2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı Babək Rayon İcra Hakimiyyətində yığıncaq təşkil olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışında bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Naxçıvanda müasir idman infrastrukturu yaradılıb, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlər görülüb, orta məktəblərdə açıq idman qurğuları, mini-futbol meydançaları, idman zalları istifadəyə verilib.
Qeyd olunub ki, Babək rayonunda ayrı-ayrı idman növləri üzrə 12 federasiya bölməsi fəaliyyət göstərir. Rayon üzrə 5063 nəfər idmanla məşğul olur ki, onlardan 4115-i oğlan, 948-i isə qızdır. Ötən dövr ərzində sağlamlıq imkanı məhdud 32 uşaq da idmana cəlb olunub.
İcra başçısı bildirib ki, verilən tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin 2019-cu ildə idman sahəsində görüləcək işlərin tədbirlər planı təsdiq edilib.
Ötən il müxtəlif idman növləri üzrə əldə olunan uğur və nailiyyətlərdən söz açan Rasim Hüseynov diqqətə çatdırıb ki, babəkli şahmatçı Əli Əliyev Mingəçevir şəhərində keçirilən Azərbaycan birinciliyinin zona yarışlarında və Türkiyə Respublikasının Ordu şəhərindəki yoldaşlıq turnirlərində iştirak edib, hər iki yarışda II yerin sahibi olub. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda keçirilən birincilikdə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin komandası II yerə çıxıb.
Qeyd olunub ki, karate-do ilə məşğul olan Vayxır məktəblisi Vüsal Seyidov ötən il İran İslam Respublikasında keçirilən beynəlxalq turnirlərdə 2 qızıl medal qazanıb. Qaydasız döyüş yarışlarında Rəzzaq Əliyev, sərbəst güləşdə Heydər Nəcəfov, kikboksinqdə Yusif Quluzadə, boksda Ülvi Süleymanov, bədii gimnastikada Günəş Hüseynova ötən il muxtar respublika, ölkə və dünya əhəmiyyətli turnirlərdə uğurlu çıxışları ilə seçilib, müxtəlif mükafatların sahibi olublar.
Qarşıda duran vəzifələrdən də bəhs edən icra başçısı deyib ki, qazanılan uğur və nailiyyətlərə baxmayaraq, istedadlı idmançıların üzə çıxarılması, federasiyalarla birgə iş və digər sahələrdə nöqsanlar hələ də qalmaqdadır. Cari ildə federasiyaların rayon bölmələri Babək Rayon Gənclər və İdman İdarəsi ilə birgə iş qurmalı, müxtəlif yarışlar təşkil olunmalıdır. Rayon Uşaq-gənclər şahmat və idman məktəbləri işlərində dönüş yaratmalı,Təhsil Şöbəsi ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarəti daha da gücləndirməli, məktəblilərin fiziki cəhətdən sağlam böyümələri üçün səylə çalışmalıdır. Rayon İcra Hakimiyyəti federasiyadaxili yarışların təşkilinə diqqəti artırmalıdır.
Yığıncaqda rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin və Təhsil Şöbəsinin müdir əvəzi Həsən Zeynalovun çıxışları olub.
Muxtar RZAZADƏ