Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirinin Bakı şəhərindən və xarici ölkələrdən gələn iştirakçıları dünən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Xalça Muzeyi və Bəhruz Kəngərli Muzeyi ilə tanış olublar.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcrinin səfər təəssüratlarını öyrəndik:
– Naxçıvan keçmişdə və müasir dövrdə İslam mədəniyyətinə verdiyi töhfələrə görə çox haqlı olaraq 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Sivilizasiyalararası dialoqda, keçmişlə bu gün arasında mövcud olan ənənələrin bölüşülməsində və islami dəyərlərin gənc nəslə ötürülməsində bu, çox mühüm hadisədir. Naxçıvanın İSESKO-nun İslam Mədəniyyəti Paytaxtı layihəsinə çox mühüm töhfəsi vardır. Naxçıvanda qorunub saxlanılan miras, inkişaf etmiş mədəniyyət, mövcud olan tarixi abidələr bu baxımdan yüksək qiymətləndirilir. Naxçıvan, eyni zamanda Avropa ilə müsəlman Şərqi arasında etibarlı bir körpüdür. Bu da Naxçıvan şəhərini nümunə kimi qiymətləndirməyə əsas verir.
Bu layihə çərçivəsində həyata keçirilən tədbirlərə gəldikdə, onu qeyd edə bilərəm ki, il ərzində görülmüş bütün işlər Naxçıvanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. İSESKO Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, Azərbaycan Respublikasında görülmüş bu işləri yüksək qiymətləndirir. Burada keçirilmiş silsilə mədəni tədbirlər, konfranslar Naxçıvan kimi gözəl bir şəhəri görmək, qorunub saxlanılan mədəniyyətlə, insanlarla yaxından tanış olmaq üçün çox gözəl işlərdəndir.
Onu deyə bilərəm ki, bu, mənim Naxçıvana ilk səfərim olsa da, çox dərin təəssürat aldım. Sakit, təmiz bir şəhərdə, mehriban insanların əhatəsində olmaqdan xoşbəxtəm. Elə düşünürəm ki, Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir. Bu işıq hər yerdə, hətta insanların təbəssümündə də hiss olunur. Səfərimdən geri qayıtdığımda gözəl ölkəniz, şəhəriniz haqqında dostlarıma və həmkarlarıma danışacaq çox təəssüratlarım vardır.
Əli CABBAROV