Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə keçirilən tədbir muxtar respublikada yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının qorunması mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov açıb.
Naxçıvan Şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Fariz Nəsirov diqqətə çatdırıb ki, muxtar respublikanın uşaq hüquqları konvensiyasına uyğun olaraq 2018-ci il ərzində təmsil etdiyi qrupun əməkdaşları tərəfindən şəhər ümumtəhsil müəssisələrində bir sıra hüquqi maarifləndirici və profilaktik tədbirlər həyata keçirilib. Bu tədbirlərdə uşaqların yol hərəkəti qaydalarına düzgün riayət etmələri, onların sağlamlığı üçün təhlükə törətməmələri, baş verəcək qəzaların mahiyyəti barədə, həmçinin şəhər ərazisində internet kafe-oyun salonlarında dərsdənkənar vaxtlarını keçirən zaman azyaşlılara sosial şəbəkələrdən düzgün istifadə etmələri barədə məlumatlar və məsləhətlər verilib.
Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsi Veteranları Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Mübariz Quliyev çıxış edib. Bildirib ki, bu tədbirlərin başlıca məqsədi azyaşlı uşaqlarda mənəvi-psixoloji anlayışı formalaşdırmaq, onlarda gələcək üçün təhlükəli həyat riskini azaltmaq və sağlam mühit düşüncəsini inkişaf etdirməkdir.
Sonda 6 nəfərə biometrik şəxsiyyət vəsiqəsi təqdim olunub.
Xəbərlər şöbəsi