Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasından nümayəndələr iştirak etmişdir.
Əvvəlcə Naxçıvanın qədim tarixi və bugünkü inkişafı, eləcə də Naxçıvan Duzdağı ilə bağlı film nümayiş olunmuş, duz kristalları, Duzdağ Fizioterapiya Mərkəzinin və “Duzdağ” otelinin fəaliyyətindən bəhs edən kataloq, broşür və digər əyani vəsaitlər sərgilənmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev konfransda çıxış edərək Naxçıvanın qədim tarixindən və bugünkü inkişafından danışmış, muxtar respublikada turizm sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Duzdağ Fizioterapiya Mərkəzinin həkimi Nazim İbrahimli isə Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat vermiş, ilin bütün fəsillərində mərkəzə müraciət edən xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir.
Konfransda Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan Qazaxıstan vətəndaşları çıxış edərək Naxçıvanda onlara göstərilən qayğıdan danışmış, müalicələrinin uğurla aparıldığını qeyd etmiş, bütün bunlara görə minnətdarlıqlarını bildirmişlər. Həmçinin konfransda Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək istəyən Qazaxıstan vətəndaşlarının sualları ətraflı cavablandırılmışdır.
Qazaxıstanın “Sultan TRAVEL” turizm şirkətinin direktoru Sımbat Kuyşenova çıxış edərək Qazaxıstan Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında turizmin inkişafı sahəsində görüləcək işlərdən bəhs etmişdir. Qazaxıstanda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanların Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunacaqlarına görə məmnun olduqlarını qeyd edən Sımbat Kuyşenova konfransın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlıq etmişdir.
Hazırlanmış reklam-informasiya materialları konfrans iştirakçılarına təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Turizm Departamenti