23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqi cəmiyyətin hərtərəfli inkişafı üçün yeni imkanlar açır. Bununla belə mobil rabitə həmin texnologiyalardan istifadədə öncül yerini qoruyub saxlayır. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti isə muxtar respublikamızda yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi baxımından İKT-nin uğuru hesab oluna bilər. Bəs bu gün mobil rabitə xidmətinin  fəaliyyətində hansı istiqamətlər prioritet olaraq götürülüb? Elə bu və ya digər suallarımızı cəmiyyətin Marketinq şöbəsinin müdiri Elxan İbrahimov cavablandırır. 

– Naxtel artıq bir neçə ildir ki, muxtar respublikada fəaliyyətə başlayıb. Bilmək istərdik ki, bu operator Naxçıvanın mobil operator bazarında hansı yeri tutur?
– Naxtel həm Azərbaycanın, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mobil telekommunikasiya bazarının yeni bir iştirakçısı kimi 2 ildən artıqdır ki, fəaliyyət göstərməkdədir. Naxtel, həmçinin Naxçıvan Muxtar Respublikasında 4-cü nəsil mobil telekommunikasiya – LTE şəbəkəsini təmin edən ilk mobil operatordur və ötən müddət ərzində ciddi nailiyyətlər əldə etməklə bazarda yeni iştirakçı kimi aparıcı mövqeyə sahiblənib. 2018-ci il ərzində Naxtel abunəçi sayını 2 dəfə artırıb və inkişaf dinamikası yüksələn istiqamətdə davam etdirilməkdədir.

– Bu mobil operatorun hazırda nə qədər abunəçisi vardır?
– Naxtelin qeydiyyatdan keçən abunəçi sayı artıq 63 mini ötüb. Bu da onun mobil operator istifadəçiləri arasında nüfuzunun artmasının bir göstəricisidir.
– Abunəçilərlə əlaqələr necə qurulub?
– Naxtel 4G mobil operatoru vətəndaşlara xidmət göstərilməsi zamanı başlıca olaraq peşəkarlıq, şəffaflıq, səriştəlilik, müştəri məmnuniyyəti prinsiplərini daim rəhbər tutur. Həmçinin müxtəlif xidmət kanalları yaradılması yolu ilə müştəri məmnuniyyətinin artırılması da xidmətlərin həyata keçirilməsində prioritet istiqamətlərdən birini təşkil edir. Abunəçi əlaqələri Naxtel satış və xidmət mərkəzləri, 24 saat fəaliyyət göstərən “299” çağrı mərkəzi və Naxtelin internet resursları vasitəsilə həyata keçirilir. İnternet resurslarını təşkil edən Naxtelin rəsmi www.naxtel.az internet saytı, şəxsi kabinet və sosial şəbəkə hesabları, həmçinin Naxtelin Plus mobil əlavəsi vasitəsilə internet üzərindən abunəçilər üçün müştəri xidmətləri fəaliyyəti təmin edilir. Bunlarla paralel olaraq Naxtel tərəfindən muxtar respublikamızın müxtəlif bölgələrində və Naxçıvan şəhərində səyyar satışlar və xidmətlər həyata keçirilir.
– Naxtelin hazırda neçə baza stansiyası var?
– Muxtar respublikamızın sakinlərinə bu gün Naxtelin 98 baza stansiyası vasitəsilə mobil telekommunikasiya şəbəkəsi təqdim edilir. Baza stansiyalarının fəaliyyətində əsas meyar isə muxtar respublikamızın bütün yaşayış məntəqələrində mobil şəbəkə təminatının həyata keçirilməsidir və Naxtel şəbəkəsinin əhatə dairəsi muxtar respublikamızın yaşayış məntəqələrinin 98 faizini əhatə edir. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrinin mobil telekommunikasiya şəbəkəsi təminatının realizə edilməsi üçün tədbirlər davam etdirilməkdədir.
– Bəs hazırda mobil operator abunəçilərinə hansı sərfəli internet paketləri təqdim olunur?
– İnternet paketləri digər mobil operatorlarla müqayisədə daha əlverişli qiymətlərlə və istifadə həcmindən asılı olmaqla 1, 7 və 30 gün istifadə müddəti əsasında abunəçilərə təqdim edilir. 50 Mb-dan 450 Gb-dək həcmdə müxtəlif internet paketlərindən istifadə üçün abunəçilərə seçim imkanı yaradılıb. Həmçinin Avantaj paketləri ilə güzəştli danışıq, SMS və internet balansı da təqdim edilir. Yenilənmiş “Tələbə” tarifində abunəçilərə internet balansı hədiyyə olunur.
– Naxtel ödəmələri haqqında da oxucularımıza məlumat vermənizi istərdik.
– Naxtel ödəmələri üçün müxtəlif ödəniş kanalları mövcuddur. Abunəçilər Naxtel ödəmə kartları, şəxsi kabinet, hesab.az, goldenpay.az, portmanat.az, e-pul.az internet saytları, Naxtel Plus mobil əlavəsi və “Naxçıvanbank” ASC-nin ödəniş terminalları vasitəsilə müvafiq ödəmələri həyata keçirə bilərlər.
– Bəs operatorun rominq xidmətləri haqqında nə deyə bilərsiniz?
– Beynəlxalq rominq xidməti artıq 7 ölkədə aktivləşdirilib və digər ölkələrdə də aktivləşdirilməsi üçün işlər test və yoxlama fazasında davam etdirilir.
– Elxan müəllim, 2019-cu ildə Naxteldən hansı yenilikləri gözləyə bilərik?
– Cari ildə Naxtel 4G öz inkişaf dinamikasına uyğun olaraq yeni kampaniya, təklif, tarif və paketlərlə abunəçilər üçün xidmət kateqoriyalarını genişləndirəcəkdir. Beynəlxalq rominq xidmətinin genişləndirilməsi və heç bir mobil telekommunikasiya şəbəkəsi olmayan ucqar yaşayış məntəqələrinin mobil şəbəkə təminatı da başlıca hədəflər arasındadır. 2019-cu ildə korporativ sosial məsuliyyət prinsipindən irəli gələrək Naxtelin sosial layihələrdə aktiv iştirakı da nəzərdə tutulan yeniliklərdən biridir.
– Müsahibə üçün sağ olun. Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar, bol müştəri məmnuniyyəti arzu edirik.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR