23 Dekabr 2024, Bazar ertəsi

Yuxarı yaycılılar öz kəndləri ilə qürur duyurlar

“Sərhəd” məfhumu mənim üçün həmişə müqəddəs sözlərimiz sırasında olub. Bu söz həm də dövlət rəmzlərinin ifadə etdikləri nüanslardan olduğu üçün müqəddəsdir. Böyük məna kəsb edən sərhəd Vətənimizin başlandığı yerdir. O yer ki igid oğullarımız tarixən həmin ünvanlarda soyuğa, istiyə, qara, yağışa baxmayaraq keşik çəkiblər Vətən naminə! Zaman-zaman torpaq müqəddəsliyi, yurd sevgisi o vaxt sərhədlərimizi qoruyan ata-­babalarımızın qanı ilə bu günümüzün övladlarına keçib. Odur ki, indi də hər birimiz öz evimizdə, öz işimizdə arxayınçılıqla yaşayır, işləyir, sərhədlərimizi qoruyan igid oğullarımıza “Allah sizi qorusun”, – deyirik...

Sərhəd yaşayış məntəqələrinə yolum düşərkən həmişə belə hisslər məni öz ağuşuna alır. Düşünürəm ki, bu da təbiidir. Bu gün, baxmayaraq ki, güclü, nizamlı ordumuz var, ancaq düşmən elə düşməndir. Ona görə də sərhəd zonalarında məskunlaşmış soydaşlarımız da sərhədlərimizi qoruyan oğullarımız kimi sərhədçi ömrü yaşayırlar. Ancaq arxayındırlar. Tam arxayın. Güclü, gündən-günə hərbi qüdrəti daha da artan ordumuzun qorxusundan o torpaqlarımıza quş da səkə bilməz. Belə ünvanlarımızda bu gün yaradılmış infrastruktur isə insanları sərhəd bölgələrimizə daha sıx tellərlə bağlayıb. Və muxtar respublikanın bütün bölgələrində həyata keçirilmiş kompleks quruculuq tədbirləri düşmənə gözdağı olmaqla qədim diyarımızın sakinlərinin qurub-yaratmaq əzmini daha da gücləndirib. Ulu Dədə Qorqudun hər birimiz üçün aforizmə çevrilmiş “Torpağı qorumursansa, əkməyə, əkmirsənsə, qorumağa dəyməz” fikrini əsas məram kimi qəbul edən insanlarımız torpağı qoruyur və əkib-becərirlər. Bunun üçün yaradılmış şəraiti Şərur rayonunun Yuxarı Yaycı kəndində də görmək olar.

Bu qış günlərinin birində üz tutduq həmin yaşayış məntəqəsinə. Naxçıvan-Sədərək magistralının Yuxarı Daşarx kəndi ərazisindən ayrılan yol bizi Yuxarı Yaycı kəndinə aparır. Yolboyu gördüyümüz qış mənzərələri insanı valeh edir.
Qəsəbə timsallı Aşağı Yaycı kəndini keçib Yuxarı Yaycıya yol alırıq. Rayonun ən hündürlükdə yerləşən bu kəndinə yaxınlaşdıqca havanın bir az da soyuduğunu hiss edirik. Müasir standartlar əsasında salınmış yol az bir vaxt ərzində bizi kəndə çatdırır. Yolyoldaşım və həmkarım – Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov deyir ki, dağ və dağətəyi yaşayış məntəqələrində ilin bu fəslində havanın kəskin dəyişməsi təəccüblü deyil. Buna kənd adamları da öyrəşiblər.
Kəndin meydanında yerləşən, müasir arxitektura üslubunda inşa edilmiş kənd mərkəzi ilk tanış olduğumuz ünvandır. Bura 2015-ci ilin noyabr ayında istifadəyə verilib. Kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi üçün otaqların və 45 yerlik iclas zalının istifadəyə verilməsi bu təşkilatlarda çalışanların məsuliyyətini daha da artırıb. Mərkəzdəki rabitə evində poçt bölməsi yaradılıb, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil olunub. Həmçinin kəndə 6 kilometr uzunluğunda fiber-optik xətt çəkilib, sürətli internetdən istifadə imkanları yaradılıb.
Əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılaraq mərkəzdə feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılıb. Burada ilkin tibbi yardım avadanlıqları qoyulub.
Məntəqənin müdiri Vəli Quliyev burada yaradılan şəraitdən razılıqla danışır. Deyir ki, sakinlər arasında səhiyyə maarifi işi aparılması diqqət mərkəzində saxlanılır, yaşlı insanlara, körpələrə evlərində tibbi xidmət göstərilir. Kənd camaatı da onlara göstərilən xidməti dövlətimizin öz vətəndaşlarına qayğısı kimi ­dəyərləndirir.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Mirqasım Eminov uzun illərdir ki, bu vəzifədə çalışır. Sakini olduğu bu kənd barəsində ürəkdolusu danışır: – Ucqar dağ və sərhəd kənd­lərində yaşamağın çətinlikləri barədə çox deyilir. Bəlkə də, nə vaxtsa, belə olub. Ancaq o yerdə ki mövcud problemlərin həllinə həssaslıqla yanaşılır, insanların problemləri öz həllini tapır, onda orada yaşamaq da gözəldir. Belə ünvanları əhatəsinə alan dağlar, həmin yaşayış məntəqələrinin təmiz havası və suyu, buralarda yetişdirilən məhsullar həm də insanların uzunömürlülüyünün başlıca səbəbləridir.
Kənd sakinləri Kərim Şərifov, Fatma Nadirova 100 yaşın astanasındadırlar. Onlar deyirlər ki, ən hündür zirvədə yerləşən Bəysalı, Cənnət qayası, Ağzərə, Xizəngi, Qabaq­yal, Qızıldərə, Allahverdi qayası, Kölgəli, Qızılçevirmə dağları qış aylarında ağ örpəyə bürünür, yazda isə yamacları yaşıllığa qərq olur. Möhtəşəmlik rəmzi sayılan dağlar dünya binə olandan bu kəndin keşiyində dayanıb. Ötən əsrin səksəninci illərinin sonlarında baş verən hadisələr zamanı bu dağlar yaycılılara səngər olub. Yadıma Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Aşıq Ələsgərin “Dağlar” şeiri düşür:

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Dağlar öz səxavətini bu kəndin sakinlərindən əsirgəməyib. İlboyu o dağların yamaclarında qoyun-quzu sürüləri gözə dəyir. Yeri gəlmişkən qeyd edək ki, kənddə maldarlığın inkişafına ciddi önəm verilir. Bunun ifadəsidir ki, Yuxarı Yaycıda 350-dən çox heyvanın südündən, pendirindən, ətindən istifadə olunur. Yazda yamaclarda bitən yüzlərlə bir-birindən ətirli gül-çiçək Yuxarı Yaycıda arıçılığın inkişafında mühüm rol oynayır. Bu gün kənddə 350-dən artıq arı ailəsi saxlanılır.
Yuxarı Yaycıda 20-yə yaxın bulaq var. Suyu dişgöynədən Məşədi Abbas, Teyfə, Cinni, Əsgərbəy, Tənbəlin, Qazı bulaqları və başqa su mənbələri ilboyu çağlayır. Kəndin bəzi həyətləri həmin çeşmələrin suyu ilə suvarılır. Ağbulaq, Dədəli bulağı, Qızıldərə bulağı həm də müqəddəs pir yerləridir. Bu pirləri başqa yerlərdən ziyarət etməyə gələnlər də var. Yaycılılar həmin bulaqlar qurumasın deyə, ilin bütün fəsillərində nəzarət edirlər. Bulaqlar mənbəyini dağlardan götürdükləri üçün onların suyu çox təmiz və keyfiyyətlidir. Belə su mənbələri vasitəsilə suvarılan 30 hektar meyvə bağının məhsulları da çox dadlı olur. Tırman zəmisi, Bəyinin bağı, Şirqanlı, Qələmətli bağlarında ərik, cəviz, badam, armud, tut yetişdirilir. Hər il o bağlardan tonlarla məhsul tədarük edilir.
Mirqasım Eminov 2015-ci ilin noyabr ayında kompleks quruculuq tədbirləri sayəsində kənddə istifadəyə verilən yeni məktəb binası barədə də danışır. Ora getməyi qərara alırıq. Yuxarı Yaycı kəndində təhsilin inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, yaşayış məntəqəsinin təhsil ocağını bitirən Miryasin Eminov, Rəşid Bəşirov, Vəli Fətəliyev və başqaları müxtəlif elm sahələri üzrə fəlsəfə və elmlər doktorlarıdır. Mərhum tarixçi-alim Əli Əliyevi həmyerliləri ehtiramla xatırlayırlar. Məktəbin direktoru Qəmər Nəbiyeva deyir ki, yeni məktəb binası belə alimlərin sayının çoxalmasına imkan verəcək, daha böyük uğurlar qazanılmasını təmin edəcək.
57 şagirdin təlim-tərbiyəsi ilə 19 müəllimin məşğul olduğu məktəb binası 144 şagird yerlikdir və 2 mərtəbədən ibarətdir. Burada 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya­-biologiya laboratoriyaları, hərbi kabinə, kompüter və müəllimlər otaqları, bufet və idman zalı vardır. Müəllim və şagirdlər zəngin fonda malik kitabxanadan istifadə etmək imkanı qazanıblar.
Məktəbin pedaqoji kollektivi təhsil ocağında işin səmərəli qurulmasına səy göstərir, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər nəsil yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verir, məktəbdənkənar və sinifdənxaric məşğələlərin nümunəvi təşkilinə çalışır. Məqsəd doğma Azərbaycanımızın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ulu keçmişini, ümumilikdə, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi bugünkü məktəblilərə aşılamaq, onları doğma yurd yerinə məhəbbət ruhunda formalaşdırmaqdır. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Yaqub Həsənov bu məktəbin məzunu olub. Məktəbdə vətənpərvərlik tərbiyəsinə ciddi önəm verilməsinin nəticəsidir ki, Yaqubu görməyən bugünkü şagirdlər də onun keçdiyi qısa və ­şərəfli ömür yolu barədə hərtərəfli məlumata malikdirlər.
Kənd ziyalılarının toplaşdığı məktəbdə Yuxarı Yaycı kəndinin tarixi və bu toponimin etimologiyası ilə maraqlanıram. Bildirirlər ki, vaxtilə Dərələyəz və Biləv mahallarında iki Yaycı kəndi olduğu iddia edilir. XIX əsrdə Qafqazda isə Yaycı adında 8 kənd mövcud olub. Hazırda Naxçıvanda 3 yaşayış məntəqəsi Yaycı adını daşıyır ki, bunların biri Culfa, ikisi isə Şərur rayonundadır. Elmi ədəbiyyatlarda “Yaycı” sözünü vaxtilə mövcud olmuş “Yayıcılar” adlı qədim türk tayfasının adı ilə əlaqələndirirlər. Mənşəcə səlcuq-oğuz tayfalarından sayılan bu tayfanın bir qismi Azərbaycanda, o cümlədən Naxçıvanda məskunlaşıb, yaşadıqları əraziyə həmin tayfanın adını veriblər. Bu qənaəti AMEA-nın müxbir üzvü mərhum Adil Bağırov da təsdiq edib.
Yolüstü Yuxarı Yaycı kəndində istifadəyə verilən xidmət mərkəzində də olduq. Burada bərbərxana və mağaza fəaliyyət göstərir. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığına şərait yaradıb. Mağazada zəruri ərzaq və sənaye mallarının satışı təmin olunub.
Bu gün muxtar respublika sakinləri söhbətlərində “müasir”, “müasirlik” sözlərini tez-tez işlədirlər. Səbəbi isə odur ki, qədim diyarımızın yolları, yaşayış məntəqələri tamamilə yenilənib. Kəndlərdə, rayon mərkəzlərində yaradılmış infrastruktur müasirliyin tələblərinə tam cavab verən səviyyədədir. Buna görə də həmin sözlər dilimizdə, həqiqi mənada, ümumişləklik qazanıb.
Sərhəd kəndi Yuxarı Yaycı da müasir görkəmdədir. Bu isə diyarımızda şəhər və kənd arasında olan fərqlərin aradan götürülməsi istiqamətində həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsinin, belə tədbirlərin həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməsinin ifadəsidir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR