə ətrafında təşkilatın Gənclər Birliyinin sədri Vüqar Muradov, Qadınlar Şurasının üzvü Gülnar Əlizadə, Gənclər Birliyinin üzvü Aytac Eylazova çıxış ediblər.
Sonda təşkilatın 2019-cu il üçün iş planı təsdiq olunub.
Hicran Əliyeva