23 Dekabr 2024, Bazar ertəsi

Dünən “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransının iştirakçıları muxtar respublikanın tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri­-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Burada duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Burada havanın temperaturu sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
Qeyd olunub ki, vaxtilə mərkəzdə müalicə almaq üçün kifayət qədər lazımi şərait yox idi. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqəti və qayğısı sayəsində 2008-ci ildən mərkəzdə pasiyentlər, tibbi və digər personal üçün hərtərəfli müasir şərait yaradılıb və bura ağciyər xəstəliklərindən əziyyət çəkənlərin ümid yerinə çevrilib. Təsadüfi deyil ki, son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında xəstə qəbul edir. Belə ki, ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Özbəkistan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə, Fransa kimi bir sıra xarici ölkələrdən də gələn insanlar yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişli imkan tapırlar.

Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Xan sarayında konfrans iştirakçılarına məlumat verilib ki, bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.
Diqqətə çatdırılıb ki, bu iqamətgah Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Muzeyin 9 ekspozisiya zalı var. Burada 2000-ə yaxın eksponat yerləşdirilib ki, onlardan 236-sı muzeydə nümayiş etdirilir.
Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, bu abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd xalqımızın mifoloji və dini baxışlarını özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğ edilməsidir. 80 eksponatla fəaliyyətə başlayan mədəniyyət müəssisəsində hazırda 400-dən çox eksponat sərgilənir. Burada mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr, daşla bağlı məişət əşyaları qorunub nümayiş etdirilir.
Təkcə Naxçıvanın deyil, ümumilikdə, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim qalalarından biri olan Naxçıvanqala da qonaqların diqqətini cəlb edib. Bildirilib ki, bu tarixi abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən bərpa edilib. Bu sərəncam təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada kompleksin yaradılması, ümumilikdə, Türk dünyasının tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır. Tanışlıq zamanı burada nümayiş olunan eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib.
Konfrans iştirakçıları Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər. Burada qeyd olunub ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni, XI əsrin ­görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi isə nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. 1919-1920-ci illərdə məşhur realist rəssam Bəhruz Kəngərli Nuh ­Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini altı formada naturadan kətan üzərinə köçürüb.
Diqqətə çatdırılıb ki, tarixi ədəbiyyatda bu abidənin qədim dövrdə mövcud olduğu, VIII əsrdə bərpa edilməsi ilə bağlı məlumatlar da maraq doğurur. Araşdırmalar zamanı məlum olub ki, abidə XII əsrdə də müsəlman-səlcuq memarlıq üslubunda yenidən tikilib. Təbii aşınmalar nəticəsində tikili yenidən dağılıb. Qazıntılar zamanı yalnız abidənin bünövrəsi aşkara çıxarılıb. Tarixdən silinmək üzrə olan türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.
Qeyd edək ki, konfrans iştirakçıları bu gün “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Qarabağlar Türbə Kompleksi ilə də tanış olacaqlar.
Konfrans iştirakçılarının səfər təəssüratlarını oxucularımıza təqdim edirik.
Fırat Purtaş – TÜRKSOY-un Baş katibinin müavini, professor, doktor: – Əvvəlcə onu qeyd edim ki, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin böyük rolu olub. O, həmişə türk xalqları ədəbiyyatlarının dünəninə, bu gününə, qarşılıqlı əlaqələrinə, Türk dünyasının məşhur yazarlarının yaradıcılığına, bir sözlə, türk xalqlarının söz sənətinə böyük diqqət yetirib.
Bu gün Türk dünyasının UNESCO-su və türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat olaraq dahi rəhbərin doğulub boya-başa çatdığı, doğma və bir o qədər də əziz olan Naxçıvanda olmaqdan ayrı bir qürur və sevinc hissi duyuruq.
Bu il yaradılmasının 25-ci ili tamam olan TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda və bu əhəmiyyətli tədbirin keçirildiyi ali təhsil ocağı “Naxçıvan” Universitetində “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin II Beynəlxalq konfransını gerçəkləşdirir. Bu konfransın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış mərasimi ərəfəsində təşkil edilməsinin əhəmiyyəti çox böyükdür. Çünki qədim tarixi və mədəniyyəti olan diyarınız İslam aləmi və Türk dünyasında böyük bir mövqeyə malik olmaqla, özündə türk-islam mədəniyyətinin zənginliklərini birləşdirir. Qabaqcıl şəxsiyyətlər yetişdirən bu müqəddəs məkan, əminəm ki, gələcəkdə də türk-islam mədəniyyəti sahəsində əməkdaşlığın artırılmasında mühüm rol oynayacaq. Biz gələcəyimizi birlikdə inşa etmək istəyiriksə, keçmişimizdən güc almalıyıq, türk-islam mədəniyyəti üçün vacib əsərlər qoyub gedən qabaqcıl şəxsiyyətlərin, irfan məktəbi alimlərinin əsərləri ilə yaxından tanış olmalıyıq. Xüsusilə də gələcəyimiz olan gənclərin bütün bunlardan xəbərdar olması çox vacibdir. Bu baxımdan bugünkü konfransın çox böyük faydası olacaq.
İnanıram ki, TÜRKSOY-un rəhbərliyi altında irfan məktəbinə dair fikir mübadilələri bundan sonra da genişlənəcək, müsəlman ziyalılarından İsmayıl bəy Qaspıralının da ifadə etdiyi kimi: “Dildə, fikirdə, işdə bir” olmağımız üçün göstərilən səylərə kömək edəcəkdir. Türk dünyası olaraq bizim bundan sonrakı vəzifəmiz irfan məktəbinə sahib çıxmaq, mədəniyyət dəyərlərimizi qoruyub saxlamaq və ən əsası gələcəkdə də bu məktəbin davamçılarını yetişdirməkdir.
Kojogeldi Kuluyev – TÜRKSOY-un Qırğızıstan təmsilçisi: – Naxçıvana ilk dəfədir, gəlirəm. Bu şəhər çox xoşuma gəldi, təmizliyi və gözəlliyi ilk tanışlıqda məni valeh etdi. Həqiqətən, Naxçıvan tarixi, mədəniyyəti ilə Türk dünyasında önəmli yerə malikdir. Biz burada “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdik. Konfransda Naxçıvandan, Türkiyədən və digər türk dövlətlərindən elm adamlarının maraqlı çıxışları oldu. Mən isə “Türk dünyası ədəbiyyatında Çingiz Aytmatovun imzası” mövzusunda çıxış etdim. Düşünürəm ki, bu konfrans hamı üçün maraqlı və faydalı oldu. Digər tərəfdən Naxçıvan şəhəri bu il İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıyır. Bununla bağlı da möhtəşəm bir tədbir keçirildi. Bu tədbirlərin hər ikisi bir daha Naxçıvanın Türk və İslam dünyasındakı mövqeyini göstərir.
Naxçıvanın tarixi zənginliyi belə deməyə əsas verir ki, gələcəkdə bu qədim şəhər Türk dünyasının da mədəniyyət paytaxtı ola bilər və sözün həqiqi mənasında, buna layiqdir. Ümumi qənaətim isə belədir ki, Naxçıvan bizim hər birimiz üçün doğma məkandır.
Oğuzxan Aydın – Ankara Yıldırım Bəyazit Universiteti, doktor: – Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması çox böyük hadisədir. Bu münasibətlə Türkiyə Cümhuriyyətinin bir təmsilçisi kimi Şərqin qapısı Naxçıvanda olmaqdan çox böyük qürur duyuram. Çünki duyğuları, düşüncələri, adətləri eyni olan iki xalqın nümayəndələri arasında bundan gözəl hiss ola bilməz.
Naxçıvan İSESCO-nun bu böyük layihəsinin təsadüfən paytaxtı seçilməyib. Hər şeydən əvvəl, Naxçıvan dünyanın bəzəyi, Türk dünyasının döyünən qəlbidir. Bura Nuh yurdu, müqəddəs məkandır. Konfransdakı çıxışlarımız, keçirdiyimiz görüşlər və tanış olduğumuz tarixi zənginliklər İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvan haqqında zəngin təəssüratlarımızın yaranmasına səbəb oldu. Düşünürəm ki, bu gün buradakı bütün qonaqlar Naxçıvanı yenidən kəşf etdilər.
Askar Turganbayev – TÜRKSOY-un Qazaxıstan təmsilçisi: – Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim diyarı Naxçıvanda Türk və İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən tədbirlərdə iştirak etmək bizim üçün çox qürurvericidir. Çünki Naxçıvanın həm Türk dünyasında, həm də İslam dünyasında böyük yeri var. Beş min il bundan əvvəl burada şəhər mədəniyyətinin formalaşması, sonrakı dövrlərdə elm, ticarət və mədəniyyətin inkişaf etməsi, Böyük İpək Yolunun üzərində yerləşməsi Naxçıvanın Şərqlə Qərb arasındakı rolunu daha da gücləndirib.
Naxçıvan tarixin bütün dövrlərində Türk dünyasına, ümumilikdə isə bəşər tarixinə böyük töhfələr verib, görkəmli şəxsiyyətlər bəxş edib. İslamın yayılmasından sonrakı dövrdə isə Naxçıvan İslam mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bu gün Naxçıvandakı türk-islam abidələri bu zəngin tarixi keçmişi bir daha göstərir. Konfransda da bu qədim diyarın zəngin tarixi, mədəni irsi haqqında maraqlı fikirlər söylənildi. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi Naxçıvanın Türk dünyasına yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Digər tərəfdən mən şəhərlə bağlı qənaətlərimi bölüşmək istəyirəm. Səfər müddətində biz Naxçıvan şəhərini də gəzdik, buradakı tarixi abidələrlə, muzeylərlə tanış olduq. Şəhər çox təmiz və gözəldir. Həyat burada sakitcə öz axarında davam edir. Şəhərin simasında qədimlik və müasirlik əhəngdar­lıq təşkil edir. Arxitektura cəhətdən çox nizamlıdır. Hiss olunur ki, Naxçıvanda tarixə böyük sevgi ilə yanaşılır, müasirlik elementlərindən qədərində istifadə olunur. Ümumiyyətlə, Naxçıvanın müasir siması, həyat tərzi yaddaşımızdan uzun müddət silinməyəcək.

 Rauf KƏNGƏRLİ
 Səbuhi HƏSƏNOV
 Əli CABBAROV
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR