24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən əsrin sonları və yaşadığımız dövr istər müstəqil ölkəmiz, istərsə də inkişaf etməkdə olan digər ölkələrin iqtisadi və mədəni həyatında baş verən köklü transformasiyalar və yeni iqtisadi mühitin tələblərinə uyğun quruculuq tədbirləri ilə xarakterizə olunur. Belə ki, qloballaşma və beynəlxalq ticarətin sürətlənməsi ilə insanların həyat standartlarında da yeni keyfiyyət dəyişikliklərinin yaranması meyilləri cəmiyyətin bütün sahələrində müasirləşməni də tələb edir. Bu mənada, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə dövlət quruculuğu sahəsində görülən nəhəng işlər məhz vətəndaşı olduğumuz müstəqil Azərbaycanın güclü ordusundan tutmuş ucqar kənd mərkəzinədək bütün coğrafiyamızda açıqca görünməkdədir. Xalqımızın zəngin tarixi keçmişindən süzülüb gələn və bu gün ulu öndərin layiqli davamçıları tərəfindən uğurla davam etdirilən belə möhtəşəm quruculuq fəlsəfəsi məhz günümüzün mənzərəsini formalaşdırmaqla bütün dünyaya modern Azərbaycan iqtisadi modelini təqdim edir.

Quruculuq insan psixologiyasına xas olan təbii keyfiyyət, hər bir mədəni insanın arzuladığı tələbatlardandır. Bu tələbatlar həyativacib ehtiyaclardan tutmuş, çox mühüm institusional fəaliyyət növlərinin bərqərar edilməsinədək hər yerdə və həmişə öz zərurətini hiss etdirməkdədir. Quruculuq elə bir anlayışdır ki, onun vasitəsilə insan tarixi keçmişdəki nailiyyətlərini qoruyub saxlamaqla onu gələcək nəsillərə ötürə bilmək və gələcək ideallarını reallaşdırmaq yolunda çox mühüm cəsarət qazanır. Bununla da yeni addımlar atılıb, insanların həyatını kökündən dəyişdirən hər bir uğurlu quruculuq layihəsi başa çatdırıldıqca yeni arzular çiçəklənib boy atır. Odur ki, qurucu­luğu özünün həyat fəlsəfəsi kimi qəbul etmiş insanların həyat və fəaliyyəti də başqalarına nümunə olaraq həmişə yaddaşlarda yaşayır, özündən sonrakı dövr üçün istinad təşkil edir. Buna görə də sülh və sabitlik dövründə istər iqtisadi, istər sosial-humanitar sahədə görülən hər bir quruculuq tədbirinə on illər boyu xalqın rifahında dərin izlər buraxacaq bir əsər kimi də yanaşmaq mümkündür.

Azərbaycanın ən yeni tarixində, onun müstəqil dövlətçilik mübarizəsində mühüm yerə malik olan Naxçıvan Muxtar Respublikasında 1995-ci ildən başlayaraq uğurla davam etdirilən quruculuq öz mahiyyəti etibarilə bir vaxtlar ağır düşmən blokadasına düşmüş, enerji və kommunikasiya xətləri kəsilərək iqtisadiyyatı tamamilə iflic olmuş bir diyarda məhdud iqtisadi imkanlar hesabına başlanıldı. Bu gün isə daha geniş miqyasda davam etdirilərək muxtar respublikamızı investisiya cazibə mərkəzi halına gətirmiş əzmkarlığın nəticəsidir. Bu əzmkarlıq isə elə bir inam və iradənin məhsuludur ki, məhz onun hesabına indi, hətta Naxçıvanın ən ucqar kəndindəki sakinlər də müasir şəhər mədəniyyətinə xas həyat tərzinə qovuşmaqla ötən əsrin 90-cı illərinin ağrı-acısını artıq birdəfəlik unudublar.
Naxçıvanda başlayan quruculuq hərtərəfli olub, müasir insanın bütün əsas ehtiyaclarını ödəyən tələbatlara cavab verməklə əhalinin yaxşı yaşayışına hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. İnzibati idarəetmə, təhsil, səhiyyə, idman, turizm və rekreasiya, mədəniyyət, energetika, su təminatı, rabitə, nəqliyyat, məişət xidməti və digər sahələrdə hər gün rastlaşdığımız tələbatların ödənilməsi üçün keçmiş sovetlərdən qalmış yarıtmaz infrastrukturun yenilənməsi, korlanmış ekoloji vəziyyətin bərpa edilməsi üçün görülən işlər genişmiqyaslı bir qurucu­luq xəritəsinin əsas konturlarını təşkil edir. Beləcə, illər keçdikcə, bu xəritədəki xətlər sıxlaşıb bir-birinə qovuşduqca hər yeni qurucu­luq ünvanı yüz kilometrlərlə uzun yollar, geniş körpülər, bir-birindən yaraşıqlı binalar kimi Sədərəkdən Ordubada, Babəkdən Şahbuza qədər bütün ərazidə Naxçıvana gələn turistləri heyrətləndirən əsərlərə çevrilib.
Bir çoxları quruculuq deyərkən yalnız, sözün dar mənasında, haradasa həyata keçirilən təmir-tikinti, yaxud yenidənqurma işləri başa düşürlər. Doğrudur, bunlar da daxil olmaqla, quruculuq cəmiyyət həyatının hər sahəsini əhatə edən genişmiqyaslı yaradıcılıq sahəsidir. Başqa sözlə, bu gün ucqar bir kənddə aparılan quruculuq təkcə həmin gün istifadə olunan rahat yol, yaxud müasir xidmət mərkəzi demək deyildir. Məsələn, bugünkü quruculuqla ərsəyə gətirilən məktəb sabahımızın savadlı müəllim, həkim və mühəndislərinin yetişdirildiyi ocaqdır. Odur ki, indiki altıyaşlı birincilər 2050-ci illərdə hərtərəfli yetişmiş kadrlar kimi Azərbaycanın inkişafına xidmət edərkən bir zamanlar təhsil aldıqları həmin gözəl binalarda onlara dərs demiş nurlu müəllimləri xatırlayaraq bir daha xəyalən bu günlərə qayıdacaqlar. Qayıdacaqlar ki, bir vaxtlar yay-qış, uzaq-yaxın demədən Naxçıvanın o səfalı kənd­lərini müasirliyə qovuşduran fədakar insanlara, onların rəhbərinə öz minnətdarlıq hisslərini bir daha bildirsinlər. Ona görə də quruculuq, təkcə bir iqtisadi fəaliyyət növü deyil, eyni zamanda insanların sosial bağlarını möhkəmlədən, onlarda yurd sevgisi hisslərini dərinləşdirən bir cazibə qüvvəsidir həm də.
Quruculuq bir düşüncə tərzidir. Zamanın axarında haradasa, nə zamansa tikilən bir bina fiziki və mənəvi aşınmaya məruz qalsa da, insanın quruculuq həvəsi heç zaman köhnəlmir. O, elə bir təbii istəkdir ki, məhz onun vasitəsilə gənclərin yaradıcılıq potensialı üzə çıxarılır, cəmiyyətin min illər ərzində topladığı təcrübə gənc nəslə ötürülür. Bu baxımdan quruculuq insan resurslarının artırılması, onların gücündən səmərəli istifadə olunmasının ən yaxşı yoludur, – desək, yanılmarıq. Çünki düşüncəsində qurucu­luq hissləri hakim olan hər bir şəxs tutduğu vəzifədən və sosial statusundan asılı olmayaraq, sözün əsl mənasında, daşı daş üstə qoymaqla nəyisə sabaha miras qoymaq istəyir. Hələ böyük memar Əcəmi Naxçıvani dövründən formalaşıb bu günümüzədək davam edən “Tikdim ki, izim qala” düşüncə tərzi də məhz, bu mənada, keçmişlə bu günü bir-birinə bağlayan etibarlı mənəvi körpülərin inşasını özündə yaşadan bir mədəniyyəti ifadə edir. Bu fikir insanlığa, onun işıqlı gələcəyinə xidmət edən ali mədəni norma kimi yüz illər ərzində naxçıvanlıların qanına diffuziya etməklə, əslində, onların yaddaşında möhkəmlənmiş bir həyat tərzinə çevrilib.
Quruculuq həm də sabaha inam, uzunmüddətli investisiya növüdür. Belə bir fikir də vardır: o yerdə insan yaşayır ki, orada abadlıq vardır. Və orada abadlıq vardır ki, oranın əzəli və əbədi sakinləri vardır. Bu mənada, Naxçıvanda həyata keçirilən quruculuq ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətimizdə cərəyan etmiş kataklizmlərin vurduğu yaraların üzərinə məlhəm çəkən, insanları yenidən özünə gün-güzəran qurmağa həvəsləndirən bir inam qaynağıdır.
Bu gün ucqar dağ və sərhəd kənd­lərində dövlətin qurub-yaratdıqlarından vəcdə gələn yerli sakinlər də, sanki bir-biri ilə yarışırlarmış kimi villatipli evlərin, bağ-bağçanın inşasına girişiblər. Onlarda bu inamı yaradan isə, şübhəsiz, dövlətin milyonlarla vəsaiti hesabına başa gələn yol və körpülər, kənd və xidmət mərkəzləri, inzibati binalar və sosial xidmət obyektləridir. Bir zamanlar qışda yollarında nəqliyyatın praktik olaraq işləmədiyi, yayda isə yalnız xüsusitipli avtomobillərin keçib gedə bildiyi Ağbulaq indi, turizm cənnəti Naxçıvanın abadlaşan kəndlərinin bir modelidir. Belə ucqar yerlərdə torpağın hər qarışını qiymətli edən müasir quruculuq bölgəyə yeni həyat standartı, yeni keyfiyyət ölçüsü ­qazandırıb.
Və quruculuq savabdır. Tarixən azərbaycanlılarda məskunlaşdıqları hər bir yaşayış məntəqəsini güllü-gülüstana çevirmək, yol çəkmək, körpü salmaq mədəniyyəti formalaşıb. Milli dəyərlərimizin bir hissəsi kimi həmişə yaşadılan bu mədəni nailiyyətlərimiz bu gün də Naxçıvanda həyata keçirilən quruculuğun əsas motivlərindən biridir.

Bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasət tədbirləri çərçivəsində Naxçıvanda yaşayan iqtisadi fəal əhali qədər məhdud fiziki imkanlı və az gəlirli təbəqənin üzvləri də eyni dərəcədə maddi və mənəvi rifahdan faydalanırlar. Bu mənada, “quruculuq hamı üçün” düşüncəsi ilə həyata keçirilən bütün bu işlər haradasa köməyə ehtiyacı olan bir ahılın bütün zəruri tələbatlarının ödənilməsi üçün əsas dövlət zəmanətidir. Bu qayğı əhatəsində yaşayan hər belə vətəndaşımızın da nə işığı, nə qazı, nə suyu kəsilmirsə, isti evində oturub, bu günləri gördüyü üçün Yaradana şükürlər edirsə, bu da hamıya çatan bir savabdır. Qoy, Uca Allah hamıya kömək olsun!

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR