23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən yubiley ilə əlaqədar il ərzində, xüsusilə fevral, mart və noyabr aylarında silsilə tədbirlər keçiriləcək, fevralın 9-da yubiley tədbiri olacaqdır.

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, hələ qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni dövrün reallıqları prizmasından qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır. Buna görə də tarixboyu böyük dövlətlər Naxçıvana nəzarət etmək xəyalı ilə yaşayıblar. Ötən əsrin 20-ci illərində gedən proseslər isə qədim diyarımızın muxtariyyət statusu qazanaraq əbədi olaraq Azərbaycanın tərkibində qalması ilə nəticələnib. Bu mənada, ulu ­öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.
Bu gün Naxçıvanın muxtariyyəti beynəlxalq unikal bir model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirilir. Çünki onun muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə təsbit olunub. Bu məsələdə Naxçıvanın qabaqcıl ziyalılarının səyləri və qardaş Türkiyənin mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib. Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. Bəs bu statusun verdiyi imkanlar Naxçıvanın sonrakı taleyində hansı rol oynayıb?
Qədim diyarın muxtariyyət statusuna malik olması bir neçə aspektdən çox əhəmiyyətlidir:
Birincisi, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvanın 1924-cü il fevralın 9-da muxtariyyət qazanması düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı məkrli planlara sarsıdıcı zərbə vurdu. Məlumdur ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş oldu. Həmin sazişə əsasən qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verildi və beləliklə, Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Türk dünyasına düşmən kəsilən qüvvələrin niyyətləri o idi ki, bir müddət sonra Naxçıvanı ölkənin əsas ərazisindən ayrı düşməsi arqumentini irəli sürməklə onu Ermənistana birləşdirsinlər. Bu amil Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirirdi. O zərurət ki, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi.
Naxçıvan məsələsinin beynəlxalq gündəmdə yer aldığı illərdə qabaqcıl ictimai-siyasi yanaşmanın məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Buna baxmayaraq, yerli əhalinin və ziyalıların inadlı mübarizəsi nəticəsində mühüm strateji əhəmiyyət kəsb edən Naxçıvanın muxtariyyət qazanması qədim diyarımızın ölkəmizin tərkibində qalmasına şərait yaratdı.
İkincisi, Azərbaycandan ayrı salınmış bu diyarda qərarların icrası, eyni zamanda yerlərdə lazım olan işlərin daha effektiv şəkildə həyata keçirilməsi, sabitliyin və inkişafın təmin olunması məqsədilə vahid idarəçiliyin təşkili mühüm əhəmiyyət kəsb edirdi. Təcrübədən də məlumdur ki, vahid idarəçilik olmayan yerdə həmişə anarxik bir idarəçilik formalaşır, dövlət idarəçiliyində çox ciddi problemlər yaranır. Belə bir vəziyyətdə istənilən ölkə və ya diyar xaosa sürüklənir, onun gələcəyi sual altında qalır. Vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması isə yalnız muxtariyyət statusunun əldə edilməsi ilə mümkün ola bilərdi. Bu baxımdan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi.
Qədim diyar muxtariyyət qazandıqdan sonra muxtar dövlət qurucu­luğu prosesi aparıldı, idarəçilik ənənələrinə bütün dövrlər üçün böyük əhəmiyyətə malik yeniliklər bəxş edildi, yeni formasiyada muxtar dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsi formalaşdı. Bununla səmərəli idarəçiliyin əsası qoyuldu, muxtar respublikadakı dövlət orqanlarının fəaliyyətinin çevikliyi və şəffaflığı gücləndirildi, sakinlərin qayğı və ehtiyaclarına daha diqqətlə yanaşıldı, idarəçilikdə məsuliyyət prinsipi ön plana çıxdı. Bütün bunların məntiqi nəticəsi olaraq sakinlərin dövlət idarəetmə orqanlarına inamı, hakimiyyət strukturlarına etimadı daha da artdı.
Üçüncüsü, Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin təmin olunmasında da müstəsna rol oynayıb. Muxtariyyət statusu erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsinə imkan verib, bununla da beynəlxalq aləmin diqqəti erməni təcavüzünə yönəldilib. Sovetlər Birliyinin yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağa heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika cəsarət etməmişdi. Bunu yalnız Vətən uğrunda, azadlıq, müstəqillik uğrunda ölümə meydan oxuyan qəhrəman naxçıvanlılar edə bilmişdi.
Ümumiyyətlə, bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı həmin dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına hərtərəfli şərait yaradıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə dahi şəxsiyyətin Türkiyə Respublikasına səfəri zamanı Mos­kva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş edib.
Dördüncüsü, 1990-1993-cü illərdə Naxçıvanın muxtariyyət statusuna malik olması həmin illərdə qədim diyarda müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını təşkil edən tarixi qərarların qəbul edilməsinə, idarəçilik qanunlarının işlənib hazırlanmasına, ordu quruculuğuna, sosial-iqtisadi islahatların aparılmasına şərait yaratdı.
Beşincisi, Naxçıvan həm də Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyarıdır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu mənada, 1924-cü ildə Naxçıvanın muxtariyyət qazanması həm də tarixboyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib.
Ulu öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz ­nümunəsidir.
Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 95 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da ­reallıqdır ki, Naxçıvanda son 24 ildə gedən inkişaf prosesləri, qurucu­luq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 min­illik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infra­struktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar həm muxtariyyətin bəhrələri, həm də aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR