“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı, III dərəcəli hüquqşünas Abdulla Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar.
Valideyn Əhməd Ulxanov çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Vüsal Adıgözəlov Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini versinlər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxış edərək bildirib ki, indi Azərbaycanın güclü ordusu var. Ölkəmiz inkişaf etdikcə ordumuz daha da güclənir. Güclü ordu isə düşmənə hər an layiqli cavab verməyə qadirdir. İndi bizim ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.
Səbuhi HƏSƏNOV