“Naxçıvan” Universitetində “20 Yanvar faciəsi tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə universitetin beşmərtəbəli tədris korpusunun foyesi boyu 20 Yanvar hadisələrini əks etdirən fotolara, qəzet və jurnallara baxıblar.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə çıxış edərək bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu birləşmələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girərək xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətdi. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Həmin vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciəyə münasibətini bildirib.
Rektor onu da qeyd edib ki, sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qıraraq onun müstəqillik arzusunu boğmaq idi. Amma imperiya öz çirkin məqsədinə çata bilmədi. Xalqımız daha da mübariz oldu və öz müstəqillik ideyalarını gerçəkləşdirdi.
Tədbirdə çıxışlar dinlənilib, tələbələr şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət edib, 20 Yanvar faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.
Nuray ƏSGƏROVA