24 Dekabr 2024, Çərşənbə axşamı

Əsgər nə istəyir?
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.

Hazırlaşıb evdən tələm-tələsik çıxarkən televiziya kanallarının birindən Xalq şairi Məmməd Arazın əsgər oğullarımızın vətənpərvərliyi, şücaəti ilə bağlı qələmə aldığı “Əsgər məktubu” şeirini eşidirəm. Qəlbimə dolan munis duyğuların təsirindən qeyri-iradi ayaq saxlayır, yuxarıdakı misralara qulaq asıram. Qəribədir, elə bil verilişin aparıcısı əvvəlcədən gedəcəyim yeri müəyyən edib bu şeiri mənim üçün səsləndirir. Beləcə, böyük ruh yüksəkliyi ilə evdən çıxır, əlində silahı, qəlbində Vətən eşqi ilə alovlanan, gecə-gündüz torpaqlarımızın keşiyini çəkən məğrur oğulların oylağına üz tuturam.
Naxçıvan şəhərindən “N” hərbi hissəyə aparan uzun və rahat yolla hərəkət edən avtobusun pəncərəsindən zirvəsi buludlara söykənən, sinəsində mərd oğulların məskən saldığı dağları seyr edirəm. Yanımda əyləşib mənimlə birgə həmin mənzərələrə tamaşa edən yolyoldaşım əli ilə göstərərək deyir ki, əvvəllər bax o görünən postlardan əsgərlər ilin soyuq vaxtlarında aşağı düşə bilmirdilər. Şəraitsizlik üzündən valideynlər də övladlarının görüşünə gec-gec gələrdilər. Ancaq indi vəziyyət tamamilə dəyişib, o postlarla nəinki əlaqə asanlaşıb, hətta orada xidmət keçən əsgərlər üçün gözəl məişət şəraiti də yaradılıb. Dağ cığırları ilə üzü sıldırım qayalara doğru uzanan, ilan kimi qıvrılıb-açılan sarı libaslı qaz xətti də məhz mərd oğulların rahatlığı üçündür, – deyən yolyoldaşım fikirlərini tamamlayır. Öz-özümə deyirəm ki, bu gördüklərim görüşünə tələsdiyim hərbi hissə barədə çox cüzi məlumat olar, yəqin ki, hələ qarşıda məni bundan da maraqlı məqamlar gözləyir...

Budur, artıq dağların arasından hərbi hissənin gözəl, yaraşıqlı, müasir görkəmli binası, qənşərində isə şücaətli, mətin Azərbaycan əsgəri görünür. Onlardan bəziləri məşğələ hazırlıqları keçir, digərləri geniş idman meydançasında məşq edir, döyüş qabiliyyətlərini, fiziki güclərini artırmaq üçün səylə çalışırlar. Kənarda dayanıb Vətən övladlarının hərəkətlərini seyr edən, arabir müəyyən komandalarla onları daha da cəldliyə, çevikliyə səsləyən Əlahiddə Ümumqoşun Ordunun zabiti, baş leytenant Bəhruz Vəliyevə yaxınlaşıram. Məni səmimiyyətlə qarşılayır, yataqxanada yaradılan şəraitlə tanış edir. Öyrənirəm ki, müasir üslubda inşa olunan ikimərtəbəli binada 112 yerlik əsgər, 14 yerlik zabit yataqxanaları, hərbi qulluqçuların bilik və bacarıqlarını təkmilləşdirmələri üçün ideoloji otaq, məişət və çay yeri, camaşırxana vardır. Yataqxana binası bütün kommunal sistemlərlə təchiz olunub. Əsgərlər burada tele­vizora baxa, istirahətlərini mənalı keçirə bilirlər.
Tanışlıq zamanı aydın olur ki, şəxsi heyətin qidalanmasına ciddi nəzarət edilir, keyfiyyətli yerli ərzaq məhsulları düzgün şəraitdə saxlanılır, xüsusilə qış aylarında yemək menyularına immuniteti gücləndirən təbii qidalar əlavə olunur.
Yataqxana ilə qısa tanışlıqdan sonra həyətə çıxır, əsgərlərin kütləvi toplaşdığı əraziyə üz tuturam. Vətənin keşiyini çəkən mərd oğullarla söhbətim olduqca maraqlı, yaddaqalan alınır.
İlk həmsöhbətim Osman Cəfərlidir. O, hərbi xidmətə Kəngərli rayonundan çağırılıb. Nümunəvi xidməti ilə komandirlərin hörmətini qazanıb. Vətən oğlu keçdiyi şərəfli xidmət barədə qürurla danışır:
– Hələ ali təhsil aldığım illərdə əsgərlikdən qayıdan dostlarıma, böyük qardaşıma hərbi xidmət barədə çoxlu suallar verər, məlumatlanmağa can atardım. Onlar böyük fərəhlə deyərdilər ki, əsgərlik əsl kişilik, mətinlik, dözümlülük məktəbidir. Onun sirlərinə yaxşı bələd olmaq üçün Vətənin keşiyində dayanmalı, həmin duyğuları yaşamalısan. Deyirlər, Vətənin əvvəli-axırı olmaz, onun hər qarışı doğmadır, əzizdir, hər şeydən dəyərlidir. Bəli, bu, belədir. Həm də ön xətdə, düşmənlə bir addımlıqda xidmət etməyin məsuliyyəti, burada yaşananların insanın daxili aləminə, mənəviyyatına müsbət təsiri böyükdür. Postda durduğum vaxtlar şahidi olmuşam ki, mənfur düşmənlər olduqca acınacaqlı bir şəraitdə xidmət keçirlər. Lakin öz hərbi hissəmizə nəzər salanda həm yaradılan şəraitin gözəlliyi, həm də əsgər yoldaşlarımın əhval-ruhiyyəsi mənə xoş təsir bağışlayır. Bunlar torpaqlarımızın tezliklə azad olacağına inamımı daha da artırır. Söhbət düşmüşkən onu da deyim ki, səngərdən əzəli yurdumuzu seyr edərkən dəfələrlə ucadan hayqıraraq düşmənə, rədd olun tarixin hansı üzüqara səhifəsindən gəlmisinizsə, çıxıb gedin ora, – demək istəmişəm. Ancaq hisslərimi cilovlayaraq fikirləşirəm ki, “özgə atına minən tez düşər” ifadəsi hədər yerə söylənməyib, onlar onsuz da gec-tez doğma torpağımızdan çıxıb gedəcəklər. O torpaqlar dünən də bizim idi, bu gün də bizimdir, sabah da bizim olacaq.
İdman meydançasını seyr edərkən yoldaşları arasında cəldliyi ilə seçilən bir əsgər diqqətimi çəkir. Yaxınlaşıb öyrənirəm ki, o, Tovuz rayonundan hərbi xidmətə çağırılan Elnar Vəliyevdir. Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölməsində xidmət keçdiyi üçün böyük qürur hissi keçirdiyini vurğulayır. Deyir, Naxçıvanda xidmət edəcəyimi biləndə ailəmizin hər bir üzvü çox sevindi. Çünki buradakı xidmətin nümunəvi olması barədə çox eşitmişdik. Artıq altı aydır, buradayam və bu qısa zaman çərçivəsi mənə, ilk növbədə, gələcək həyatımda atacağım addımlarda, görəcəyim işlərdə necə davranmalı olduğumu aşılayıb. Komandirlərimizin bizə kiçik qardaşları kimi doğma münasibət bəsləmələri, nöqsanlarımızı aradan qaldırmağımız üçün təmkinli şəkildə tövsiyə vermələri olduqca fərəhli haldır. Zabitlərdən birinin biz əsgərlər üçün dediyi, “Qardaşlarım, unutmayın, hərbi xidmətdə qazanılan dostluq heç vaxt itmir və başqa dostluqlara bənzəmir” ifadəsi qulaqlarımda səslənir. Elə atalarımız da “Dost dar gündə tanınar” deyimini əbəs yerə söyləməyiblər. Bəli, burada xidmət etdiyim müddətdə, çətinlik çəkdiyim anlarda yanımda olan, mənə dostluğun müqəddəs bir hiss olduğunu öyrədən çoxlu dostlar qazanmışam. İnanıram ki, bu səmimi münasibətlərimiz ömürboyu davam edəcək. Əsgərlik dövrünün mənə bəxş etdiyi digər əvəzolunmaz hədiyyə isə fiziki gücümlə bağlıdır. Belə ki, mən əvvəllər idmana indiki qədər həvəs göstərməzdim. Lakin burada olduğum qısa zamanda həm yaradılan idman şəraiti, həm də komandirlərin məşq prosesini düzgün şəkildə qurmaları mənə olduqca müsbət nəticələr qazandırdı. Hərdən qohum-əqrəba, dost-tanış məni görməyə gələndə gülümsəyərək deyirlər ki, öz aramızdır, əsgərlik sənə yaman düşüb, lap idmançıya oxşayırsan. Yeri gəlmişkən fürsətdən istifadə edib ata-anama da çatdırmaq istəyirəm ki, gözləri arxada qalmasın, hər zaman fəxr etsinlər ki, övladları belə yüksək əhval-­ruhiyyənin hökm sürdüyü orduda xidmət edir.
Məşğələ keçən əsgərlərin arasında Bakı şəhərinin Nəsimi rayonundan hərbi xidmətə çağırılan İbrahim Mustafayev də fəallığı ilə diqqətimi çəkir. Yaxınlaşıb onunla da söhbətləşirəm. Əlahiddə Ümumqoşun Ordunun sıralarında xidmət etdiyi üçün böyük fərəh hissi keçirdiyini deyir: – Burada olduğum müddətdə dillərdən düşməyən “Vətən səngərdən başlayır” ifadəsinin reallığını yaşadım. Onu da gördüm ki, düşmən olduqca cılız, xam xəyallarla yaşayan biridir, nə əlindəki silah, nə də ayaq basdığı torpaq onunkudur. Onlar bir həqiqəti dərindən dərk etməlidirlər ki, keçmişi olmayanın yaddaşı, yaddaşı olmayanın gələcəyi ola bilməz. Son dövrlərdə döyüş bölgələrində əsgərlərimizin şücaət salnaməsi yaratması, qazanılan qələbələr bizi ruhlandırır, böyük zəfər gününün yetişəcəyinə inamımızı daha da artırır.
Vətənin dəyanətli, döyüş ruhlu, vətənpərvər oğulları ilə sağollaşıb, geri qayıdıram. Yolboyu bayaqdan yaddaşımın bir küncünə ilişib qalan düşüncələrim dil açır. Yataqxana ilə tanışlıq zamanı otaqdakı stolun üzərində əsgər məktublarını görməyimi xatırlayır və aşağıdakı misraları dodaqaltı pıçıldayıram:

Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır üfüqlərəcən.
Əsgər məktubunda bir dağ göyərir,
Ətək də Vətəndir, zirvə də Vətən.

Bəli, çox gözəl deyiblər ki, təsadüf yoxdur, olacaqları yaşayırıq. Bu gün hər bir azərbaycanlı əmindir ki, tezliklə işğal olunmuş torpaqlarımızın azad olunacağı günləri yaşayacağıq. Məhz o gün zəfər nəğməsi üçrəngli bayrağımızı göylərə yüksəldən əsgərimizin təkcə qəlbində deyil, həm də dilində səslənəcək.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR